Məhkəmə qərarları › İş №2(104)-2291/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2291/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2291/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı aliment tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tаrixli, 2(045)-1233/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. Nikahları Moskva şəhəri, Vnukov yaşayış məntəqəsinin 291 nömrəli məhkəmə dairəsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə pozulmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü Nigar, xx.xx.2014-cü il təvəllüdlü Seyfəddin və xx.xx.2016-cı il təvəllüdlü Nurlan adlı üç övladları olmuşdur. Tərəflər birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə Goranboy 1 saylı mediasiya təşkilatında 15 mart 2023-cü il tarixdə, MŞG/MT032/2023- 00226 nömrəli barışıq sazişi imzalamışlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-cİ il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi hər ay hər uşağa 300 manat miqdarında alimentin və mediasiyaya çəkilən 60 manat xərcin yarısı, yəni 30 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy 1 saylı mediasiya təşkilatı tərəfindən hər uşağa 2023-cü ilin mart ayından 150 manat alimentin cavabdehdən alınaraq ona verilməsi nəzərdə tutulmuşdur. Lakin bu, onu uşaqlara baxmaq üçün qane etmir və o qərara gəlmişdir ki, məhkəmə qaydasında aliment tələb etsin. Uşaqlar böyüdükcə tələbatları artır və uşağa 150 manatla baxmaq olmur. Uşaqlar hər üçü məktəblidir və tələbatları çoxdur. O da heç bir yerdə işləmir. Cavabdeh qeyd olunan alimentdən başqa heç bir maddi yardım göstərmir. Cavabdeh özü Moskvada yaşayır, işləyir və iş adamıdır. Bir yerdə yaşayan vaxt gəlirinin cox olduğunu bilirdi. Qazancını müxtəlif yerlərə xərcləyir, lakin uşaqlarına baxmır. Göranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(045)- 1233/2024 nömrəli iş üzrə qəbul etdiyi 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərcinin əvəzinin ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 300 manat, ümumilikdə 900 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 78, 100.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 234.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh əvvəlki qərarlara əsasən 150 manat olmaqla, cəmi 450 manat miqdarında aliment təyin olunmasına etiraz etməmişdir. Cavabdehin də dolanışığı, ehtiyacları və tələbatları var. Buna baxmayaraq cavabdeh 3 övladına görə buna razılığını bildirmişdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Cavabdeh valideynlik borcunu layiqincə yerinə yetirir. İddiaçı tərəf cavabdehin övladları ilə görüşməyinə mane olur, onlara hər-hansı formada qayğı göstərməyinə imkan yaratmır. Uşaqları cavabdehdən çəkindirir, cavabdehə qarşı onlarda nifrət hissi oyatmağa çalışır. Bundan başqa uşağa qayğı göstərmək, onları tərbiyə etmək və sosial rifahını yüksək tutmaq tək atanın deyil, ananın da vəzifəsidir. Məhkəmə isə bunları nəzərə almamış, yüksək aliment müəyyən etmişdir. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən nə diqqətəlayiq olan digər hallar nəzərə almış, nə də bir il ərzində cavabdehin maddi vəziyyətində artım müəyyən etmişdir. Məhkəmə hər uşağa 190 manat olmaqla, cəmi 570 manat artıraraq aliment müəyyən etmişdir. Halbuki 570 manat bir vəzifəli şəxsin aylıq əldə etdiyi məvacibdir. Məhkəmə qətnaməsində alimentin dərhal tutulmasını qeyd etmişdir. Alimentin artırılması hissəsində qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan icraya yönəldilməlidir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, məhkəmə valideynlərin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliyi, diqqətəlayiq başqa hallarınəzərə alaraq tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin məhkəmə qeyd olunan məsələyə toxunmadan, araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnaməni apellyasiya qaydasında mübahisələndirən cavabdeh isə qətnamənin tam ləğv edilməsini xahiş edir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflərin nikahından üç uşağın - xx.xx.2012-cİ il təvəllüdlü Nigar, xx.xx.2014-cü il təvəllüdlü Seyfəddin və xx.xx.2016-cı il təvəllüdlü Nurlanın doğulmasına baxmayaraq onların münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Goranboy 1 saylı mediyasiya təşkilatında tərəflər hər uşağa görə 2023-cü ilin mart ayından 150 manat alimentin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı həmin məbləğin uşaqların ehtiyaclarının qarşılanması üçün kifayət etmədiyini bildirirərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə 300 manat məbləğində alimentin tutulmasını xahiş edir. Rayon Məhkəməsi isə iddianı qismən təmin edərək uşaqların yetkinlik yaşına kimi saxlanması üçün hər ay hər uşağa görə 190 manat, cəmi isə 570 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Tutulması qət edilmiş aliment məbləğindən narazı qalan cavabdeh apellyasiya şikayətində qeyd edir ki, maddi imkanı zəif olduğundan Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəmək iqtidarında deyil. Bundan başqa, uşağın saxdanılması vəzifəsi ata ilə yanaşı, ananın da vəzifəsidir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, hazırda cavabdehin maddi imkanının olub-olmaması onu öz valideynlik vəzifəsinin icrasından azad edə və uşağın ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Bundan başqa, qeyd etmək lazımdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırda uşaqlar anası, yəni iddiaçı ilə birlikdə yaşayır. Belə olan halda, uşağın qayğıları ilə məşğul olmaq, məişət tələbatlarını ödəmək və s. kimi gündəlik həyat prosesində yaranan məsələləri həll etmək yükü əsas etibarilə, ananın üzərinə düşür. Uşağın saxlanması üçün onların maddi ehtiyaclarının ödənilməsi öhdəliyi isə hazırki halda atanın üzərinə düşmüşdür. Başqa sözlə, aliment ödəməyə borclu olan tərəf indiki halda cavabdehdir. Lakin cavabdeh öz üzərinə düşən vəzifədən yayınaraq, iddiaçını, yəni ananı həmin vəzifəyə ortaq etmək niyyəti ilə çıxış edir. Məhkəmənin fikrincə isə cavabdehin bu mövqeyi ədalət prinsipi baxımından düzgün deyildir. Bunlardan əlavə, Məhkəmə bildirir ki, cavabdehin öz övladları ilə ünsiyyətdə olmaq hüququna iddiaçı tərəfindən maneələrin törədilməsi halı (bu hal mövcuddursa) onu bir ata kimi uşaqlarının maddi cəhətdən saxlanılması vəzifəsində də azad etmir. Məhkəmə qeyd edir ki, uşaqla ünsiyyətlə bağlı tərəflər arasında mübahisə mövcud olduğu halda cavabdeh pozulmuş hüququnun bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilən dəlillərdən başqa, cavabdeh həmçinin bildirir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin dərhal icraya yönəldilməsi barədə Rayon Məhkəməsi səhv nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, MPM-in 234.2ci və 234.2.1-ci maddələrinə görə, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin onu da qeyd edir ki, alimentin tutulması ilə bağlı tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi və bu mübahisənin həll edən məhkəmə qətnaməsi olmamışdır. Hazırda da məhkəmə mübahisənin baxış predmeti alimentin artırılması deyil, alimentin tutulması barədə tələbdir. Bu mübahisə üzrə qəbul edilmiş qətnamə isə MPM-in 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən dərhal icra edilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, iddiaçıdan uşaqların saxlanılması üçün cavabdehin xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 190 manat alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya qaydasında tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Goranboy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar