Məhkəmə qərarları › İş №2(104)-2161/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2161/2025

30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2161/2025 30.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 41/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 ataları İddiaçı himayəsində qalması məqsədə uyğun hesab edilmişdir.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixoloji Ekspertiza Mərkəzinin rəylərinə əsasən, xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 ataları İddiaçı ilə bağlılığını nəzərə alaraq, birgə yaşamalarını uşaqlara müsbət təsir edəcəyi nəticəsinə gəlmişdir.

3. Üçüncü şəxs Gədəbəy RİHB-nın nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy RİHB yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə araşdırma aparmış və azyaşlı uşaqlar 10 yaşına çatdıqları üçün onları fikri nəzərə alınaraq, atalarının himayəsində qalmasının məqsədəuyğunluğu barədə rəy vermişdir. Məhkəmə araşdırmasında o, bu rəyin düzgün olduğuna əmin olmuşdur və rəyi müdafiə edir.

4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2026-cı il tarixli, 3-38-33/2-34-26 saylı məktubundan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar: xx.xx.2023 ölkəyə giriş, xx.xx.2024 ölkədən çıxış, xx.xx.2024 ölkəyə giriş, xx.xx.2025 ölkədən çıxış, xx.xx.2025 ölkəyə giriş

5. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 2016-2019-cu illərdə ölkə sərhədlərindən mütəmadi olaraq giriş-çıxış etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi, 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X6, xx.xx.2014cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X9 doğulmuşlar.Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşaslar da, sonradan cavabdeh ona xəyanət etdyinə görə ayrılmışlar. Xəyanət hadisəsi ifşa oluduqdan sonra cavabdeh uşaların hər üçünü evdə qoyub xalasigilə getmişdir. O, uşaqları cavabdehin valideynlərinə vermək istəmiş, lakin onlar imtina etmişlər. Bundan sonra cavabdeh onun evdə olmadığı bir vaxtda evə gəlib uşaqları aparmaq istəmiş, Aytac və Aysun onunla getməkdən imtina etmiş, Amir azyaşlı olduğuna görə cavabdeh onu qucağında evdən aparmış və aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. Lakin Aytac və Aysun analarının yanında qalmaq istəməmiş, onun yanına gəlmişlər.Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır və onunla yaşamaq istədiyini bildirirlər. O, bir ata kimi övladının təhsili, tərbiyəsi ilə məşğul olmaq istəyir. Övladları onun yanında daha yaxşı böyüyür və tərbiyə alır. Cavabdeh ayrıldıqları vaxtdan uşaqlarla görüşməmiş, görüşmək istədiyini bildirməmişdir.

8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ataları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir.

9. Məhkəmə ekspert rəylərinə istinad edərək belə nəticəyə gəlmişdir ki, azyaşlı uşaqlar xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ataları İddiaçı himayəsində saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, tərəflərin ailə münasibətlərindən doğulmuş X9 cavabdehin himayəsində olduğundan və iddiaçı cavabdehin gəlirlərinin olması barədə heç bir sübut təqdim etmədiyindən, iddia tələbi aliment hissəsində təmin edilməməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin olunmamış alimentlə bağlı hissəsində ləğv olunmasını, həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın aliment hissəsində qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 artıq 5 ilə yaxın müddətdir ki, iddiaçının yanındadır və həmin müddətdə ərzində hazırki iş üzrə cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərməmiş, əksinə birgə nikahlarından olan digər övladları xx.xx.2018-ci il tarixdə X1 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği iddaçı tərəfindən ödənilməsi bir neçə gün gecikəndə cavabdeh müxtəlif instansiyalara şikayətlər edərək iddiaçını məsuliyyətə cəlb edilməsini xahiş etmişdir, baxmayaraq ki, tərəflərin birgə nikahlarından olan 2 uşağa iddiaçı baxır və uşaqların hər təminatını qarşılamaq məcburiyyətindədir, uşaqlar isə günü-gündən böyüyür və ehtiyacları və saxlama xərcləridə artır. Lakin məhkəmə bu halları nəzərə almamış, nəticədə iddianın aliment hisəssində təmin edilməməsi barədə qətnamə qəbul etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1200/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qərardadı ilə (hakimlər Mustafa Mustafayev sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan hazırkı mübahisəyə və iddianın əsasına artıq hüquqi qiymət verilmişdir (Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-441/2022 saylı qətnaməsi). Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı (xx.xx.2023-cü il tarixli) mövcuddur. Tərəflər arasında yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişikliyin olmaması, belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2724/2023 saylı qərarı ilə hazırkı iş üzrə uşaqların hansı valideynin yanında qalması məsələsinə hüquqi qiymət verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Məhkəmə qərardad qəbul edərkən iş üzrə verilmiş rəyləri və uşaqların ifadələrini nəzərə almayaraq, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2510/2025 saylı, 08 oktyabr 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2025-ci il tarixli, 2(104)-1200/2025 saylı qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, analoji mübahisələr davam edən münasibətlərdən irəli gəldiyi üçün uşağın kiminlə qalması məsələsinin həll edilməsi barədə məhkəmə qətnaməsinin olması yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.8-ci bəndinə görə bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılması zamanı iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən, iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh X2 qarşı hər hansı yeni əsaslar olmadan “uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ilə Gədəbəy rayon məhkəməsinə müraciət etməsini qeyd etsə də, məhkəmənin iddiaçının istinad etdiyi əsasların (uşaqların anaya verilməsinə dair icra sənədinin icrasının mümkün olmaması, uşaqların atanın yanında qalmaq istəmələri və s.) yeni olub-olmamasına, iddiaçının istinad etdiyi halların qanuni qüvvəyə minmiş məhkəmə aktlarında göstərilən hallarla eynilik təşkil edib-etməməsinə aydınlıq gətirməsi işdən görünmür. Məhkəmə iclas protokolundan da apellyasiya instansiyası məhkəməsinin bu xüsusatda hər hansı araşdırma aparması, xüsusilə əvvəlki məhkəmə qərarının icrasının qeyri-mümkünlüyü səbəbindən icra sənədinin geri qaytarılmasına dair iddianın dəlilinə qiymət verilməsi müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiasının əsasını təşkil edən dəlillərlə əvvəlki mübahisə üzrə etirazının əsası kimi istinad etdiyi dəlillərin (əsasların) yeni və ya eyni olub-olmamasına qiymət vermədiyi üçün iş üzrə icraata xitam verilməsinin əsaslılığını da müəyyən etmək olmur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə istinadən iş üzrə icraata xitam verilməli olması barədə gəldiyi nəticə əsaslı olmamışdır.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci, 262-ci, 407.2-ci və 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, uşaqlar hazırda iddiaçının yanındadır. İddiaçı digər uşağa görə hər ay aliment ödəyir. İddiaçı istəyirki qarşı tərəf alimentdən imtina etsin. Dörd ildən çoxdur ki, ata uşaqlarına baxır. Uşaqlar analarını istəmir və onun yanına getmirlər. Psixologi ekspertiza təyin olunmuşdur. Faiq hazırda Rusiyadadır. O, Rusiyaya gedib-gəlməklə ticarət edir və qazanc əldə edir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, hazırda X11 xadimə işləyir və aylıq 400 manat maaş alır. Əgər iddiaçı uşaqlara baxa bilmirsə, uşaqları ona verə bilər. Uşaqlara iddiaçı tərəf psixoloji təsirlər edirlər. İddiaçı Rusiyaya gedən zaman heç kəsə xəbər etmir. O, qardaşı ilə yaşayır. Uşaqlarının himayəsini heç kəsə vermək fikrində deyil. İddiaçı ilə barışmaq istəmirəm.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan vəkil vasitəsi ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:

25. 49.2-49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

26. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

27. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

28. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

29. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

30. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

31. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

32. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

33. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

34. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

35. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

36. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

45. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

46. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən alimentin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi ilə tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ataları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin olunmamış alimentlə bağlı hissəsində ləğv olunmasını, həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırda onun Aytac və Aysun adlı uşaqlarını onun himayəsində saxlamaq istəməsi ilə bağlı kollegiya qeyd edir ki, analoji mübahisələr davam edən münasibətlərdən irəli gəldiyi üçün uşağın kiminlə qalması məsələsinin həll edilməsi barədə məhkəmə qətnaməsinin olması yeni əsaslarla iddia qaldırılmasına mane olmur.

53. Məhkəmə kollegiyası qətnamənin alimentlə bağlı hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 78.2-ci maddədə isə qeyd olunur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026-cı il üçün isə 260 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ildən hazırki günədək qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına mütəmadi olaraq gedib-gəlir, orada ticarətlə məşğul olur. Cavabdeh isə hazırda X11 xadimə işləyir və aylıq 400 manat maaş alır. İş üzrə iddiaçı tərəf cavabdehdən bir uşaq üçün 235 manat aliment tələb etsə də, cavabdehin maddi imkanının yaxşı olması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.

54. Kollegiya qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Tədqiq edilmiş iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı münasibətdə az təminatlıdır. İddiaçı himayəsinə verilmiş uşaqların saxlanılması üçün maddi imkanı vardır. Onun uzun illər ərzində qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına gedib-gəlməsi iş materialları, işdə iştirak edən şəxslərin izahatları və əldə edilmiş sorğu məlumatları ilə təsdiqini tapmışdır. Cavabdeh isə maddi durumu aşağı olmaqla, hazırda qardaşının himayəsində bir az yaşlı uşağı ilə birlikdə yaşayır. Daimi iş yeri və sabit gəliri vardır. Aylıq 400 manat qazanc əldə edir. Həmçinin, ona himayəsində olan, xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün məhkəmə qətnaməsi ilə aliment təyin edilmişdir.

55. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. İddiaçı tələbində bir uşaq üçün 235 manat aliment tələb etmişdir. Mübahisələndirilən hissə iki uşağa görə 470 manat olmaqla, il ərzində 5640 manatdır ((235x2)x12=5640). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan çox olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilər.

58. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar