Məhkəmə qərarları › İş №2(104)-2231/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2231/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2231/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin təsisçisi X3 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 489 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq “Kia Forte” markalı **-PF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 60 manat olmaqla xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh avtomobili gölməçəyə salması nəticəsində avtomobilin mühərriki sıradan çıxmış, mütəxəsislər tərəfindən dəymiş zərər 3079 manat məbləğində hesablanmışdır. Nəqliyyat vasitəsi cavabdehə verilən zaman saz vəziyyətdə olduğunu, bununla bağlı təhvil-təslim aktı tərtib olunduğunu, cavabdehin dəymiş zərərdən cəmi 300 manat ödəniş etdiyini, dəfələrlə məsələ ilə bağlı cavabdehə müraciət etmələrinə baxmayaraq cavabdeh zərərin aradan qalxması ilə bağlı səy göstərmədiyini qeyd etməklə Cavabdeh 2779 manat əsas məbləğ və ödənilmiş dövlət rüsumu əvəzində 48 manat alınaraq Aztur Rent A Car MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsi ilə iddianın əsaslı olduğundan təmin edilməsi, Cavabdeh 2779 (iki min yeddi yüz yetmiş doqquz) manat əsas məbləğ və ödənilmiş dövlət rüsumu əvəzində 48 manatın alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən xx.xx.2025-ci ildə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti və şikayətin daxilində apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Lakin Ağdam Rayon Məhkəməsi tərəfindən ərizəyə baxılmadan, buraxılmış prosessual müddətin bərpası məsələsinə hüquqi qiymət verilmədən iş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti baxılmasından ötrü Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən şikayət ərizəsi ilə birlikdə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsinə baxılmamış və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddia ərizəsi dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuş, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olmaqla, cəmi 48 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət rüsumu kimi ödənilməlidir. Lakin iş materialları və şikayətdə dövlət rüsumunun ödənilməsi öz təsdiqini tapmır. Belə ki, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş qəbzin nömrəsi yoxlanılarkən məlumat aşkar edilməmiş, şikayətdə dövlət rüsumunun məbləği 0.00 AZN kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı, ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-2576/2025 saylı qətnaməsindən verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar