Məhkəmə qərarları › İş №2(104)-2272/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2272/2023

22.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2272/2023 22.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən evə dair bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı5 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən, yəni apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadından narazı qalan iddiaçılar şikayət vermiş, lakin Göygöl Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadı ilə şikayət “Elektron məhkəmə” infoormasiya sistemi vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)- 831/2023 saylı qərardadından İddiaçı4 tərəfindən “Elektron məhkəmə” infoormasiya sistemi vasitəsi ilə şikayət verilmiş, lakin Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, 2(066)-831/2023 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadından iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün 2(066)-831/2023 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizələrində iddiaçı qismində iştirak edən İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı5 yaşadıqları ünvan Göygöl şəhəri Nizami küçəsi 3A" olduğu göstərilmişdir. Digər İddiaçı6 yaşadığı ünvan kimi "ünvan 3 iştirak edərkən onların şəxsiyyət vəsiqələrinə əsasən yaşadığı ünvanların yuxarıda göstərilən ünvanlar olduğu qeyd edilmişdir. Məhkəmə prossesi yekunlaşdıqdan sonra qətnamənin bir nüsxəsi "Göygöl şəhəri Şəmşir küçəsi ev 59-da yaşayan İddiaçı6" göndərilmişdir. Lakin, məhkəmə tərəfindən qətnamənin digər nüsxələri onların qaldıqları "Göygöl şəhəri Nizami küçəsi 3A ünvanına" rəsmi qaydada göndərilməmişdir. Əgər göndərilmiş olsaydı poçt qəbzlərində iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı5 imza etmiş olardı. Ona görə onlar Göygöl Rayon Məhkəməsinə ərizə ilə müraciət edib qəbul edilmiş qətnamənin bir nüsxəsinin tanış olmaq üçün onlara verilməsini xahiş etmişlər. Qətnamənin bir surəti qeyri-rəsmi qaydada məhkəmə tərəfindən ona verilmiş və bundan sonra qanuna müvafiq olaraq 1 ay müddətində 5 nəfər iddiaçı adından apellyasiya şikayətlərini məhkəməyə təqdim etmişlər. O, İddiaçı4 qərardadda göstərilmiş xx.xx.2023-cü il tarixli xəbərnaməyə imza atıb qətnamə almamışdır və əgər belə bir imza varsa həmin imza ona məxsus deyildir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin şikayətə baxılmasına dair qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadı ilə şikayət “Elektron məhkəmə” infoormasiya sistemi vasitəsi ilə verilməməsi əsası ilə geri qaytarıldıqdan sonra qərardaddan yalnız İddiaçı4 tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət verilsə də birinci instansiya məhkəməsi digər iddiaçıların da şikayətinə baxıldığını və müvafiq qərar qəbul etdiyini qeyd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi şikayət verməmiş şəxslərin şikayətinə baxmış hesab olunmuşdur. Məhkəmə kollegiyası İddiaçı4 şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan poçt göndərişinin verilməsinə dair xəbərnamədən görünür ki, Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qətnaməsi iddiaçıların iddia ərizəsində qeyd etdiyi ünvandan Bayramova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İddiaçı4 isə poçt göndərişinin verilməsinə dair xəbərnamədəki imzanın ona məxsus olmadığını iddia etsə də birinci instansiya məhkəməsi iddiaçının həmin dəlilini araşdırmamışdır. Hərçənd ki, qeyd olunan halda birinci instansiya məhkəməsi aidiyyəti poçt şöbəsinə müvafiq sorğu verməklə, poçt göndərişini qəbul etmiş şəxsi aydınlaşdırmalı idi. Poçt şöbəsinə müvafiq sorğu verməklə, poçt göndərişini qəbul etmiş şəxsi aydınlaşdırmaq mümkün olmadıqda isə birinci instansiya məhkəməsi iddiaçlara müvafiq xətşünaslıq ekspertizasının keçirilməsini təklif etməli və zəruri hesab olunduğu halda müvafiq ekspertiza təyin edilməsi məsələsini həll etməli idi. Mümkün olan haldır ki, poçt göndərişini İddiaçı4 deyil, ailə üzvü qismində iddia ərizəsində göstərilən iddiaçılardan digəri alsın. Hərçənd ki, ilkin vizual baxışla poçt göndərişinin verilməsinə dair xəbərnamədəki imzanın iddiaçılardan İddiaçı3 imzasına oxşarlığı diqqəti cəlb etməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı4 şikayətində qətnamənin alınması ilə bağlı ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edildiyini bildirsə də birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilə də qiymət verilməmişdir. Buna görə də İddiaçı4 qətnamənin alınması ilə bağlı ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib-etməməsi, müraciət etdiyi təqdirdə müraciətin cavablandırılıb-cavablandırılmaması aydınalşdırılmalı, həmçinin iddiaçının qətnamənin ona qeyri-rəsmi qaydada verilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməklə, əsaslandırılmış qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şikayətlə bağlı Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2(066)- 831/2023 saylı qərardadı ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(066)-831/2023 saylı qərardadından İddiaçı4 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar