Məhkəmə qərarları › İş №2(104)-2122/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2122/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2122/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsi ilə (sədrlik edən F.Babaşov) iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, Cavabdeh 62 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsi qərar qəbul edərkən iddiaçı iddia ərizəsinə onun işləyib işləməməyi barədə sənədlər təqdim etməmişdir. Onun ikinci ailəsindən xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşağı vardır, qətnamə qəbul edilərkən həmin uşağın olmasını nəzərə almamışdır. Halbuki ölkədən minimum əmək haqqı iki uşağa kəsilən alimentdən azdır.Bu da onu deməyə əsas verir ki, o gələcəkdə alimenti ödəyə bilməyəndə həbs oluna bilər. Hal-hazırki vəziyyətdə də onun aliment borcu vardır. Hakim qətnamə qəbul edərkən tərəflərin vəziyyətini nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya dəlillərində xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin olunmayan hissəsi isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 260908 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2014-cü ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 236 nömrə ilə qeydə alınmışdır. Bərdə regional “Asan-Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 425869 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 280 nömrə ilə qeydə alınmışdır. Bərdə regional “Asan-Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 664745 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2606 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 373764 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü ildə Bərdə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 318 nömrə ilə qeydə alınmışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT-032/2023-00334 nömrəli arayışdan görünür ki, mediasiyada iştirak edən tərəflər İddiaçı və Cavabdehdur. İş materiallarında olan 24365 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 2012-ci ildə faktiki ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 260908 nömrəli və Bərdə regional “Asan-Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 425869 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr ilə Cavabdeh xx.xx.2014-cü ildə İddiaçı doğulmuş X3 və xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminat səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, 08 may 2023-cü ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, Nuranə və Fatimənin azyaşlı olmaqla, xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(021)-2329/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar