Məhkəmə qərarları › İş №2(104)-2117/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2117/2023

19.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2117/2023 19.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azərbaycan” Məhdud Məsuliyyətli QBKT cavabdehlər Cavabdeh, X5 və X6 qarşı məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2618.16 manat, faiz borcu üzrə 149.60 manat olmaqla cəmi 2767.76 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azərbaycan” Məhdud Məsuliyyətli QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 22 oktyabr 2014-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin olunmuşdur. X1 etiraz verərək Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 22 oktyabr 2014-cü il tarixli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 22 oktyabr 2014-cü il tarixli məhkəmə əmri ona rəsmi qaydada çatdırılmamış, qeyd olunan məhkəmə əmri barədə xx.xx.2023-cü il tarixdə yaşa görə təqaüd aldığı zaman məlumatı olmuşdur. Belə ki, təqaüdünü bankomatdan çıxardığı zaman təqaüdündən 154.94 manat tutulduğunu görmüş, bu barədə bank əməkdaşlarına bildirdikdə, ona məhkəmə əmrinə əsasən təqaüdünə tutma yönəldildiyini bildirmişlər. Daha sonra Bərdə rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş, orada da onun və digər borclular Cavabdeh və X4 barəsində məhkəmə əmri olduğunu bildirmişlər. Yalnız bundan sonra həmin məhkəmə əmrinin surətini almış və ona qarşı etiraz vermişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı ilə X1nun verdiyi etiraz geri qaytarılmışdır. X1 həmin qərardaddan şikayət verərək Ağdam Rayon Məhkəməsinin 03 iyul 2023cü il tarixli 2(013)-2538/2014 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan məkəmə baxışı barədə onlara heç bir məlumat verilməmiş və məhkəmə onların iştirakı olmadan qərardad qəbul etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadını rəsmi olaraq xx.xx.2023cü il tarixdə almış və şikayət vermək üçün nəzərdə tutulmuş müddəti keçirməmişlər. Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 14 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının 29 avqust 2023-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 14 iyul 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 281.3-cü maddəsinə əsasən məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 282-ci naddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi məhkəmə əmrinə qarşı verilmiş etirazı geri qaytararkən qeyd etmişdir ki, borclu A.F.Qasımov qeyd edilən xx.xx.2023-cü ildə etiraz vermişdir. Belə ki, o, etiraz vermək üçün Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə turulmuş 10 gün müddəti ötürmüşdür. Borclu A.F.Qasımov məhkəmə əmrinə etiraz verərkən müddətin bərpa olunmasına dair vəsatət verməmişdir. Məhkəmə hesab etmişdir ki, etriraz onu vermək üçün nəzərdə tutulmuş müddət buraxıldıqdan sonra verildiyindən borcluya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-2538/2014 saylı mülki iş üzrə 22 oktyabr 2014-cü il tarixli məhkəmə əmrinin həmin tarixdə tərəflərə, o cümlədən X1na göndərilməsi barədə məktub olsa da, həmin məhkəmə əmrinin X5 tərəfindən qəbul edilməsi ilə bağlı rəsmi sənəd iş materiallarında aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi X1nun məhkəmə əmrinə etiraz vermək üçün nəzərdə tutulmuş müddəti ötürdüyünü, həmçinin etiraz verərkən müddətin bərpa olunmasına dair vəsatət vermədiyini qeyd etsə də, iş materiallarından sonuncunun həmin məhkəmə əmrini nə vaxt qəbul etdiyini, onun hansı vaxtdadək həmin hüququndan istifadə edə biləcəyini müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə əmrinə verilmiş etirazı geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 14 iyul 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2538/2014 saylı mülki iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı 14 iyul 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Məhkəmə əmrindən verilmiş etiraza yenidən baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar