Məhkəmə qərarları › İş №2(104)-2236/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2236/2024

20.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2236/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi, aralarında olan setkanın götürülməsinə və qanunsuz əkilmiş ağacların çıxarılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1662/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1662/2024 saylı qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərin qanunsuz hesab edilməsi, aralarında olan setkanın götürülməsinə və qanunsuz əkilmiş ağacların çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(021)-1662/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnu pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərin quraşdırdığı metal tor və torpaq sahəsinin sərhəd zolağında qanunsuz əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanında 1.0864 ha pay torpaq sahəsi var. Qeyd etdiyi 1.0864 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış da verilmişdir. Onlarla birlikdə yaşadıqları Cəyirli kəndində yaşayan Vüqar adlı şəxs öz adına olmuş pay torpaq sahəsini Bərdə şəhər Şərq küçəsi sakini Cavabdeh1 adlı şəxsə satıb. Surxay adlı şəxs pay torpaq sahəsini aldıqdan sonra uzunluğu 500 metrə yaxın, eni təxmini 26 m olan əraziyə setka çəkibdir. O, setkanın dibi ilə 18 m məsafəyə 5 sm-dən olan yaşıl ağacı əkib. Ərazinin qalan hissəsinin isə setkadan 0,8 metr aralı müxtəlif ölçülərdə nar ağacı əkib. Nar ağaclarının aralarındaki məsafə təxminən 1-2 metrdən ibarətdir. O isə özünə məxsus olan pay torpaq sahəsində müxtəlif sayda xurma ağacları əkmişdir. Əkdiyi ağaclar 4x5-dir. Eyni zamanda setkadan 2,5 m aralıdır. Lakin Surxay adlı şəxsin əkdiyi ağaclar onun torpaq sahəsi tərəfə keçərək əkdiyi ağacların meyvəsini yararsız hala salır. Surxayın etdiyi səhlənkar hərəkətə görə ildə ən azı ona 500 manatlıq ziyan dəyir və etdiyi hərəkətə görə ağaclar sıx əkildiyindən boyu uzanır, onun ağaclarına kölgə salır. O cənubda yerləşdiyinə görə həmin sırada olan ağacları gün görmür. Surxayın torpaq sahəsində Setkanın dibində əkdiyi gilǝnar ağacı yerin alt hissəsi ilə onun tərəfinə keçərək, onun tərəfində böyüməyə başlayır. Gilənar ağacının bir hissəsi onun torpaq sahəsindən çıxdığı üçün hər il o, torpaq sahəsini təmizlədiyi zaman onu da təmizləməli olur. O, torpaq sahəsinə baxa bilmədiyi üçün onun yerinə 75 yaşlı atası baxır. Atası 2022-ci ilin sentyabr ayından xəstədir və müalicə olunur. Cavabdeh1 hərəkətlərinə atası əsəb keçirdərək günü-gündən vəziyyəti pisləşir. Həkim atasına işləməyə icazə vermir. Hazırda Surxay pay torpaq sahəsində ağac əkməkdən başqa orada kiçik otel inşa edib. Lakin oteli hələ də istifadəyə verməyibdir. Otel görünməsin deyə isə setkanın dibi ilə qarşıdan hörgü çəkdirib. Surxayın bağı cənubda yerləşdiyinə görə onun su arxı Cavabdeh1 setkasının yanı ilə gedir. Boyu isə təxminən 500 m-ə yaxındır. Payızda şimaldan əsən külək həmin arxı xəzəllə doldurur. Onun setkası olmasa, ora xəzəl yığışa bilməz. 2022-ci ilin fevra ayında fəhlə ilə ağaca kübrə verirdilər. Fəhlə arxın içindəki xəzəli yandırdı. Narın xəzəli arxa töküldüyünə görə od aldı. Yanğın bir anın içində qonşu tərəfə keçdi və onun tikdiyi binaya tərəf gedirdi. Yanındakı adam çətinliklǝ Surxay tərəfə keçdi və alovu söndürməyə başladı. Bundan başqa bağda nə qədər kəsilmiş ağac varsa onun pay torpaq sahəsinin qıraq hissəsinə yığıbdır. Əgər onlar od alsaydı, onları söndürmək mümkün olmazdı. Arxın xəzəlini təmizləmək üçün onlar arxa su buraxdılar. İslanmış xəzəl ağır olsa da, onlar onu çətinliklə öz tərəflərinə atdılar, sonra yeri suvardılar. Xəzəl quruyandan sonra külək onu təkrar arxa doldurdu. Cavabdeh Surxay bağdan heç bir gəlir götürmür və onun bağın gəlirinə heç bir ehtiyacı yoxdur. Setkanın yanında əkdiyi ağac çəpər xarakteri daşıyır. Surxayın bağı barıt çəlləyidir. Bir mərdiməzar onun tərəfindən ora od vursa, ona kim cavab verəcək. Pay torpağını ona görə veriblər ki, insanlar əksinbiçsin ərzaq bolluğu yaratsın. Torpaqdan istifadə etməyənin əlindən torpaq alınmalıdır. O, setkadan neçə metr aralı ağac əkmişdirsə, o da o qədər məsafədə ağac əksin ona ziyanlıq vurmasın. Hər ağacın öz ara məsafəsi olmalıdır. O, bağına elektrik xətti çəkib, o da onun bağının içindən keçir. Çəkilən xətt o qədər aşağıdır ki, o ağacların ortasından keçir. Bu da insanın həyatı üçün təhlükəlidir. Dəfələrlə deməyinə baxmayaraq o heç nəyə məhəl qoymur. Buradan da görünür ki, cavabdehlər qonşuluq hüququnu pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq sözügedən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022 qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən 1.0864 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bərdə rayon “Cəyirli” Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 139 nömrəli arayışdan görünür ki, payçı İddiaçı istifadə etdiyi pay torpağına xurma ağacları əkib. Onun cənubdakı qonşusu Cavabdeh1 bağına müxtəlif ağaclar əkib və bir neçə tikili tikib. Aralarındakı məsafə 5 sm olmaqla 18 metr məsafəyə həmişəyaşıl ağacı və 14 metr məsafədə müxtəlif ağacları sərhəd zolağının üstündə əkib. Yerdə qalan məsafəyə müxtəlif ölçüdə nar ağacları əkib. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosunun rəhbəri X2 ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Asan-Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, Şuşa şəhəri, Əhməd Ağa oğlu küçəsi, ev 10, xx.xx.1938-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il tarixdə Bərdə RPŞ QŞVB tərəfindən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-372/2024 saylı qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 04 iyul 2023cü il tarixli 2(021)-1835/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)- 1835/2023 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə qərardad qəbul edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 1.0864 ha pay torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 məxsus 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə qonşuluqda yerləşməklə cavabdehlər özlərinə məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin arasında metal tor (setka) çəkməklə öz torpaq sahələrini iddiaçıya məxsus torpaq sahəsindən ayırmış, öz torpaq sahəsində həmişəyaşıl ağaclarla bərabər meyvə ağacları, iddiaçı isə özünə məxsus torpaq sahəsində meyvə ağacları əkmişdir. İddiaçı cavabdehin öz torpaq sahəsində əkdiyi həmişəyaşıl ağacların hündürə qalxdıqlarına görə onun meyvə ağaclarının gün görmədiyini, gilənar ağaclarının köklərinin uzanaraq onun torpaq sahəsinə keçdiyinə görə ona ziyan vurduğunu, ağaclarının yarpaqlarının isə ona məxsus su arxına töküldüyünü qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş emişdir. İddianı rədd təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddianın təmin olunmaması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Belə ki, iddiaçı cavabdehlərin onun hasarına (setkasına) yaxın ərazidə ağacları sıx əkdiyini və ağacların ara məsafəsinə riayət edilməməsi səbəbindən əkildiyini və onun ağaclarının gün üzü görmədiyini qeyd etsə də bunu mötəbər sübutlarla sübut edə bilməmiş və əgər qeyd edilənlərin real olduğu təqdirdə onun ağaclarına hansı şəkildə ziyan vurulması da iş materialları ilə müəyyən edilmir. Bundan başqa qanunvericilikdə ağacların ara məsafəsi gözlənilməklə əkilməsinə dair müddəa yoxdur. İddiaçı məhkəmə iclasında cavabdehlərin ağaclarının kökündən çıxarılaraq ara məsafəsinə riayət edilməklə əkilməsini istədiyini bildirmişdir ki, qeyd edilən tələbin təmin edilməsi mülkiyyətə əsassız müdaxilə ilə nəticələnəcəkdir. Belə ki, hər bir şəxsin ona məxsus əmlaka sərbəst surətdə sahib olmaqla ondan istifadə etmək hüququna malikdir və mülkiyyətdən istifadə digər şəxslərin hüquqlarına xələl gətirməməlidir. Burada isə digər şəxsin hüquqlarının pozulması müşahidə edilmir. Metal tor isə cavabdehlərin öz sahəsində quraşdırılmışdır və torpaq sahələrini ayırır. İddiaçı metal torun sökülməsinin səbəbini və zəruriliyini heç bir əsaslı səbəblə əsaslandıra bilməmişdir. Bundan başqa əgər cavabdehlər yanğın təhlükəsizliyi qaydalarını pozursa iddiaçı bununla bağlı səlahiyyətli orqana müraciət edə bilər. İş materiallarından cavabdehlərin yanğın təhlükəsizliyi qaydalarını pozması da müəyyən edilmir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi xəzəlin tökülməsi isə təbii prosesdir və həmin prosesin qarşısını almaq olmaz. Buna görə məhkəmə hesab edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin qonşu təsirinə dözmək vəzifəsindən bəs edəın 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, həmin şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, lakin bununla belə məhkəməyə iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut təqdim etməmiş, yalnız cavabdehlərin metal tor boyunca əkdiyi həmişəyaşıl ağaclara görə ağaclarının gün görmədiyini, cavabdehin öz torpaq sahəsində əkdiyi gilənar ağaclarının köklərinin uzanaraq onun torpaq sahəsində yeni ağaclar yetişdiyini və o, öz torpaq sahəsini təmizləyərkən yeni çıxmış ağacları da təmizləməyə məcbur olduğunu, cavbdehlərə məxsus ağacların yarpaqlarının onun torpaq sahəsinə tökülərək su arxını zibillədiyini qeyd etməklə kifayətlənmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Çünki iddiaçı cavabdeh tərəfin ağacları kölgə salması səbəbindən meyvə ağaclarının xarab olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən iddia ərizəsindən, eləcə də apellyasiya şikayətindən göründüyü kimi iddiaçı öz torpaq sahəsində çoxsaylı xurma ağacları əkmişdir ki, onların yarpaqlarının da yerə tökülməsi təbii prosesdir və küləkli hava şəraitində yerə tökülmüş yarpaqların bir torpaq sahəsindən digərinə keçməsi mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdeh X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1662/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar