Məhkəmə qərarları › İş №2(104)-2196/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2196/2025

12.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2196/2025 12.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və X6 (bundan sonra – cavabdeh(lər)) qarşı “baba-nənədən aliment” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1192/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ilə X13 2010-cu ildə ailə qurmuşlar. Onların nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur.

2. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-767/2020 nömrəli qətnaməsi ilə, X13 ilə X10 arasında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 X4 xeyrinə hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat aliment tutulması qət edilmişdir.

3. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-115/2021 nömrəli qətnaməsi ilə X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Göygöl Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 49 nömrəli sərəncamına əsasən Cavabdeh1 övladı X9 qəyyum təyin edilmişdir.

4. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlara əsasən, Cavabdeh1 Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində süpürgəçi işləyir və əmək haqqı 433 manatdır, aktiv krediti vardır.

5. X11 isə “X20” ASC-də fəhlə işləyir və 400 manat əməkhaqqı alır, habelə, əmək pensiyaçı subyektidir.

6. İddiaçı "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir işləyir və onun əmək haqqısı 453,63 manat təşkil edir.

7. İddiaçının atası Nümayəndə 361.76 manat yaşa görə pensiya alır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 246 manat cəmi iki uşağa 492 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə 2010-cu il tarixində ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Təəssüf ki, onların ailəsi dağılmışdır. Keçmiş həyat yoldaşı X13 nə uşaqlar ilə maraqlanır, nə onlara maddi dəstək göstərir, nə də onların həyatında hər hansı iştirak edir. Bu illər ərzində uşaqlara baxmaq və onları böyütmək bütünlüklə onun üzərinə düşmüşdür. Ən ağrılısı isə odur ki, X13 məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətli olmayan şəxs kimi tanınmışdır. Bu səbəbdən, nə işləyə, nə də qanuni olaraq aliment ödəyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, əgər valideyn uşağa baxmaq iqtidarında deyilsə, bu vəzifə baba və nənənin üzərinə keçir. Lakin uşaqların babası X11 və nənəsi Cavabdeh1 nə maddi, nə mənəvi baxımdan heç bir yardım göstərmirlər. Bu gün onların nəvələri ehtiyac içində böyüyür. Bu uşaqların qidası, geyimi, tibbi xidmətləri, bağça və gündəlik ehtiyacları təkbaşına onun çiynindədir. 10.Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə çıxış edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qızı onun yanında yaşayır, nəvələrinə baxırdı, indi isə qarşı tərəfin də baxmasını istəyir.

11. Məhkəmə iclasına iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, özü və həyat yoldaşı yaşlıdır, oğlu məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab olunduğu üçün işləmir, ancaq fiziki olaraq iş qabiliyyəti vardır.

12. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(066)-1192/2025 nömrəli qətnaməsi (hakim: Leyla Hüseynzadə) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin əmlak-gəlir vəziyyəti və ölkə üzrə əmək pensiyaçıların yaşayış minimumu qiymətləndirilməklə bərabər, əmək pensiyaçı əhalinin sosial həssas və qayğıya ehtiyac olan təbəqə olması, onların əmək, sağlamlıq, qulluq ehtiyacları da nəzərdən keçirilməlidir.

14. Eyni zamanda məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin istinad olunan 56, 75 və 89-cu maddələrinin tövsifindən uşaqların qayğısına qalmaq və onları saxlamaq ilkin olaraq bərabər hüquqlu valideynlərin borcu kimi qeyd edilir. Hazırki halda valideynlərdən birinin fəaliyyət qabiliyyəti olmayan olması, digər valideyni bu vəzifədən azad etmir.

15. Məhkəmə həmin nəticəyə gələrkən “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3.1 və 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 55.2, 56.1, 58, 59.1, 75.1, 75.4, 78 və 89-cu maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 13-cü maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

16. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1192/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ata Səbuhi Mərəndiyski fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdirsə, xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün kimdən aliment tələb edilməsi olduğu bilinmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. Onun hazırda altmış dörd yaşı tamam olmadığı üçün pensiya almır. Qızı “AL marketdə” işləyir. Kürəkəni aliment vermir. Lakin, özü də hazırda təsərüffatla məşğul olmaqla işləyir. Fəaliyyət qabiliyyəti əgər olmasaydı işləyə bilməzdi. Şəkər qızının uşaqları ilə birlikdə yaşadıqları evin onlara qalmasını bildirmiş və ev tikmək üçün onlara 2024-cü ildə 19000 manat pul vermişdir. Həmin pulun üstünü düzəldib qızına ev tikmişdir. Uşaqlara aliment baba və nənədən tutulmalıdır. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, X13 onun oğludur. Oğlunun hazırda fəaliyyət qabiliyyəti yoxdur və buna görə də təxminən 390 manat pensiya alır. 2024-cü ildə 19000 manat kredit götürmüş və o pulu gəlini gilə vermişdir. Hazırda kredit ödəyir. Gəlini oğlu ilə yaşamaq isətməmiş və boşanmışdır. Oğlunun saxlanması onun üzərindədir. Əridə də xəstədir, aldıqları əmək haqqı və pensiya özlərinə yetmir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Cavabdeh X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

23. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

25. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

26. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

27. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

29. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

“Uşaq hüquqları haqqında” Konvensiya

30. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1192/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə X13 2010-cu ildə nikaha girmişdir. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)- 767/2020 nömrəli qətnaməsinə əsasən X13 ilə X10 arasında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 X4 xeyrinə hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat aliment tutulması qət edilmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-115/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, onun üzərində anası qəyyum təyin edimiş və bundan sonra alimentin tutulmasına dair icra işinin icraatı dayanmışdır.

49. Hazırda iddiaçı cavabdehlərə qarşı yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün baba və nənədən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi ilə əsaslandırılmışdır.

50. Birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdıraraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)- 1192/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına və tətbiq olunmalı hüquq normalarına uyğundur.

52. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar və bu borc birbaşa valideynlərin üzərinə düşür. Həmin Məcəllənin 89-cu maddəsində isə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin saxlanması üçün valideynlərindən maddi yardım ala bilmədikləri hallarda, buna zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququ nəzərdə tutulmuşdur.

53. Məhkəmə qeyd edir ki, baba və nənənin aliment öhdəliyi valideynlərin aliment öhdəliyinə nisbətən subsidiar xarakter daşıyır və yalnız valideynlərin bu öhdəliyi yerinə yetirməsinin obyektiv şəkildə mümkün olmadığı, eləcə də baba və nənənin buna kifayət qədər maddi imkanlarının olduğu hallarda tətbiq edilə bilər.

54. İş üzrə müəyyən edilmişdir ki, uşaqların atası məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Lakin valideynlərdən birinin fəaliyyət qabiliyyətsiz olması digər valideyni uşaqları saxlamaq borcundan azad etmir. İş materiallarından görünür ki, uşaqlar analarının himayəsindədir və iddiaçı valideyn kimi uşaqların saxlanması və təminatı ilə bağlı əsas məsuliyyəti daşıyır, o, əmək fəaliyyəti ilə məşğuldur və əmək haqqı alır.

55. Eyni zamanda iş üzrə cavabdehlər – baba və nənə – əmək pensiyaçısı yaşında olmaqla yanaşı, aşağı məbləğdə əmək haqqı və pensiya alırlar, Cavabdeh1 aktiv olan kredit öhdəliyi vardır və məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, bu kredit öhdəliyi 19000 manatdan ibarət olmuş və bu vəsait iddiaçıya verilmişdir.

56. Birinci instansiya məhkəməsi tərəfindən onların maddi vəziyyəti, əmək qabiliyyəti, yaş amili və sosial həssas təbəqəyə aid olmaları hərtərəfli qiymətləndirilmişdir.

57. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, pensiyaçılar üçün yaşayış minimumunun məbləği nəzərə alındıqda, cavabdehlərin əldə etdiyi gəlirlərin yalnız öz minimal yaşayış tələbatlarını ödəməyə yönəldiyi, əlavə olaraq aliment öhdəliyi daşımaq üçün kifayət qədər artıq vəsaitə malik olmadıqları müəyyən edilmişdir.

58. Bununla yanaşı, məhkəmə iş üzrə tərəflərin ailə-maddi vəziyyətinin hərtərəfli qiymətləndirilməsi məqsədilə iddiaçının yaxın qohumlarının da sosial-iqtisadi durumunu nəzərə alır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, iddiaçının atası Nümayəndə yaşa görə aylıq 361,76 manat məbləğində əmək pensiyası alır.

59. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması ilə bağlı məsələlərdə ailə üzvlərinin qarşılıqlı yardımlaşma prinsipi nəzərə alınmalı, aliment öhdəlikləri isə qanunvericilikdə nəzərdə tutulmuş ardıcıllıq və hüquqi mexanizmlər çərçivəsində tətbiq edilməlidir. Uşaqların baba və nənəsindən aliment tutulması müstəsna xarakter daşıyır və yalnız valideynlərin uşaqların saxlanmasını təmin edə bilmədiyi, eləcə də aliment öhdəliyinə cəlb olunan şəxslərin buna kifayət qədər maddi imkanlarının olduğu hallarda mümkün hesab edilə bilər.

60. İş materiallarından görünür ki, uşaqlar faktiki olaraq iddiaçının valideynlərinin – o cümlədən atası Nümayəndə yaşadığı ailə mühitində böyüdür və uşaqların gündəlik saxlanması, məişət və digər zəruri ehtiyaclarının təmin olunmasında iddiaçının valideynlərinin də faktiki iştirakı mövcuddur. Bu hal məhkəmə tərəfindən ailədaxili real münasibətlərin qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

61. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının arqumetlərindən çıxış edilsə iddiaçının öz valideynləri də baba və nənədir və onlarda uşaqların saxlanması üçün aliment öhədliyi daşımalıdır.

62. Bu cür yanaşılma ilə bağlı qeyd edilməlidir ki, uşaqların saxlanmasına dair məsuliyyət yalnız ata xətti üzrə baba və nənənin üzərinə yönəldilə bilməz. Ailə münasibətlərinin mahiyyəti və sosial ədalət prinsipi baxımından uşaqların saxlanması ilə bağlı məsuliyyət ailə üzvlərinin real imkanları və faktiki iştirak səviyyəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu baxımdan, iddiaçının valideyni olan baba – Nümayəndə da müəyyən edilmiş pensiya gəlirinin mövcudluğu, uşaqların faktiki olaraq həmin ailə mühitində saxlanılması halları ilə birlikdə götürüldükdə, yalnız cavabdehlər olan ata baba və nənəyə aliment öhdəliyinin yüklənməsi mütənasiblik və balans prinsiplərinə uyğun hesab edilə bilməz. Həmçinin, uşaqların ata tərəfdən baba və nənəsinin maddi vəziyyəti ilə yanaşı, ana tərəfdən ailə üzvlərinin də real imkanlarının qiymətləndirilməsi sosial ədalət və mütənasiblik prinsiplərinə uyğundur. Aliment öhdəliyinin yalnız ata tərəfdən baba və nənənin üzərinə qoyulması, digər tərəfdən ailədaxili yardım imkanlarının mövcudluğu nəzərə alınmadan qərar qəbul edilməsi, tərəflər arasında balansın pozulmasına və qanunvericiliyin məqsədinə zidd nəticələrə səbəb ola bilər.

63. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi uşaqlarəın öğz vaıideynlərindən yardım ala bilməməsi və zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment alınmasını əsas tutmuşdur. İddiaçı valideyn olmaqla əmək qabiliyyətlidir, o, əmək fəaliyyəti ilə məşğuldur ki, belə olan halda uşaqların ana olan iddiaçıdan saxlanması üçün xərc almaq hüquqları vardır.

64. Eyni zamanda cavabdehlərin zəruri vəsaitə malik olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı özü də uşaqların valideyni olmaqla, onları saxlamaq vəzifəsini daşıyır.

65. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ailə mühitində müəyyən maddi dəstək imkanlarının mövcudluğu, cavabdehlərin isə yaş, sağlamlıq və məhdud maddi imkanları, o, cümlədən cavabdehlərin kredit öhdəliyinə malik olması şəraitində Ailə Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş aliment öhdəliyinin tətbiqi üçün zəruri hüquqi və faktiki əsaslar formalaşmamışdır.

66. Bundan əlavə, apellyasiya şikayətində istinad edilən uşağın üstün mənafeyi prinsipi məhkəmə tərəfindən nəzərə alınmış, lakin bu prinsip digər şəxslərin – xüsusilə sosial cəhətdən həssas təbəqəyə aid olan baba və nənənin hüquq və qanuni maraqları ilə balanslaşdırılmışdır.

67. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən baba və nənənin aliment ödəmək üçün kifayət qədər maddi imkanlara malik olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

68. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

70. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan çox olduğundan (492 x 12 = 5.904 manat) Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilər.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-1192/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar