Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2163/2023 08.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(076)-1253/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiаçı İddiaçı Cavabdeh qаrşı “aliment” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh uşaqları X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında narazılıqlar yarandığı üçün hazırda ayrılıblar və ər-arvad münasibətləri kəsilmişdir. Hazırda uşaqları onun (iddiaçının) himayəsindədir və uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Valideyinlərinin himayəsində yaşayır. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət gədər gəliri var. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(076)-1253/2023 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddiа qismən təmin edilərək, cаvаbdeh Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat alimentin tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutulmaraq İddiaçı ödənilməsi, Cavabdeh 53,6 (əlli üç manat altmış qəpik) manat dövlət rüsumu tutulması dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Doğum haqqında şəhadətnamələrin sürərtlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Apellyasiya şikayətinin dəlilləri. Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(076)-1253/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 08 iyul 2023-ci il tarixli, 2(076)-1253/2022 saylı qətnaməsinin dəyişdirilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edir ki, cavabdeh Şəmkir-Bakı arası mikroavtobus sürür. Aylıq qazancı təxminən 2000 manat təşkil edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(076)-1253/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilməli və hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etsə də gəlirləri ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmiş, birinci instansiya məhkəməsi də cavadbehin gəlirləri ilə bağlı hər hansı bir araşdırma aparmamışdır. İddiaçı apellyasiya şikayətində cavabdehin təxminən aylıq 2000 manat gəlirə malik olduğunu iddia etmiş, cavabdeh isə məhkəməyə gəlməməklə yanaşı, iddiaçının bu arqumentinə qarşı hər hansı bir etiraz da irəli sürməmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin qət etdiyi məbləğdən artıq aliment ödəmək imkanına malik olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası uşaqların ananın himayəsində olmasını, onların qayğılarının çəkilməsinin ananın üzərinə düşməsini, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instasniya məhkəməsinin qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilməli və hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(076)-1253/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2023-ci il tarixli, 2(076)-1253/2023 saylı qətnaməsi Cavabdeh tutulan aliment məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.