Məhkəmə qərarları › İş №2(104)-2221/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2221/2025

08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2221/2025 08.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması və silinməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadının surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-859/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmışdır.

2. Apellyasiya şikayətinə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-945/2025 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

3. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsi və “Ağdam Rayonu Kəngərli kənd tam orta ümumtəhsil məktəbində” müəllim, ümumi təhsil məktəbi/fizika, ümumi təhsil məktəbi/din işlərində çalışmaqla, aylıq, 530,67 manat, 538,73 manat və 400 manat əməkhaqqı alır.

4. Məhkəmə kollegiyasına təqdim edilmiş Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Hyundai markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın BDYPİ-nin MİS-də yoxlanılan zaman mülkiyyətçisi xx.xx.2023-cü il tarixdən X10r. Eyni zamanda həmin nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixdən etibarən Cavabdeh məxsus etibarnamə mövcuddur.

5. Məhkəmə kollegiyasına təqdim edilmiş “İş yerinə dair” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək müqaviləsi ilə ofisant işində işləyir və 200 manat əmək haqqı alır.

6. Bundan başqa, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh məxsus olduğu iddia edilən fotoşəkillərdən görünür ki, Cavabdeh avtomobil idarə edir və “repetitor” fəaliyyəti ilə məşğul olur. Lakin kollegiya təqdim edilmiş həmin sübutlara mənbəyi göstərilmədiyi və əsaslandırılmadığı üçün tənqidi yanaşır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı rayon məhkəməsinə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş, yəni indeksasiya edilmiş xx.xx.2014- ci il təvəllüdlü X7 görə olan alimentin miqdarnın azaldılaraq, 2-ci nikahından olan 3 azyaşlı övladının da olması səbəbinə görə hazırkı minumum əmək haqqının 4 övladın arasında bərabər hissədə bölünməsi və uşaqların sayına uyğun olaraq, yenidən ilk nikahından olan oğlu X1 üçün sabit məbləğdə alimentin müəyyən edilməsi barədə və ya bu mümkün olmazsa, minumum əmək haqqının 4 övladı arasında bərabər hissədə misliləndirilməsi barədə və ya mislinin müəyyən edilməsi barədə və həmçinin 8(066)-24/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş minumum əmək haqqının 100 misli hədində olan alimentin xx.xx.2025-ci il tarixdən bu günə qədər olan hissəsinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə ondan bir uşağa görə 400 manatdan çox aliment tutmaqla qanunsuzluğa yol vermiş, maddi hüquq norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarını düzgün tövsif və tətbiq etməmiş, mövcud reallıqdan və məhkəmə praktikasından kənar qərardad qəbul edilməklə onun 2-ci ailəsindən olan 3 azyaşlı və məktəbli övladının acından ölməsinə və gələcəkdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə növbəti bir məhkum olunacağına şərait yaratmışdır. Göygöl Rayon Məhkəməsi onun 2-ci dəfə rəsmi nikahda olmasını həmin nikahdan 3 azyaşlı övaladının olmasını indeksasiya barədə ərizəyə etirazını, onun yaşayışını ağırlaşdıran halları nəzərə almadan ilk faktiki nikahından olan övladına alimentin indeksasiyasını 2014-cü ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə deyil, 2018-ci ildə çıxarılmış məhkəmə qətnaməsinə münasibətdə indeksasiya etməkdə yanlışlığa yol vermişdir. Belə ki, Göygöl Rayon Məhkəməsi onun ilk faktiki nikahından olan övladına alimentin tutulması barədə 2014-cü il tarixli Göygöl Rayon Məhkəməsinin qətnaməsini əldə etmədən və həmin qətnaməni hüquqi nəticəsini araşdırmadan və nəticə hissəsinə münasibət bildirmədən yalnız 2018-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsinə münasibət bildirərək həmin dövrdə minumum əmək haqqının son məbləği həddində kəsilən alimentin indeksasiya edərək, 2025-ci ildə müəyyən olunmuş yaşayış minimumu tam həcminin mislini, yəni 100 % mislində indeksasiya edərək, ona 400 manatdan artıq 1 uşağa görə aliment kəsməsi və alimenti indeksasiya etməsi tamamilə maddi hüquq normalarının tələblərinə zidd olduğunu, 2-ci rəsmi nikahından 3 övladı olduğunu, aylıq gəlirinin hal-hazırda 200-300 manatdan artıq olmadığını, məhkəmənin müəyyən etdiyi 400 manat alimentin onun digər uşaqlarının da ailə və maddi vəziyyətinin və maddi rifahının pisləşməsinə səbəb olur. 9.İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Göygöl Rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə xx.xx.2025-ci il tarixli, 8(066)-24/2025 saylı qərardadı ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X7 görə tutulan alimentin miqdarının azaldılaraq 150 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasının təmin edilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. İddiaçının tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normaları, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçının tələbinin təmin olunması, Yusif adlı azyaşlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı çıxarıldıqdan sonra alimentin miqdarının azaldılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3, 55.1, 75 və 112.1-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə o, iddia ərizəsində ailə vəziyyətinin və maddi durumunun dəyişməsi ilə bağlı iddiada arqumentlər göstərmiş və kifayət qədər sübut və sənədlər tədim etmişdir ki, həqiqətən də onun ailə vəziyyətində və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, işə əlavə etdiyi sənədlərdən 2-ci rəsmi nikahına dair nikahın sənədindən və 2-ci rəsmi nikahından 3 azyaşlı övladının doğulmasına dair doğum haqqında şəhadətnamələri əlavə etmiş və bu faktlar 2-ci rəsmi nikahından doğulan 3 dənə azyaşlı övladınıda təsdiq edir ki, onun əvvəlki gəlirləri artıq 1 uşaq arasında deyil, 4 uşaq arasında bölünməlidir və 4 uşağa görə də onun xərcləri nəzərə alınmalıdır. Digər bir məsələ ondan ibarətdir ki, o, 2-ci rəsmi olan həyat yoldaşından da boşanmalı olmuşdur. Çünki 400 manat aliment kəsildikdən sonra ailəsinə və uşağına baxa bilmədiyinə görə 2-ci arvadı da ondan ayrılmalı oldu və Göygöl Rayon Məhkəməsinin 2(066)-945/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən uşaqların ana himayəsində saxlanılması nəzərə alınmış və hər bir uşağa 200 manat olmaqla, 600 manat məbləğində digər arvadına da aliment ödəməli olur və hal-hazırda da həmin qətnamənin icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə onun təqdim etdiyi sübutların bir dənəsini də olsun sadalamamış və həmin sənədlərə hüquqi qiymət verməmişdir. Ağdam Rayon Məhkəməsi iş üzrə qətnaməni əvvəlcədən artıq hazırlamışdır. Yəni artıq nəticə verilənədək hakim Mahir Niftəliyev bilirdi ki, iddianı təmin etməyəcəkdir. Çünki qətnamə elan edildikdən cəmi 15 dəqiqə sonra qətnaməni çıxardıb, ona elə ordaca təqdim etdilər. Bu fakt təsdiq edir ki, Ağdam Rayon Məhkəməsi işin digər tərəfinin xeyrinə həll edilməsini və iddianın təmin edilməməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, o, hazırda restoran və şənlik evlərində ofisant kimi işləyir, aylıq 200-400 manat qazanc əldə edir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir.

18. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, o, hazırda Qarabağ ərasizi üzrə müəllim kimi çalışdığını və işdən çıxa bilmədiyini bildirmiş, uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd edilməsini və 400 manat alimentin saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

19. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

20. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

25. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

26. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

27. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

28. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1– dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

37. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

38. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

39. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlərin uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaqlar ananın himayəsində olarsa, onların qayğısının çəkilməsinin ananın üzərinə düşdüyündən, atanında alimentin öhdəliyi yaranır.

46. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

47. Həmin qərarın 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

48. Həmin qərarın 8.14-ci bəndində qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının maddi durumu aşağıdır. Bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində sabit pul məbləğində aliment tutulması onun maliyyə imkanlarına əsaslı şəkildə təsir edəcəkdir. Uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi birmənalıdır. Lakin təyin olunan alimentin məbləği müəyyən olunarkən, aliment ödəyənin maliyyə imkanları nəzərə alınmalıdır ki, həmin alimentin vaxtlı-vaxtında və tam formada ödənilməsi təmin olunsun. Bu hal uşaqların və aliment alanın da mənafeyi üçün məqsədəmüvafiqdir. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, iddiaçı ailə vəziyyəti və maddi durumunun yaxşı olmaması, gəlir və qazancının olmaması təyin edilmiş alimenti ödəmək iqtidarında olmamasını təsdiq edir. İddiaçının maddi imkanlarının və gəlirlərinin yüksək olması barədə hər hansı sübut növü məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna baxmayaraq, Cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğuldur və qazanc əldə edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayış ilə müəyyən olunur ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsi və “Ağdam Rayonu Kəngərli kənd tam orta ümumtəhsil məktəbində” müəllim, ümumi təhsil məktəbi/fizika, ümumi təhsil məktəbi/din işlərində çalışmaqla, aylıq, 530,67 manat, 538,73 manat və 400 manat əməkhaqqı alır. Kollegiya cavabdehin işləməsini, iddiaçının gəlirinin aşağı olmasını nəzərə alaraq hesab edir ki, uşağa ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi, iddiaçının və cavabdehin maliyyə imkanları baxımından daha məqsədəmüvafiqdir və uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını və cavabdehi əlverişsiz vəziyyətə salmır. Həmçinin, iddiaçının aliment öhdəliyi olan digər 3 uşağına münasibətdə də ədalətli olar. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-945/2025 saylı qətnaməsi ilə xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X11 adlı uşağın saxlanılması üçün atası İddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin «indeksasiya edilmiş minumum əmək haqqının 1 misli həddində olan alimentin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan hissəsinin silinməsi» hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının dəlili onunla bağlıdır ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(066)-24/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği ilə o, razı deyildir. Hazırki iddia ərizəsini təqdim edənədək həmin qərardad ilə hesablanmış (artırılmış) məbləğ silinməlidir. Qanunvericiliyə əsasən, yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir.

51. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarının 8.11-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur).

52. Həmin qərarın 8.11-1-ci bəndində qeyd olunur ki, Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

53. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyi daşıyır. Bu baxımdan cavabdehin uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində (400x0,50=200) aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşağın qanuni mənafeyini pozmur.

54. Bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (200 manat) aliment müəyyən edilməsi, mübahisələndirilən hissədə ayda 200 manat olmaqla, il ərzində 2400 manatdır (200x12=2400).

55. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(013)-2468/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar