Məhkəmə qərarları › İş №2(104)-2264/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2264/2023

06.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2264/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1” MMC-ə qarşı pul tələbinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı cavabdeh “X1” MMC-də işlədiyi 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda, cəmi 3850 manat pulun və 01 il müddətinə işlədiyi dövrdə alacağı 700 manat pulla təzminat hesablanmış 8400 manat pulun, cəmi 12250 manat pulun ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 iyul 2021-ci il tarixdə “X1” MMCdə sürücü kimi işə düzəlmişdir. İşə düzələrkən ona əmək haqqının 500-700 manat olduğunu və sürücülükdən əlavə fəhlə olaraq işləyə biləcəyini bildirmişdilər. O, 10 avqust 2021-ci il tarixə qədər işləmiş və ona 1 ay müddətdə 400 manat aylıq əmək haqqı vermişdilər. Daha sonra isə o, 1 il yəni 2022-ci ilin iyul ayına qədər ştatsız və müqaviləsiz olaraq sürücü və fəhlə kimi işləməyə başlamışdır.İşlədiyi müddətdə ona əmək haqqısının aylıq 500-700 manat olaraq veriləcəyini bildirsələr də, ona aylıq əmək haqqısı hissə-hissə 300-350 manat verilmişdir. O, əmək haqqının tam şəkildə verilməsini tələb etdikdə isə, ona verilməmiş əmək haqqısının növbəti ayda əmək haqqı zamanı birlikdə veriləcəyinə dair söz verilmişdir. Ancaq 2022-ci ilin iyun ayında onun işinə xitam verilərək, o işdən azad olunmuşdur. O, “X1” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu ödənilməmişdir.”X1” MMC-də 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda 3850 manat edir. “X1” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu verilməmişdir. 1 il müddətinə işlədiyi dövrdə alacağı təzminat pulu 8400 manat edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-395/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(042)-395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2264/2023 saylı mülki iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2264/2023 saylı mülki iş Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar