Məhkəmə qərarları › İş №2(104)-2243/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2243/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2243/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin faktiki birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuş və həmin uşaq iddiaçının himayəsindədir.

2. İş materiallarında olan qətnamənin sürətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(015)-807/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.

3. İşdə olan qətnamənin sürətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı qətnaməsi ilə 10 fevral 2020-ci il tarixli 2(015)-125/2020 saylı qətnaməsi ləğv edilmiş, Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(015)-1739/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutularaq, cavabdeh İddiaçı verilməli olan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(104)-2631/2020 saylı qətnaməsinə əsaən müəyyən edilmiş 180 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 09 iyul 2010-cu il təvəllüdlü X4 və 28 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 07 noyabr 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahılarından iki övladları-09 iyul 2010-cu il təvəllüdlü X4 və 28 avqust 2011-ci il təvəllüdlü X3 anadan olmuşlar. Ağstafa Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındaki nikah pozulmuş, 09 iyul 2010-cu il təvəllüdlü X4 və 28 avqust 2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılmışdır. Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarıxli 2(015)-1739/2017 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə Yusif və Sona adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ona qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 06 sentyabr 2017-ci il tarixli 2(015)-1739/2017 saylı qətnaməsində dəyişiklik edilərək alimentin məbləğinin onun aylıq gəlirinin 1/3 hissəsi həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(015)-125/2020 saylı qətnaməsi ilə Cavabdeh həmin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(015)-125/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılıb, Ağstafa Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarıxli 2(015)-1739/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 200 manat aliment məbləği dəyişdirilərək, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat məbləği müəyyən edilmişdir. Həmin məbləğ uşaqların maddi ehtiyaclarının təmin olunması üçün kifayət etmir. Belə ki, uşaqlar artıq böyüyüblər, onların tələbatları artıb. Uşaqlara geyim paltarlarının, məktəb ləvazimatlarının, gündəlik məişət əşyalarının və ərzaq məhsullarının alınması, habelə hazırlıq kurslarına görə ödənişlərin olunması üçün kifayət qədər vəsait tələb olunur. O, isə həmin tələbatları təkbaşına qarşılaya bilmir.

6. Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(104)-2631/2020 saylı saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 51.20 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, cavabdeh birinci qrup əlildir və 233 manat pensiya və 100 manat təqaüd alır. Bundan başqa onun başqa nikahdan xx.xx.2021-ci il təvəllüdlü Reyhan və xx.xx.2023cü il təvəllüdlü Miray adlı iki azyaşlı uşağı vardır. Lakin, məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, oğlu birinci qrup əlildir, kənar şəxsin köməyinə ehtiyacı olan şəxsdir. Bu məqsəd üçün Dövlət tərəfindən ona (Cavabdeh anasına 80 manat məbləğində pul da ödənilir.) Cavabdeh ikinci dəfə ailə qurmuşdur və bu ikinci nikahdan daha iki azyaşlı uşağı vardır. İbrahim hazırda Bakı şəhərində ikinci nikahda olduğu ailəsi ilə birgə yaşayır. Orada taksi fəaliyyəti ilə də məşğuldur. Lakin, onun avtomaşını qəzaya uğramışdır və avtomaşını təmirə ehtiyacı olduğundan İbrahim hazırda işləmir. Sonda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirdi ki, cavabdeh tam normal bir şəxsdir, Bakı şəhərində taksi sürür və aylıq qazancı da qənaətbəxşdir. Odur ki, şikayətin təmin edilməməsi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:

17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

19. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.

33. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

34. Cavabdehin nümayəndəsi cavabdehin rəsmi heç bir yerdə işləmədiyini, 1-ci qrup əlil olmasını, başqa nikahdan iki azyaşlı uşağının olduğunu qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

35. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin məhkəməyə verdikləri izahatlardan müəyyən olunur ki, rəsmi sənədlərə əsasən cavabdeh birinci qrup əlil olsa da, ikinci dəfə qurduğu ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və orada taksi fəaliyyəti ilə məşğul olaraq, qazanc əldə edir. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 130 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 90 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (260-180)=80 manat aylıq alimentin bir illik məcmusu (80 manat x 12ay)=960 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-480/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar