Məhkəmə qərarları › İş №2(104)-2089/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2089/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2089/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X12 (sədrlik edən, məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və cavabbdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-902A, KOD 50901004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0.08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və 104.70 kv.m fərdi yaşayış evi İddiaçı adına mülk kimi qeydə alınmışdır.

3. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 826 nömrəli arayışdan görünür ki, Cavabdeh2 (iş üzrə cavabdeh) Göranboy şəhərinin Abbasqulular kəndində qeydiyyatda olmaqla, Göranboy şəhəri İ.Qayıbov küçəsi ev 27 saylı ünvanda yaşayır və ailə tərkibi: arvadı-Cavabdeh1 (iş üzrə cavabdeh), qızları - X4, X5 və X1r.

4. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1946 nömrəli arayışdan görünür ki, İddiaçı adına Goranboy Şəhər İcra Nümayəndəliyinin 2018-2022-ci illər üçün 15 saylı təsərrüfat başına uçot kitabının 3 saylı vərəqində 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur.

5. Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1983-1985-ci illər) 249 №li şəxsi hesabında ailə başçısı X13 olmaqla təsərrüfat üzvlərinin siyahısı arvadı X22, oğlu İddiaçı, qızı X8, gəlini X9, qadınlar X14 və X15, təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.08 ha qeyd olunmuşdur.

6. Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1977-1979, 1980-1982-ci illər) 61-ci şəxsi hesabında ailə başçısı X10 tək təsərrüfat sahibi olmaqla şəhərin 36-cı kvartalından 0.06 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur.

7. Kollegiyanın sorğusu əsasında əldə edilmiş, Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsinin 5-45-1/2-170/24 saylı, 06 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 1998-ci ilə dair sənədləri (təsərrüfatbaşına uçot kitabları) mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən də, şəhərin İ.Qayıbov küçəsi 24 ünvanında yerləşən təsərrüfatda 1998-ci ilədək kimlərin qeydiyyatda olması, həmin dövrlərdə orada neçə yaşayış evinin olması və həmin evlərin kimlərin mülkiyyətinə aid olması barədə sorğunun cavablandırılması mümkün olmamışdır.

8. Kollegiyanın sorğusu əsasında əldə edilmiş, Goranboy Rayon Dövlət Arxivinin 3-48-15RA/2-M-157/6/2024 saylı, 14 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Təsərrüfatbaşına kitabda yalnız 1983-1985-ci illərə aid təsərrüfatbaşına kitabın 249 nömrəli şəxsi hesab nömrəsində ünvan 2 ünvanında İddiaçı və ailə üzvlərinin qeydiyyatı barədə məlumat qeyd olunmuşdur. 1985-ci ildın sonra, yəni 1998-ci ilədək həmin ünvanda kimlərin yaşaması və qeydiyyatda olması, 0.08 sot torpağın kimin mülkiyyətində olması barədə arxivdə mühafizə olunan təsərrüfatbaşına kitablarda heç bir qeyd aşkar edilməmişdir.

9. Məhkəmə kollegiyasına iddiaçı tərəfindən təqdim edilmiş Qaimə-Fakturalardan görünür ki, tikinti materiallarının alınmasına dair 8 ədəd qaimə-fakturanın 2 ədədi İddiaçı, 6 ədədi X7 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X4, X5 və X6 ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,8 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasportla təsdiq edilir. Həmin sənədlərin notarial surətləri iddia ərizəsinə əlavə olunur. Onun vəfat etmiş böyük qardaşı 1951-ci il təvəllüdlü X10 1980-ci ildə evləndikdən sonra hal-hazırda onun mülkü olan ev təsərrüfatından rəsmi qaydada ayrılaraq Goranboy şəhərinin 36-cı kvartal deyilən ərazisindən 0,6 ha torpaq sahəsi almışdır. Lakin, maddi imkanı olmadığından ev tikdirə bilməmiş və müvəqqəti olaraq onun tərəfindən öz sahəsində sənədsiz inşa etdiyi əlavə otaqlarında ailəsi ilə birlikdə qonaq olaraq yaşamışdır. Cavabdeh1 qardaşı qızıdır. Digər Cavabdeh2 Cavabdeh1 əridir. Cavabdeh1 2005-ci ildə Goranboy rayonunun Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmişdir. Cavabdehlər həmin Abbasqulular kəndində özlərinə məxsus torpaq sahəsində hər şəraiti olan yaşayış evi tikdirmişlər və orada yaşamışlar. Həmin kənddə yaşadıqları dövr ərzində onların birgə nikahdan 2006-cı il təvəllüdlü Feyzullayeva Fəridə, 2013-cü il təvəllüdlü Feyzullayeva Kəmalə və 2015-ci il təvəllüdlü Feyzullayeva Həmayə adlı 3 övladı doğulmuş və onlar uşaqları ilə birlikdə daimi olaraq Abbasqulular kəndindəki evlərində yaşamışlar. Qardaşı və onun arvadı 2021-ci ilin oktyabr ayına kimi Bakı şəhərində kiçik qızlarının evində yaşamışlar. Qardaşı 12 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun dul arvadı Goranboya gələrək müvəqqəti olaraq onun evində yaşamışdır. Bundan istifadə edən 1-ci Cavabdeh1 anasına kömək etmək adı ilə onun evinə gəlib-getmiş, qardaşının 40 mərasiminin səhərisi günü isə əri 2-ci Cavabdeh2 və 3 uşağını da, özü ilə gətirərək onun icazəsi olmadan zorla evinə soxulub orada qalırlar. Nə evinə, nə də, torpaq sahəsinə heç bir hüquqlarının olmadığına baxmayaraq hər iki cavabdeh özbaşına əmlakına sahiblik edir və onun icazəsi və razılığı olmadan 4 otaqdan ibarət olan 124,3 m2 yaşayış evinə həyətdən girişi hördürüblər və evin arxasını sökərək çöldən qapı açdırıblar. 2021-ci ilin oktyabr ayından başlayaraq onun mülkiyyəti olan ünvan 3 ünvandakı fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərdən dəfələrlə tələb etdiyinə baxmayaraq onlar hal-hazıra kimi evinə qanunsuz sahiblik edirlər əa evindən çıxmırlar.

12. Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: T.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin evin cavabdeh tərəfindən tikilməsi sübuta yetirilməmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. Belə olan halda iddiaçının həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü , Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 152.2, 157.8, 158.1.2, 158.2, 158.4, 159, 163.1, 164.1, 164.2, 165.1, 178.1, 180.1, 180.4-ci, Mənzil Məcəlləsinin 30.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı və onun nümayəndəsi vəkil X3 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən 104.7 kv.m sahədən ibarət fərdi yaşayış evi və 0.8 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa, **********55-10301 nömrəli texniki pasporta və JN-902A kod 50901004 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsusdur. Cavabdehlər həmin əmlakları zəbt etmişlər. Məhkəmə qeyd edilənləri halları araşdırmadan iddia tələbini rədd edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-457/2024 saylı qətnaməsi ilə (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, X2 (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə,) apellyasiya şikayətinin təmin edilməsi, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı mülki iş üzrə 18 oktyabr 2023cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlarla birlikdə yaşayan uşaqları (X4, X5 və X6) ilə birlikdə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, işin araşdırılması nəticəsində hazırkı işin müəyyən edilən faktiki hallarına maddi hüquq normalarının tətbiqindən belə nəticə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində olan və əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququnun olduğu fərdi yaşayış evindən cavabdehlərin heç bir hüquqa əsaslanmayan istifadəsi iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.2 və MPM-in 49.3, 76.1, 76.2, 77.1, 81, 88, 217.3, 384.0.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdehlər (vəkil X11) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat

22. Azərbaycan Respublikası ALi Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-2539/2024 saylı qətnaməsi ilə (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, X2 (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə,) kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-457/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

23. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə cavabdehin əmlaka sahibliyinin mövcud olubolmamasını müəyyən etmədən onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasının tələb edilməsi suiistifadə olduğu müəyyən edilərsə, belə tələbin irəli sürülməsinin vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşıb-uzlaşmaması yoxlanmalıdır. Nəzərə alınmalıdır ki, haqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152-180-ci maddələri, 560-cı maddəsi və MPM-in 77.1, 217.3, 407 və 416-cı maddələrinə, N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 18 dekabr tarixli qərarı, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə müdafiə edərək, mülkiyyətində olan torpaq sahəsi üzərində olan evin illər öncə onun tərəfindən inşa edildiyini, cavabdeh tərəfin həmin evə heç bir aidiyyətinin olmadığını göstərib, şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh1 atası 2020-ci ilədək ailəsi ilə həmin evdə yaşamışdır. Onun yaşadığı tikili onun tərəfindən tikilmişdir. Təqdim etdiyi qaiməfakturalar da, həmin evin tikintisi üçün alınmış tikinti materallara aiddir. Həmin qaimə fakturaların çıx hissəsi atası Əhmədin adına yazılsa da, həmin qaimə fakturaların da, pulunu o, vermişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, Cavabdeh2 ilə 2006-cı ildə ailə qurmuş və ər evinə köçmüşdür. Cehiz əşyalarını da Cavabdeh2 yaşadığı Goranboy rayonunun Abbasqulular kəndinə aparmışdır. Hazırda da, cehiz əşyaları həmin evdədir. İşi ilə bağlı olaraq əvvəllər mütəmadi olaraq həmin evə gəlib getmişdir. Atasının ölməsindən bir müddət əvvəl, atasına qulluq etmək üçün mübahisəli evə köçmüşdür. Atası 2021-ci ildə ölmüşdür. Mübahisəli evi onun atası və babası tikdirmişdir. Atasının adına Goranboy şəhərinin başqa yerində 0,6 ha torpaq sahəsi olmuş, ancaq orada ev tikilməmişdir. Həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi barəsində onun hər hansı bir hüququ DƏDRX-də qeydə alınmamışdır. Buna baxmayaraq, yaşayış yeri üzrə həmin evdə qeydiyyatdadır. Ona görə də hesab edir ki, mübahisəli ev barəsində onun da istifadə hüquqları vardır. Buna görə də, iddianı əsassız sayır. Sonda cavabdeh şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bibiləri də, birinci instansiya məhkəməsində təsdiq edir ki, evi atası tikmişdir.

27. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının:

28. 43-cü maddəsinə İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülkil Məcəlləsinin:

29. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

30. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il redaksiyasında):

31. Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

32. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd edir ki, iş materialları, əldə olunmuş sənədlər və tərəfərin izahatları ilə müəyyən olunur ki, ünvan 6 ünvan üzrə təsərrüfatbaşına kitabda iki ailə təsərrüfatı, yəni birinci təsərrüfat başçısı X13, 6 nəfər (o cümlədən iddiaçı) ailə üzvü ilə, 2-ci təsərrüfat başçısı X10 4 nəfər ailə üzvü ilə qeyd edilmişdir. Həmin ünvanda Əhməd İsmayılov tərəfindən tikilmiş fərdi yaşayış evində o (babası), baxılan iş üzrə iddiaçı yaşamış, həmin torpaq sahəsində 1980-ci ildə baxılan iş üzrə mübahisəli ev tikilmiş, cavabdeh öz valideynləri ilə birlikdə yaşamışdır. X13 xx.xx.1989-cu ildə vəfat etmişdir. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 35 saylı qərarı ilə mübahisəli evin yerləşdiyi 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. 2005-ci ildə iddiaçı ailə həyat quraraq başqa ünvana köçmüşdür. xx.xx.2021-ci ildə cavabdehin atası vəfat etmiş və o ailəsi ilə anası ilə birlikdə yaşamaq üçün həmin ünvana köçmüş, anasının vəfatından sonra isə öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşamaqda davam edir. İddiaçının istifadəsində olan 104.70 kv.m olan yaşayış evi və hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci ildə onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, tikili 1980-ci ildən tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Evin iddiaçı tərəfindən tikilməsini təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasına mübahisəli ev üçün alınan titkinti materillarına dair iddiaçı tərəfindən təqdim edilmiş Qaimə- Fakturalardan görünür ki, 8 ədəd qaimə-fakturanın 2 ədədi İddiaçı, 6 ədədi cavabdehin babası X7 məxsusdur. İddiaçı mübahisəli evin onun vəsaiti hesabına və onun tərəfindən tikilməsini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. İddiaçının üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev 1980-ci ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Torpaq sahəsi onun mülkiyyətinə keçən zaman isə mübahisəli fərdi yaşayış evi mövcud olmuş, orada cavabdehin valideynləri sonra isə onlarla birlikdə Cavabdeh1 yaşamışdır.

47. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları).

48. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini, yəni fərdi yaşayış evi üzərində hüququn ona aid olmasını bildirmiş və cavabdehlərin hər hansı hüquqi əsas olmadan ona aid evdə yaşadığını göstərmiş və onların sahibliyinin qanunsuz olmasını iddia etmişdir. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi torpaq sahəsinin ona məxsus olması, tikilinin onun tərəfindən tikilməsi, müvəqqəti yaşamaq üçün cavabdehin atası və anasının istifadəsinə verdiyini göstərir. Hazırda cavabdehin atasının vəfat etməsi səbəbindən evin ona qaytarılmalı olmasını, cavabdehlərin özlərinə aid yaşayış yerinin olmasını, onların mübahisəli evə ehtiyaclarının olmamasını göstərir. Lakin mübahisəli evlərin yerləşdiyi torpaq sahəsi cavabdehin babası Əhməd Hüseynova məxsus olmuş, babasının tikmiş olduğu fərdi yaşayış evində hazırda iddiaçı yaşayır, eyni torpaq sahəsində atası tərəfindən mübahisəli fərdi yaşayış evi tikilmiş, atası vəfatınadək orada yaşamış, onun vəfatından sonra oğul övladı olmadığına görə 2021-ci ilin oktyabr ayından ailəsi ilə birlikdə anasının yanına köçmüş, anasının vəfatından sonra evə ailəsi ilə sahiblik etmiş, həmin evdə atasına məxsus olan ev kimi yaşamışdır. X17 tərəfindən torpaq sahəsi iddiaçının adına rəsmləşdirilərkən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən fərdi evinin mövcud olmuşdur. Fərdi yaşayış evində yaşaması və atasının malik olduğu sahibliyin ona keçməsi işin təsdiq olunmuş halıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli tikilinin onun tərəfindən tikilməsi və müvəqqəti yaşamaq üçün iddiaçının atasına verməsini göstərməsinə baxmayaraq bununla bağlı heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh tərəfdən məhkəməyə iki şahid təqdim edilmiş, həmin şahidlər iddiaçının bacıları və cavabdehin isə bibiləri olmuşlar. Həmin şahidlərin ifadəsi ilə müəyyən olumuşdur ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya hər hansı aidiyyəti yoxdur. Həmin ev cavabdehin valideynləri və babası (Əhməd Hüseynov) tərəfindən tikilmiş, istifadəyə verilən vaxtdan isə cavabdehin valideynləri, cavabdeh və digər ailə üzvləri yaşamışlar.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 və ailəsi, yəni atası və anası mübahisəli fərdi yaşayış evi inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. Həmin ev iddiaçının atası, Cavabdeh1 babası Əhmədə məxsus olmuşdur. Sonradan evin yerləşdiyi torpaq sahəsi iddiaçının müılkiyyətinə verilsə də, Cavabdeh1, atası və anası orada yaşamaqda davam etmişlər. İddiaçı isə onların çıxarılması ilə bağlı heç bir cəhd etməmiş, bununla razılaşmışdır. Yəni, Cavabdeh1 və ailə üzvlərinin orada yaşaması iddiaçı ilə olan qohumluq (qardaşlıq) münasibətlərindən qaynaqlanan güvənə əsaslanmışdır. İddiaçının Cavabdeh1nnın valideynlərinin ölümündən sonra cavabdehlərin mübahisəli evdən çıxarmağa cəhd etməsini isə məhkəmə kollegiyası cavabdehlərin güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi kimi, bununlada hüquqdan sui-istifadə kimi qiymətləndirir.

51. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 52 Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1596/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar