Məhkəmə qərarları › İş №2(104)-2097/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2097/2023

20.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2097/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində pul vəsaitini 6 ay müddətinə qaytarmaq şərti ilə borc götürmüşdür. Borcu qaytarmayacağı təqdirdə ona məxsus olan mərasim xidmət sexini İddiaçı adına qeydiyyatdan keçirmək öhdəliyini öz üzərinə götürmüşdür.

2. Cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 8.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş və ona 2 ay müddətinə borcu tam ödəmək üçün möhlət verilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin məktubundan görünür ki, Göygöl rayon notariat kontorunun 05 may 2014-cü il tarixli 4Ə/1-69 saylı alqı-satqı müqaviləsinə əsasən X2 ona məxsus ünvan 1 ünvanda yerləşən əmlak kompleksini Cavabdeh satmışdır. Cavabdeh bu əmlaka (istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən tikili “A”-da 34.0 kv.m ümumi sahəli inzibati bina, tikili “B”-də 24.0 kv.m ümumi sahəli istehsal binası, tikili “D”-də 39.0 kv.m ümumi sahəli qaynaq otağı (yardımçı təsərrüfatı), tikili “E”-də 18.0 kv.m sahəli anbar, tikili “F”-də 8.0 kv.m sahəli anbar, tikili G-da 6.0 kv.m sahəli anbar, tikili “H”-da 22.0 kv.m anbar, “J”-də 16.0 kv.m sahəli anbar, tikili “Ç”-də 13.0 kv.m mişar otağı (istehsal)) xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.000 ABŞ dolları pulun və yaxud borcun qaytarılması müddətinə dolların azərbaycan manatına olan məzənnəsi üzrə pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 28 oktyabr 2021-ci il tarixdə cavabdehə 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bununla bağlı cavabdeh öz xətti ilə qəbz yazaraq, onu imzalamışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, borcu ödəmədiyi təqdirdə ona məxsus olan mərasim xidmət sexini iddiaçının adına qeydiyyata keçirəcəkdir. Cavabdeh hazırkı tarixədək borcunu ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. 21 sentyabr 2022ci il tarixdə cavabdeh yazılı qəbz təqdim edərək iddiaçıdan ona 2 ay müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin həmin müddət artıq sona çatmış, cavabdeh isə 10.000 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməmişdir. Buna görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilməsi, cavabdehdən 8.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112,8 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 329.1, 337.5, 385.1, 739.1 və 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1988-ci ildən qəbir daşlarına şəkil çəkməklə məşğul olur. Onun İddiaçı ilə tanışlığı işinin icrası ilə bağlı olmuşdur. Belə ki, İddiaçı qəbir daşlarının düzəldilməsi və satışı ilə məşğul olur. Onunla 2010-cu il tarixdən iş birliyinə başlamış və ondan yararsız daşlar almaqla rəssam olduğu üçün onlardan yaxşı gəlir götürmüşdür. Sonradan İddiaçı həmin daşları ona pulla satmağa başlamış və qiymətini süni şəkildə artırmışdır. Bu isə onun sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərirdi. 2021-ci ilin payız ayında ona bildirdi ki, daşı Ukraynadan aldığından və ödənişi də dollarla etdiyindən daşların qiymətini qaldıracaqdır. Buna görə də bir şərtlə daşın qiymətini qaldırmayacaq ki, əvvəlcədən qəbzə imza edərək ondan 10000 ABŞ dolları borc aldığını qeyd etsin. Onunla razılaşdı, çünki, işin gedişatına və sifarişə uyğun daş alırdı. Elə ay olurdu ki, 10-14 ədəd, elə ayda olurdu ki, ümumiyyətlə ondan daş almırdı. Qəbz ona təqdim olunduqdan sonra 2000 ABŞ dolları həcmində daş almış və onu da xx.xx.2022-ci il tarixdə qaytarmışdır. Hazırda onun İddiaçı hər hansı borcu yoxdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında yaranan öhdəlik münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı və cavabdeh sahibkardır. Bu isə mübahisənin mülki deyil, kommersiya mübahisəsi olmasını ehtiva edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1070/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), Azər Bayramov və Rəşad Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektləridir və tərəflər arasında yaranan hüquq münasibəti sahibkarlıq fəaliyyəti əsasında yaranmışdır. Belə ki, iddiaçı cavabdehi müvafiq xammal ilə təmin etmiş, cavabdeh isə bu xammaldan istifadə edərək gəlir əldə etməklə müvafiq fəaliyyətini davam etdirmişdir.

13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının MPM-in) 24.1, 31.1, 32.1, 32.2, 32.3, 151-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarına istinad etmişdir. Kassasiya instansiya məhkəməsində icraat

14. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2742/2023 nömrəli qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1070/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadının ləğv olunması və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı fərdi sahibkar (VÖEN: **********) olsa da, cavabdeh fiziki şəxsdir. Onun fiziki şəxs kimi sahibkarlıq subyekti (fərdi sahibkar) olması barədə iş materiallarında sübut (məlumat) yoxdur. Cavabdeh kommersiya hüquqi şəxsi olan “Tengiz” firmasının təsisçisi olsa da, hazırkı mübahisə üzrə, o, həmin firmanın təmsilçisi (təsisçisi) qismində deyil, fiziki şəxs olaraq, cavabdeh qismində cəlb edilmişdir. Belə ki, iddiaçı cavabdehin ondan sadə yazılı qəbz əsasında borc aldığına, hal-hazırda da borcunun bir qismini qaytarmadığına əsaslanaraq cavabdehdən pul tələb edir. Eyni zamanda hazırkı mübahisəni korporativ mübahisələrə aid etmək üçün də heç bir əsas yoxdur. Hazırkı mübahisə o halda kommersiya mübahisəsi hesab edilə bilərdi ki, iddiaçı bu tələbi cavabdehə qarşı deyil, “Tengiz” firmasına qarşı qaldırmış olardı. Bu baxımdan hətta əgər hazırkı işə mahiyyəti üzrə baxılması nəticəsində məhkəmə əslində iddiaçının tələb etdiyi borc məbləğinin cavabdehə deyil, onun təsisçisi olan hüquqi şəxsə verildiyini müəyyən edərsə, onda mübahisəyə əsl olmayan cavabdehə qarşı qaldırılmış iddia tələbinə aid qaydaları tətbiq etməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilməmiş onun mənafeinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı cavabdeh münasibətdə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanmalıdır.

39. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.

40. Çünki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(125)- 2170/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini 28 oktyabr 2021-ci il tarixdə almış və həmin pul vəsaitinin 2.000 ABŞ dolları məbləğində hissəsini İddiaçı qaytarsa da, digər 8.000 ABŞ dolları məbləğində hissəsini hazırki tarixədək qaytarmamışdır.

45. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, aldığı borcu qəbzdə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

47. Azərbaycan Respublikasının MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

48. Azərbaycan Respublikasının MM-in 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Yuxarıda göstərilən hallara görə iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə sübut qismində təqdim etdiyi Z.A.Musayev tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzlə Cavabdeh İddiaçı aldığı 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2.000 ABŞ dolları məbləğində hissəsini qaytardığı müəyyən edilmişdir.

50. Belə ki, Cavabdeh tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində pul vəsaitini 6 ay müddətinə qaytarmaq şərti ilə borc götürmüşdür. Borcu qaytarmayacağı təqdirdə ona məxsus olan mərasim xidmət sexini İddiaçı adına qeydiyyatdan keçirmək öhdəliyini öz üzərinə götürmüşdür.

51. Həmçinin, Cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 8.000 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmiş və ona 2 ay müddətinə borcu tam ödəmək üçün möhlət verilməsini xahiş etmişdir.

52. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan 10.000 ABŞ dolları məbləğində puldan 2.000 ABŞ dolları qaytarıldığından, həmin borc məbləğindən qalan hissənin, yəni 8.000 ABŞ dolları hissəsinin iddiaçıya qaytarılması barədə sübut etmək yükü cavabdehin üzərinə düşür.

53. Cavabdehin hazırda iddiaçıya heç bir borcunun olmaması barədə dəlilləri əsassızdır. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

55. Həm bu əsasa, həm də MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin, borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.

56. Cavabdeh qalan borcu tam qaytarması barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər ödənişlər etdiyi barədə sübutları) məhkəməyə təqdim etməmişdir.

57. Cavabdehin apellyasiya şikayətində göstərdiyi borcu qaytarması barədə dəlili əsassızdır. Çünki, bu yanaşma cavabdehin subyektiv mülahizəsinə söykənir və bununla bağlı cavabdeh kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir.

58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

62. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla əsaslıdır.

63. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(125)-2170/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar