Məhkəmə qərarları › İş №2(105)-1380/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1380/2025

09.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1380/2025 09.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdeh2 qarşı «mənzilə giriş-çıxış üçün maneə olaraq qoyulmuş qurğuların cavabdehlərin hesabına sökülməsi və belə qurğuların mənzil mülkiyyətçilərinin razılığı olmadan quraşdırılmasının qanunsuz hesab edilməsi» tələbinə dair ilk, qarşılıqlı iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh İddiaçı qarşı «kommunal xidmət borcunun ödənilməsi» barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2464/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) ilkin iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3, mənzil 144-ə giriş-çıxış (liftlərdən sərbəst istifadə) üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması, ilkin iddia tələbinin digər hissələrdə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı kommunal xidmətə görə ödənilməmiş 1860 manat borc tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3, mənzil 144-də yerləşən mənzilinə giriş-çıxış üçün qoyulmuş maneələrin — liftlərə quraşdırılmış kart cihazlarının, quraşdırılmış kameraların cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hesabına sökülməsi, cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hərəkətlərinin belə qurğuların mənzil mülkiyyətçilərinin razılığı olmadan kommunal xidmət haqqı adı altında quraşdırılmasının qanunsuz hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzili türk vətəndaşı olan dostundan almışdır. Cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və onun idarəçisi olan Cavabdeh2 tərəfindən çoxmənzilli binanın ümumi istifadə sahələrinə qoyulan maneələr (liftlərin xüsusi kartlarla istifadə edilməsini təmin edən qurğular quraşdırmaqla) səbəbindən 2017-ci ildən onun mülkiyyətində olan və həmin ildən yaşadığı mənzilinə, bir neçə aydır, o və ailəsi (həyat yoldaşı və azyaşlı uşağı) daxil olmaqda çətinliklər yaşayırlar. Belə ki, çoxmənzilli binanın girişlərində geniş və dar olmaqla 2 lift mövcuddur. Cavabdehlər tərəfindən liftlərin hər ikisinə kart sistemi quraşdırılmış, geniş üçün nəzərdə tutulan liftin kart sistemi, iki aydan çoxdur, aktiv edilmişdir. Bu səbəbdən məişət üçün ehtiyac olan ləvazimatları (xüsusən market alış-verişlərini) binanın 5-ci mərtəbəsində yaşadıqlarından mənzilə apara bilmirlər. Digər dar lift isə bilərəkdən qeyriişlək vəziyyətə gətirilərək geniş liftdən istifadə üçün kart əldə edilməsi ilə bağlı məcburi şəkildə cavabdeh şirkətə müraciət edilməsinə şərait yaradılmışdır. Bununla bağlı liftin içərisinə cavabdeh şirkət tərəfindən elan belə yerləşdirilmişdir. Cavabdehlər həmin lift kartlarını kommunal borc adı altında qeyri-müəyyən qiymətə satmaqla daha bir qanunsuzluğa da yol verirlər ki, nəticədə bu hərəkətlərin hamısı özbaşınalıq kimi qiymətləndirilə bilər. Bununla bağlı da hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir. Həmçinin liftlərə və binanın ümumi daxil olma yerlərinə quraşdırılmış kameralar vasitəsilə cavabdeh cəmiyyətin ofisindən gündəlik izlənməsi də onu narahat edir. Bu hal şəxsi həyatın toxunulmazlığının pozulmasıdır. Nəticədə Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi ərazisində sabiq "xxxx" MTK tərəfindən əvvəllər inşa edilmiş mənzilindən istifadə ilə bağlı konstitusion və digər hüquqları (yaşamaq, sağlamlıq, mülkiyyət, mənzil, ailə və s.) ciddi şəkildə pozularaq əsas hüquq və azadlıqları kobudcasına tapdanmaqdadır. Cavabdeh2 və "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin belə qanunsuz fəaliyyəti nəticəsində qeyd etdiyi hüquq pozuntularına rast gəlmişdir. Hazırda ona məlum deyildir ki, "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və Cavabdeh2 necə və hansı yollarla yaşadığı binanın ümumi mülkiyyətdə olan obyektlərinin idarəçisidir və cavabdehlər fəaliyyətlərində bina ilə bağlı verdikləri qərarları hansı qaydada, kimlərin iştirakı ilə qəbul edirlər. Dəfələrlə cavabdehlərdən bu barədə məlumat almaq istədikdə, ümumiyyətlə, verdiyi sualların mahiyyətini belə onlar anlamamışdırlar. Tam aydındır ki, cavabdehlərin, ümumiyyətlə, qanunvericilikdən məlumatı yoxdur ki, verdiyi bu suallarla bağlı cavab və hər hansı sənədləri ona təqdim edə bilsinlər. Cavabdehlər yalnız saxta yollarla kommunal xidmət haqqı adı ilə müqaviləsiz pul yığılması, ümumi paylı mülkiyyətdə olan sahələrdə mülkiyyətçilərin razılığı olmadan kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, razılıq olmadan liftlərə kart qurğularının quraşdırılması və lift istifadəsinin hədə-qorxu predmetinə çevrilməsi fəaliyyəti ilə məşğul olmaqdadır. Ölkə qanunlarını kobudcasına pozan cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və Cavabdeh2 hələ də başa düşə bilmir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və sair) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Cavabdehlər "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə və Cavabdeh2 dəfələrlə qanuni izahlar verməsinə baxmayaraq onlar hələ də liftlərə quraşdırılmış maneələri aradan qaldırmır və əlavə olaraq qanunvericilikdə nəzərdə tutulan sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərarlar barədə ona məlumat vermirlər. Əlavə olaraq Cavabdeh2 hansı yollarla mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəçisi təyin edildiyi də ona məlum deyil və bununla bağlı kimlərdən imza topladığı qeyri-müəyyəndir. O, mülkiyyətçi kimi belə bir cəmiyyətə və şəxsin idarəçiliyinə hər hansı şəkildə razılıq verməmişdir. Cavabdehlərdən o, hətta müvafiq sənədlərin təqdim edilməsini tələb etsə də cavabdehlər bununla bağlı hərəkətsizlik etmişdir. Həmçinin kommunal ödənişlər barədə ödənişləri vaxtı-vaxtında etməsi üçün sözügedən şəxs və ya cəmiyyət tərəfindən hər hansı rəsmi bildiriş də almamışdır. O, kommunal ödənişlərin tam şəkildə ödənilməsinə razıdır, lakin qanun çərçivəsində olmalıdır ki, hər hansı hüquq pozuntusu olmasın. Bu səbəbdən digər qonşularla birlikdə müxtəlif vaxtlarda pul toplanaraq liftlərin təmirini bir neçə dəfə sakinlər olaraq özləri təşkil etmişdirlər. “Lift kartlarının əldə edilməsi üçün ofisə müraciət edin” yazısı liftin içərisinə yazılmış, lakin yazının müəllifi barədə də hər hansı məlumat qeyd edilməmişdir. Bu da "xxxx"nin və ya MMMC-nin qanuni əsaslarla fəaliyyətini şübhə altına alan amillərdən biridir. Qarşılıqlı iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməmiş 2520 manat kommunal xidmət borcunun tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməmiş 1860 manat kommunal xidmət borcunun tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan mənzil, yəni Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3 ünvanında yerləşən 144 nömrəli mənzil əvvəllər Kvanç adlı türk vətəndaşının mülkiyyətində olmuş, sonradan isə İddiaçı həmin mənzili əldə etmişdir. Bu mənzil Kvanç adlı türk vətəndaşının mülkiyyətində olduğu dövrdə, yəni xx.xx.2014-cü il tarixində həmin şəxs ilə "xxxx" MTK arasında bağlanmış olan “kooperativ binada ümumi təsərrüfat işləri haqqında” müqaviləyə əsasən mənzil mülkiyyətçisinə kommunal xidmətlər göstərilmişdir. Mənzil mülkiyyətçisi isə digər mənzil mülkiyyətçiləri kimi kommunal xidmət haqlarını vaxtlı-vaxtında tam olaraq ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı oğlu Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni “İddiaçı kommunal xidmətə görə ödənilməmiş 1860 manat borc tutularaq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə ödənilsin” hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda fəaliyyət göstərən MMMCnin hansı əsas və formada fəaliyyətə başladığı ona məlum olmadığından və bu günədək onlar tərəfindən rəsmi məlumat verilmədiyindən həmin quruma heç bir ödəniş etməmişdir. MMMC-nin fəaliyyəti barədə ilk dəfə 2025-ci ilin mart ayında liftlərə quraşdırılmış elanları gördükdə və daha sonra belə qanunsuz hərəkətlərin aradan qaldırılması məqsədilə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyi zaman məlumatı olmuşdur. Belə ki, sözügedən MMMC 2025-ci ilin mart ayınadək fəaliyyəti barədə nə ünvanına hər hansı yazılı bildiriş göndərmiş, nə də bu barədə ümumi elan yerləşdirmişdir. Hətta göstərdiyi xidmətlərə görə kommunal müqavilənin bağlanmasını belə ondan tələb etməmişdir. Hətta sözügedən qurum məhkəmə prosesi zamanı hər hansı xidmət göstərdiyini təsdiq edən sübut təqdim edə bilməmiş, yalnız bir neçə ödəniş qəbzi təqdim etmişdir. Həmin qəbzlərə diqqətlə nəzər salındıqda, ödənişlərin müxtəlif şəxslərin adından edildiyi aydın görünür. Lakin Abşeron Rayon Məhkəməsi bu halları lazımi qaydada araşdırmamış və hüquqi qiymət verməmişdir. Hazırda qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərə baxış keçirərkən hətta həmin MMMC-nin təsis edilməsinin qanunsuz olması və bəzi qərarların belə hüquqi əsasının olmadığı tam aşkardır. Məhkəmə iş üzrə bütün faktiki halları hərtərəfli araşdırmadan, qanunla nəzərdə tutulmuş sübutetmə prinsiplərinə əməl etmədən yanlış hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında müqavilə hüququndan irəli gələn öhdəliklərin yaranması üçün yazılı müqavilənin mövcudluğu əsas şərtdir. Halbuki, tərəflər arasında heç bir müqavilə bağlanmadığı halda, məhkəmənin müqavilə hüququna xas olan münasibətləri süni surətdə formalaşdıraraq MMMC-nin qarşılıqlı iddiasını təmin etməsi həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin müvafiq müddəalarına ziddir. Mülki Məcəllənin tələbinə görə, müqavilə yalnız tərəflərin qarşılıqlı və azad iradəsi əsasında, qanunla müəyyən olunmuş qaydada bağlandıqda hüquqi nəticə doğurur. Bu tələbin pozulması ilə hər hansı bir müqavilə öhdəliyinin mövcud olması mümkün deyil. Digər tərəfdən, Mənzil Məcəlləsinə əsasən, mənzil mülkiyyətçiləri ilə idarəedici təşkilat (MMMC) arasında münasibətlər yalnız yazılı müqavilə əsasında tənzimlənə bilər. Müqavilə bağlanmadığı halda, belə münasibətlərin formalaşdırılması və hər hansı ödəniş öhdəliyinin tətbiqi qanunsuz hesab edilməlidir. Bununla yanaşı, məhkəmənin qarşılıqlı iddianı təmin etməsi Mülki Prosessual Məcəllədə təsbit olunmuş qanunilik və ədalətlilik prinsiplərinin, habelə sübutların tam və obyektiv araşdırılması öhdəliyinin pozulması deməkdir. Nəticə etibarilə, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə həm faktiki hallara, həm də müvafiq hüquq normalarına zidd olduğundan, əsassız və ədalətsiz hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş, mövcud faktiki hallar və qanunvericilik normaları nəzərə alınmadan qərar qəbul etmişdir. Belə ki, tərəflər arasında heç bir mülki-hüquqi müqavilə münasibətləri mövcud olmadığı halda, məhkəmə "xxxx" Mənzil Mülkiyyətçilərinin Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMMC) qarşılıqlı iddiasını əsassız varlanma (Mülki Məcəllənin 1097–1100-cü maddələri) kimi qəbul etmişdir. Halbuki, mövcud qanunvericiliyə görə, əsassız varlanmadan irəli gələn öhdəliklərin yaranması üçün qarşı tərəfin təqdim etdiyi dəlillərin açıq-aşkar, dəqiq və obyektiv olması zəruridir. Digər tərəfdən, Mənzil Məcəlləsinin tələblərinə əsasən, mənzil mülkiyyətçiləri ilə idarəedici qurum arasında münasibətlər yalnız yazılı müqavilə əsasında tənzimlənə bilər. Həmin müqavilə mövcud olmadığı halda, nə MMMC tərəfindən göstərildiyi iddia olunan hər hansı xidmətlər sübut edilmiş hesab oluna, nə də bu xidmətlərə görə onun üzərinə ödəniş öhdəliyi qoyula bilər. Buna baxmayaraq, məhkəmə tərəfindən qarşılıqlı iddianın təmin olunması Mülki Prosessual Məcəllənin 88 və 89-cu maddələrində təsbit edilmiş sübutların tam və hərtərəfli araşdırılması prinsipinə də ziddir. Beləliklə, məhkəmənin qəbul etdiyi qətnamə qanunla müəyyən edilmiş sübutetmə yükü qaydalarına əməl olunmadan çıxarıldığından, qərar əsassız və qanunsuz hesab edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozaraq səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, onun "xxxx" MMMC-nin fəaliyyəti barədə məlumatının olmadığını məhkəməyə təqdim etdiyi dəlillərlə sübut etməyinə baxmayaraq, qətnamədə bu mühüm məqam heç bir formada nəzərə alınmamış və ona münasibət bildirilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə qəbul etdiyi qətnamədə tərəflərin bütün iddia və etirazlarına, həmçinin iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verməli və onların əsasında əsaslandırılmış nəticəyə gəlməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməsini göstərilən kommunal xidmətlərə görə MMMC-yə ödəniş edilməməsi mənzil mülkiyyətçilərinin əsassız varlanmasına gətirib çıxarması, mənzil mülkiyyətçisinin müqavilə bağlamaması və yaxud müqavilə bağlamaqdan yayınması sonuncunu göstərilən xidmətlərə görə ödəniş etməkdən yayınmasına əsas verməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan ilkin iddiaçı qətnaməni qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində mübahisələndirərək, həmin hissədə apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə ilkin iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlkin İddiaçı 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzili alması və həmin tarixdən həmin mənzildə ailə üzvləri ilə birgə yaşaması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi kommunal xidmət borcunun ödənilməsi barədədir. Mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 135.1, 135.2.3, 136.3, 136.4, 137.4-cü maddələri nəzərdən keçirilə bilər. İş üzrə 22 noyabr 2014-cü il tarixli Kooperativ binada ümumi təsərrüfat işləri haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MTK ilə Xırdalan şəhəri, X5 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzilin sahibi X4 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK Xırdalan şəhəri, X5 küçəsi, 3 saylı binanın ümumi təsərrüfat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş və 144 saylı mənzilin aylıq xidmət haqqı olaraq 30 manat ödənilməli olduğu qeyd edilmişdir. İlkin İddiaçı 2017-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 3 ünvanında yerləşən 144 saylı mənzili türk vətəndaşı X2 almışdır. Məlum olduğu kimi, Mənzil Məcəlləsinin 136.3., 136.4. maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər (Mənzil Məcəlləsinin 137.4. maddəsi). Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ilkin iddiaçı mənzili aldıqdan sonra kommunal xidmətlərin ödənilməsi öhdəliyi daşıdığından, şikayətində qeyd etdiyi hallar formal mülahizədən ibarətdir. İlkin iddiaçının apellyasiya şikayətinin ("xxxx" MMMC-nin fəaliyyəti barədə məlumatının olmadığını məhkəməyə təqdim etdiyi dəlillərlə sübut etməyinə baxmayaraq, qətnamədə bu mühüm məqam heç bir formada nəzərə alınmaması və ona münasibət bildirilməməsi) dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda, ilkin iddiaçı bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisələndirilən hissədə qarşılıqlı iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar