Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2288/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlundan və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işi üzrə Tərtər Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 268 kv.m fərdi yaşayış evi (bundan sonra- mübahisəli ev) iddiaçının və onun ailə üzvləri olan X4, X1 və X2 adına ümumi birgə mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh, iddiaçının oğlu Röyal Nağızadə ilə 25 fevral 2023-cü il tarixində faktiki nikah münasibətlərinə daxil olmuş və cehiz əşyalarını mübahisəli evə köçürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan məişət cehiz əşyalarının yaşadığı, mülkiyyət hüququ ilə ona məxsus olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və mediasiya üçün ödənilmiş 60 manat pulun və məhkəmə üçün ödənilmiş 42 manat rüsumun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, oğlu X4 ilə el adəti üzrə 25 fevral 2023-cü il tarixdə ailə qurmuşdur. Cavabdehin oğlu ilə faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hazırda cavabdehə məxsus cehiz əşyaları mülkiyyət hüququ ilə ona məxsus olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Dəfələrlə cavabdehdən və yaxınlarından onun evində qalan cehiz əşyalarının götürülüb aparılmasını xahiş etmişdir. Ancaq cavabdeh müxtəlif bəhanələr gətirərək cehiz əşyalarını aparmaqdan imtina etmişdir. Hazırda öz evindən sərbəst istifadə edə bilmir. Bu da onun öz evindən azad istifadə edə bilmək hüquqlarının məhdudlaşdırılması deməkdir. Ona görə də ailə qurarkən onun evinə gətirdiyi cehiz əşyalarını yaşadığı yaşayış sahəsindən çıxarılması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Cavabdehin onun evində qalan və çıxarılmasını tələb etdiyi məişət cehiz əşyaları - 2 ədəd 2 qapılı vitrin, 1 ədəd güzgülü kamod, 1 ədəd televizor altı, 1 ədəd masa, 8 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 2,40m x 3,50m ölçüdə xalça, 1,95m x 3 m.ölçüdə xalça, 2 ədəd pərdə, 1 ədəd çılçıraq (lüstr), 1 ədəd televizor, 1 ədəd çarpayı, 6 ədəd dolab, 2 ədəd tumba, 2 ədəd (gecə işığı) naçnik, kamod güzgülü və stulu, 1 ədəd pastelni, 1 ədəd 2,30m x 1,50m.ölçüdə xalça, 1 ədəd pərdə, 1 ədəd lüstr (çılçıraq), 1 ədəd tək çarpayı, 1 ədəd ütü stolu, 4 ədəd tək, 1 ədəd qoşa yorğan, 3 ədəd tək döşək, 1 ədəd qoşa döşək, 6 ədəd yastıq (5 ədəd uzunsov), 1 ədəd yumru kiçik ölçülü xalça, 3 ədəd süvenir güllər, 1 ədəd təbii gül, 1 ədəd 3 mərtəbə iç-içə jurnal masa, 1 ədəd paltar yuyan, 1 ədəd qab yuyan, 1 ədəd soyuducu, 1 ədəd duxovka, 1 ədəd ət çəkən, 1 ədəd mikrodalğalı soba, 1 ədəd sok çəkən maşın, 1 ədəd mikser, 1 ədəd kimik masa, 6 ədəd stul, 1 ədəd jalus pərdə, 1 ədəd lüstür (çilçıraq), 1 ədəd aspirator, 1 ədəd qaz pilətəsi, 1 ədəd 1,50m x 2,30m ölçüdə kiçik xalça, 1 ədəd soğan, kartof qabı, 1 ədəd zibil qabı, 1 ədəd foye üçün kiçik divan, 1 ədəd saat, 1 ədəd yumru jurnal masası, 1 ədəd mətbəxdə divar saatı, 1 ədəd qaşıq qabı və 1 ədəd serviz dəstindən ibarət olmaqla ona məxsus olan evdə qalmışdır. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-832/2024 nömrəli iş üzrə qəbul etdiyi 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilmiş, cavabdehə məxsus cehiz əşyalarının İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması, iddiaçının ödədiyi 42 manat dövlət rüsumu, 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçının oğlu Röyal Nağızadə Cavabdeh ilə xx.xx.2025-ci ildə el adəti üzrə ailə qurmuşdur. Onların nikahları qeyd edilməmişdir. Belə ki, bununla bağlı hər hansı bir sənəd iddiaçı və ya cavabdeh tərəfindən mülki işin materiallarına əlavə edilməmişdir. Cavabdeh gəlin kimi İddiaçı məxsus Bərdə rayon Cəyirli kəndində yerləşən fərdi evinə köçmüş, lakin sonradan hansı səbəbdənsə atası evinə getmiş, bir daha həmin evə qayıtmamışdır. Cavabdehin cehiz əşyalarının iddiaçının fərdi yaşayış evində qalması, iddiaçının sahiblik hüququnu, mülki hüquqlarının maneəsiz həyata keçirilməsini və istifadə hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin cehiz əşyalarının iddiaçının evində qalması məqsədəmüvafiq deyildir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 153.1, 153.3, 153.4, 165.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməklə işin aidiyyəti üzrə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi cavabdehin iştirakını lazımı qaydada təmin etməyibdir. Məhkəmə öz qətnaməsində cavabdehə sms göndərilməsindən bəhs edir, lakin məhkəmə həmin sms-in cavabdeh tərəfindən məlumatın alınması kimi qəbul etməyinə dair mötəbər sübutlara sahib deyildir. Çünki cavabdeh sms-dən xəbərsizdir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Birinci instasniya məhkəməsi onun səlahiyyətinə aid olmayan işi icraata qəbul etməklə ədalətli məhkəmə araşdırması hüququnun qanunla yaradılmış həmin işə baxmaq səlahiyyəti olan məhkəmə tərəfindən baxılaraq özünün obeyktiv hüquqi qiymət almasına maneə yaratmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3cü bənd). Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (2-ci bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı “Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına və tərəflərin bildirdiklərinə əsasən işin müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan halları ondan ibarətdir ki, iddiaçının övladı Röyal Nağızadə ilə cavabdeh rəsmi nikaha daxil olmadan xx.xx.2023-cü il tarixdə ailə qurmuşlar. Ailə qurduqdan sonra cavabdeh iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan mübahisəli evə köçərək özünə məxsus əşyalarını da evə gətirmiş, orada iddiaçının oğlu Röyal və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdehlə iddiaçının oğlu Röyal Nəbizadənin 1 övladları var – xx.xx.2023-cü il təvəllüdlü X5. Uşağın olmasına baxmayaraq cavabdehin iddiaçının oğlu Röyal Nəbizadə və onun ailə üzvləri, o cümlədən iddiaçı ilə münasibətləri pozulmuş və cavabdeh yaşadığı həmin evi tərk etmişdir. Cavabdehə məxsus olan əşyalar həmin evdə qalmışdır. İddiaçıya aid cehiz əşyalarının onun birgə mülkiyyətində olan evdən çıxarılmasını tələb edən iddiaçı, bunu mülkiyyətçinin mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanını məhdudlaşdırması ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ümumi birgə mülkiyyətində olan evdə bir müddət yaşasa da, həmin yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmamışdır. Çünki cavabdeh evin birgə mülkiyyətçilərindən biri olan Röyal Nəbizadə ilə münasibətlərini rəsmiləşdirməmişdir. Hüquqi baxımdan iddiaçının və digər mülkiyyətçilərin ailə üzvü olmayan cavabdehin evdən istifadə hüququ yaranmır. Digər tərəfdən, cavabdehin evdə olan yaşayış sahəsindən istifadə hüququ əldə etməsi üçün tərəflər arasında notarial qaydada bağlanmış və şəxsi servitut kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə də mövcud deyil. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdehin sözügedən evdə yerləşən yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ yaranmamış və iddiaçının cavabdehə aid cehiz əşyalarını mülkiyyətində olan evdə saxlanılmasına etiraz etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə aşağıdakı qənaətə gəlir: - cavabdehin mübahisəli sahədən istifadə etməsinin qanuni əsası yoxdur; - iddiaçının cavabdehə qarşı yuxarıda qeyd edilən və apellyasiya baxışının predmeti olan tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir; - iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia əsaslıdır. İş üzrə apelyasiya şikayəti verən cavabdeh, iddiaçının mülkiyyətndə olan evə istifadə hüququnun olmasını və ona aid əşyaların həmin evdə saxlanılmasının hüquqi əsasının olmadığını mübahisələndirmir. O, qətnamənin yalnız prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirir və buna görə qənamənin ləğv edilməsini istəyir. Belə ki, cavabdehin həmin dəlillərindən biri ondan ibarətdir ki, işə baxan Rayon Məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, MPM-nin 185-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (maddə 185.1.). İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır (maddə 185.2.). Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş işə baxmış Rayon Məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu və apellyasiya şikayətində yaşadığı ünvanı kimi qeyd etdiyi Tərtər rayonu Ələsgərli kəndinə göndərilmişdir. Bundan başqa, məhkəmə iclaslarının yeri və vaxtı “AZEMİS” vasitəsi ilə cavabdehə onun verdiyi apellyasiya şikayətində də qeyd olunan telefon nömrəsinə sms bildiriş göndərilmişdir. Bundan başqa, iş materiallarınlan görünür ki, cavabdeh hazırki iş üzrə iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüş, lakin həmin ərizə Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Eyni zamanda cavabdeh “Elektron Məhkəmə” informasiya sistemində yaratdığı elektron kabinet vasitəsi ilə 21 avqust 2024-cü il tarixdə Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 23 avqust 2024-cü ilə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Rayon Məhkəməsi həmin tarixə təyin edilmiş məhkəmə iclasını cavabdehin iştirakını təmin etmək üçün təxirə salmışdır. Qeyd olunan bu hallar da onu təsdiq edir ki, cavabdeh hazırki məhkəmə mübahisəsindən məlumatlı olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir, apellyasiya şikayətinin müzakirə edilən birinci dəlili əsassızdır. Cavabdehin apellyasiya şikayətində ifadə olunmuş ikinci dəlili isə ondan ibarətdir ki, hazırki iş üzrə iddiaya daşınmaz əmlakın olduğu yer üzrə yerləşən birinci instansiyası məhkəməsində baxmalı idi. Lakin Rayon Məhkəməsi onun səlahiyyətinə aid olmayan işi icraata qəbul etməklə ədalətli məhkəmə araşdırması hüququnun qanunla yaradılmış həmin işə baxmaq səlahiyyəti olan məhkəmə tərəfindən baxılaraq obyektiv hüquqi qiymət almasına maneə yaratmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı cavabdehin yaşayış yeri üzrə Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan evdən cavabdehə aid cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Tərtər Rayon Məhkəməsi də iddianı icraata götürüb mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. İddianın əsasını mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının məqsədi daşınmaz əmlakla bağlı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasından ibarət olması hazırkı mübahisəyə müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsasdır. Lakin bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının iddiasının və həmin iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmış və Rayon Məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə riayət edilərək, iş üzrə qəbul etlmiş qətnamənin ləğv edilməsi və ərazi aidiyyəti üzrə baxılması üçün müvafiq birinci instansiyası məhkəməsinə göndərilməsi icraatın uzadılması ilə nəticələnəcək ki, bu da prosessual qənaət prinsipi baxımından əlverişsiz olmaqla, lüzumsuz vaxt itkisinə və mülkiyyətçinin pozulmuş huquqlarının bərpasının uzadılmasına səbəb olacaqdır. Odur ki, Məhkəmə “prosessual qənaət” prinsipini rəhbər tutaraq, məhkəmə prosessinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə tərəflər arasında mövcud olan mülki mübahisəni düzgün həll edən qətnamənin müzakirə olunan prosessual pozuntuya görə ləğv edilməsini, işin isə yeni məhkəmə baxışına göndərilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2288/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2288/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver