Məhkəmə qərarları › İş №2(104)-2295/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2295/2024

18.11.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2295/2024 18.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(043)-2320/2018 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" ASC(bundan sonra- kreditor) ərizə ilə məhkəməyə müraciət edərək, 439,15 manat kredit borcu, 55,69 manat faiz borcu, cəmi 494,84 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun Borclu(bundan sonra- borclu) alınaraq kreditorun xeyrinə verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2320/2018 nömrəli, 18 aprel 2018-ci il tarixli əmri ilə borcludan 439,15 manat kredit borcu, 55,69 manat faiz borcu olmaqla, cəmi 494,84 manat borcun və ödənilmiş dövlət rüsumu olan 20 manatın alınaraq kreditorun xeyrinə verilməsinə əmr verilmişdir. Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2320/2018 nömrəli, 18 aprel 2018-ci il tarixli əmrinə etiraz vermişdir. Gəncə Şəhər Məhkəməsinin(bundan sonra- Şəhər Məhkəməsi) 27 sentyabr 2024cü il tarixli qərardadı ilə etiraz geri qaytarılmışdır. Şəhər Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, borclu məhkəmə əmrinə etirazı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək vermişdir. Borclu həmin qərardaddan Şəhər Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmayan borclu qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə əmrinin surəti ona göndərilməyib, bu barədə ona icra məmuru məlumat verib. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2320/2018 nömrəli, 18 aprel 2018-ci il tarixli əmri 17 may 2018-ci il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir(iş vər.26). Bu baxımdan Məhkəmə hesab edir ki, borclunun həmin tarixdən başlayaraq məhkəmə əmrindən məlumatı olmuşdur. Lakin borclu qanunda nəzərdə tutulan müddəti ötürərək etiraz ərizəsi ilə məhkəməyə 27 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda hesab edilməlidir ki, Şəhər Məhkəməsi “məhkəmə əmrinə verilmiş etirazın geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan borclunun verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdır. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin 2(043)-2320/2018 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 27 sentyabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar