Məhkəmə qərarları › İş №2(104)-2255/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2255/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2255/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X10 və cavabdehin nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3473/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1316/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə X9 və X13 arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X2 anasının yanında saxlanması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanmaları üçün X7 xx.xx.2021- ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməsi qət edilmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Nümayəndə qarşı əmlak və pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Nümayəndə evin təmirinə çəkilmiş xərcin yarısı olan 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni qızılzinət və cehiz əşyaları tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 nümayəndəsi vəkil X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən qızıl əşyalarının və ya onların ümumi dəyəri olan 21650 manatın və ödənilmiş 155 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu Qurbanov Vüsal ilə 2011-ci ildə ailə qurmuşdur. Həyat yoldaşı Qurbanov Vüsal narkotik istifadəçisi olduğundan dəfələrlə evdən nələrsə oğurlayıb satmışdır, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı da onun narkoman olmasından və evdəki əşyaları satmasından ehtiyatlanaraq ona məxsus olan qızıl əşyalarını saxlamaq üçün qayınanası olan cavabdehə vermişdir. Qayınanası da həmin qızıl əşyalarını qaynatası Nümayəndə məxsus olan seyfdə saxlayırdı. Qaynatası Nümayəndə ilə aralarında tez-tez mübahisə olmuş, sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixində aralarında kəskin mübahisə olmuş, Nümayəndə “102” xidmətinə zəng edərək onu evdən çıxarmışdır. Həmin zaman ona məxsus olan bütün əşyalar, o cümlədən qızıl-zinət əşyaları həmin evdə qalmışdır. O yalnız kiçik pul qabını götürərək polislə birlikdə evdən çıxmışdır. Ona məxsus aşağıdakı qızıl-zinət əşyaları hazırda cavabdehdədir və cavabdeh həmin əşyaları ona verməkdən imtina edir: Dəyəri 2000 manat olan 1 ədəd brilyant komplekti 583 əyarlı, dəyəri 2200 manat olan 1 ədəd qolbağı brilyant 583 əyarlı, dəyəri 600 manat olan 1 ədəd qızıl boyunbağı 750 əyarlı, dəyəri 1000 manat olan 1 ədəd brilyant klon, dəyəri 1000 manat olan 1 ədəd qızıl 5 qaş nişan üzüyü, dəyəri 800 manat olan 1 ədəd tək qaş ağ qızıl üzük (ümumilikdə 7600 manat), evlilik müddətində onun özü tərəfindən alınan qızıl-zinət əşyaları: dəyəri 500 manat olan briliyant 583 əyarlı üzük, dəyəri 550 manat olan qızıl sırğa 585 əyar 7,8 qram, dəyəri 320 manat olan qızıl boyunbağı 585 əyar, dəyəri 200 manat olan qızıl açar formalı klon, dəyəri 220 manat olan qızıl balıq formalı klon, dəyəri 200 manat olan qızıl nazik boyunbağı, dəyəri 2300 manat olan qızıl komplekt 23 qram 750 əyarlı, dəyəri 150 manat olan qızıl klon balaca, dəyəri 250 manat olan qızıl yantar klon, dəyəri 500 manat olan briliyant sırğa, dəyəri 1500 manat olan qızıl bilərzik 15 qram - 750 əyar, dəyəri 600 manat olan qızıl yantar üzük 550 əyar, dəyəri 200 manat olan qızıl nazik balaca tək qaş üzük, dəyəri 600 manat olan briliyant tək qaş üzük, dəyəri 600 manat olan briliyant gül formalı üzük, dəyəri 500 manat olan tək qaş briliyant üzük, dəyəri 800 manat olan briliyant mirvari üzük, dəyəri 700 manat olan briliyant saat, dəyəri 140 manat olan 2 ədəd qızıl qolbağı (göy-qırmızı), dəyəri 1000 manat olan qızıl onluq, dəyəri 800 manat olan tək qaş iri qaşlı sibir briliyantı üzük, dəyəri 100 manat olan nazik 585 əyarlı üzük, dəyəri 120 manat olan rus qızılı halqa, dəyəri 1000 manat olan komplekt, dəyəri 200 manat olan nazik üzük.

5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3473/2024 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3473/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər tərəfindən məhkəməyə heç bir sübutlar və dəlillər eləcə də şahidlər təqdim edilməmişdir. Məhkəmədə sübut olaraq tərəfindən şahidlər, sənədlər kifayət qədər sübut və dəlil təqdim edilmiş, lakin məhkəmə obyektivliyi təmin etmədən obyektivlik təmin edilmədən, şəffaf araşdırmalar aparmadan sübutlara hüquqi qiymət vermədən qətnamə çıxarılmışdır. Bu da maddi – hüquq normalrının eləcədə porsessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Cavabdeh və ərizə tərəfindən qərəzliliklərlə yaradılmış suni münaqişələr polis tərəfindən qeydiyyata alınmışdır. Polisin şahidliyi ilə evdən qovulmağı barədə polisdə qeydiyyat aparılmışdır. O evdən qovularkən əlində heç bir əmlakının olmamasına polisin şahidliyi və digər şahidlərin ifadə verilməsinə məhkəmə məhəl qoymamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun keçmiş qayınanası, cavabdehin nümayəndəsi isə onun keçmiş qayınatasıdır. Qayınatası əvvəllər polis işçisi olmuşdur. O, cavabdehin oğlu Qurbanov Vüsal ilə el adəti ilə toy edərək ailə qurmuş və onların nikahı 2011-ci ildə rəsmiləşdirilmişdir. Ailə qurduqdan sonra onlar cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev pr. 586 ünvanında yaşamışlar. Onun keçmiş əri oğurluğa görə həbs edilmiş və 1-2 dəfə qızıl oğurlamışdı, o, da ehtiyat edərək özünə məxsus qızılları saxlaması üçün cavabdehə, yəni onun keçmiş qayınanası Gülnarəyə vermiş, cavabdeh də onun qızıllarını keçmiş qaynatasına məxsus seyfə qoymuşdur. Bundan əvvəl də keçmiş qayınatasını cavabdeh qismində qoyaraq qızıl zinət əşyaları və əmlak tələbinə dair məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Nümayəndə 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Bu zaman iddia tələbində keçmiş qayınatasına məxsus evdə yaşadığı müddətdə, 2017-ci il ərzində evi əsaslı təmir etdirdiyi üçün həmin məbləği də tələb etmişdir. Keçmiş qayınatası ilə sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixdə kəskin mübahisə olmuş, keçmiş qayınatası onu öz evindən qovmuş və hətta onun evdən çıxarılması üçün “102 Qaynar Xətti”nə müraciət etmiş, ərazi üzrə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının təklifi ilə o, keçmiş qayınatasının evindən çıxmışdır. Onun keçmiş qayınatası ilə kəskin mübahisəsinin nəticəsində evdən qovulduğu vaxt anası da orada olmuş, bu zaman nəinki ona evlilik zamanı və evlilikdən sonra hədiyyə edilmiş, öz qazancı ilə aldığı qızıl-zinət əşyalarını, hətta uşaqlarına məxsus paltarları da özü ilə götürə bilməmişdir. Həmin məhkəmə iclasında evi təmir edən ustalar, həmçinin keçmiş qayınatası tərəfindən dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid qismində dindirilmişdir. Həmin qətnamədən nümayəndəsi vasitəsilə apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin edilməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, İddiaçı onun keçmiş gəlinidir, o və cavabdeh ümumiyyətlə iddiaçının qızılları ilə maraqlanmamış, hansı qızıllarının olduğunu və harada saxladığını bilməmişlər. İddiaçı izahatında qızılları onun arvadı, cavabdeh Gülnarəyə verdiyini bildirir, halbuki ümumiyyətlə iddiaçı evdən gedərkən qızılları özü ilə aparmışdır. Onun özünə məxsus kiçik seyfi olmuş, həmin seyfdə isə o, sadəcə evin sənədlərini saxlamışdır. Bundan başqa, iddiaçı onun evində qəsdən səs-küy saldığı üçün onlar “102 xidməti”nə məlumat vermişlər, onlara gələn polis əməkdaşlarının müşayəti ilə iddiaçı və anası evdən çıxmış, evdən gedərkən bir neçə əşyasını və qızılları da özü ilə aparmışdır. Əvvəlki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında onun tərəfindən dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid kimi dindirilərkən iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

12. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

34. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3473/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı Nigar Sadıqovla ilə cavabdeh Elşən Verdiyev 2013-cü il tarixdə el adəti ilə ailə qurmuşlar, xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bigrə nikahlarından üç uşaqları doğulmuşdur. Toy zamanı iddiaçıya ərizəsində göstərilən və tələb etdiyi qızıl-zinət əşyaları cavabdeh tərəfindən, habelə bir qismi isə mərhum qardaşı tərəfindən hədiyyə edilmişdir. İddiaçı 2013-cü il tarixdə gəlin köçən zaman 2013-2018-ci ildə gəlin getdiyi evdə yaşamışdır. Bundan sonra isə tərəflər iddiaçının vəfat etmiş qardaşına məxsus olan evə köçərək orada yaşamağa başlamışlar. Hazırda isə tərəflər ailədaxili münaqişələrə görə faktiki olaraq ayrı yaşayırlar.

37. İşin hallarından göründüyü kimi, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdehdən tələb edir. Məhkəmə kollegiyası bununla bağlı işin hallarının qanunvericliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir.

38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

39. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

41. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

42. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması.

43. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

44. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

45. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;

2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;

3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.

47. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

48. İşin halları Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında 31 adda qeyd qızıl-zinət əşyalarından 12 adda qızıl zinət əşyasının: 1. Dəyəri 2000 manat olan 1 ədəd brilyant komplekti, 583 əyarlı; 2. dəyəri 2200 manat olan 1 ədəd brilyant qolbağı, 583 əyarlı; 3. dəyəri 500 manat olan briliyant üzük, 583 əyarlı; 4. dəyəri 550 manat olan qızıl sırğa, 585 əyarlı, 7,8 qram; 5. dəyəri 220 manat olan qızıl balıq formalı klon; 6. dəyəri 200 manat olan qızıl nazik boyunbağı; 7. dəyəri 2300 manat olan, 750 əyarlı, 23 qram qızıl komplektin sırğa və üzüyü; 8. dəyəri 1500 manat olan qızıl bilərzik, 15 qram, 750 əyarlı; 9. dəyəri 600 manat olan briliyant gül formalı üzük; 10.dəyəri 700 manat olan briliyant saat; 11. dəyəri 100 manat olan nazik 585 əyarlı üzük və 12.dəyəri 200 manat olan nazik üzüyün mövcud olmaqla həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal iddiaçının izahatı ilə, habelə işə əlavə edilmiş fotoşəkillər ilə də sübut olunur. Lakin, iddiaçı qalan qızıl-zinət əşyalarının mövcudluğu barədə mötəbər sübutlarını təqdim edə bilməmişdir. Cavabdeh isə qızıl-zinət əşylarının nələrdən ibarət olduğunu bilmədiyini bildirməklə, daimi iddiaçının özündə olmasını qeyd etmişdir.

49. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilmiş 12 adda olan əmlaklardan başqa digər qızıl-zinət əmlaklarının mövcudluğu barədə məhkəmələrə sübutlarını təqdim edə bilməmişdir. Həmin hal isə yalnız iddiaçının özünün subyektiv izahatı ilə öz təsdiqini tapır.

50. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmlak tələbi üzrə mübahisə yaranan zaman əmlakların mövcudluğu sübut olunmaqla yanaşı onun tərəflərdən hansında qalması da, müəyyən edilərək sübut edilməlidir.

51. Belə olan halda sübutetmə institunun tələbləri baxımından iddiaçıdan daha güclü sübutlar təqdim olunması tələb edilir. Sübutetmə qaydalarına görə iddiaçının istinad etdiyi dəlillər barədə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə məhkəmələrə 12 adda olan qızılların cavabdehdə qalması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Göstərilən hal yalnız iddiaçının subyektiv mülahizələrinə söykənməklə onun izahatında öz əksini tapmışdır.

52. Məhkəmə qeyd edir ki, sözügedən qızıl-zinət əşyalarını iddiaçı əvvəlcə qaynatasından tələb etmiş, həmin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırda iddiasının əsası kimi Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş, həmin, 2(125)-171/2023 nömrəli mülki iş üzrə dindirilmiş şahid ifadələrinə istinad edir.

53. Həmin mülki işə baxış keçirilən zaman müəyyən olunmudur ki, birinci instansiya məhkəməsinin iclasında dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid kimi dindirilərkən iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu bildirmiş, lakin həmin çantanın içərisində nələrin olması barədə məlumatı olmamışdır. Həmçinin, iddiaçı özü də evdən çıxdıqdan sonra cehiz əşyalarının bir hissəsini apardığını etiraf etmişdir. Belə olan halda cehiz əşyalarının əksəriyyətinin iddiaçının özündə olduğu halda, 4-5 adda əşyanın cavabdehin evində qalması inandırıcı deyildir. Bundan başqa, iddiaçıya məxsus qızılların və bəzi cehiz əşyalarının cavabdehdə olduğu halda iddiaçının 2020-ci ilin dekabr ayında evdən çıxdıqdan 1 il ərzində həmin əşyaları tələb etməməsi, bununla bağlı məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməməsi iddiaçının dediklərini şübhə altına alır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mötəbər sübut qismində bildirdiyi, yəni istinad edilən, polis işçisi olan şahidin iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu, lakin həmin çantanın içərisində nələrin olması barədə məlumatının olmadığını bildirməsi özü-özlüyündə sözügedən qızıl-zinət əşyalarının birmənalı olaraq hazırkı iş üzrə cavabdehdə qalmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Əvvəla ona görə ki, həmin mülki iş üzrə tərəflər ayrı şəxslərdir və qeyd edilən iş üzrə müəyyən edilmiş hallar hazırkı mülki iş üzrə hər hansı preyudisial xarakter daşımır, digər tərəfdən həmin şahidin qeyd etdikləri halın mövcudluğu hələ sözügedən qızıl-zinət əşyalarının hazırkı iş üzrə cavabdehdə qaldığını birbaşa təsdiq edən dəlil deyil. Başqa sözlə, sözügedən qızılların məhz hazırkı iş üzrə cavabdehdə qaldığı hər hansı sübutla təsdiq edilmir.

55. Digər tərəfdən, iddiaçı sözügedən qızıl-zinət əşyalarını gah qaynatasından, gah da qaynanasından tələb etməsində məqsədinin nədən ibarət olmasını hər hansı mötəbər dəlillə əsaslandıra bilmir. Beləliklə, hazırki işin materiallarından iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, formal mülahizələr əsasında, yalnız ehtimalları rəhbər tutmaqla iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmək hüquqi müəyyənlik prinsipinə ziddir.

56. Odur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehdə qalması barədə dəlilləri əsassızdır və hər hansı sübuta söykənmir.

57. Halbuki, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir (MPM-nin 77.1-ci maddəsi).

58. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1-ci maddəsi).

59. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).

60. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

61. İddiaçının sübutları da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar «əsaslı şübhədən kənar» sübut standartlarına uyğun deyildir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.

63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3473/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar