Məhkəmə qərarları › İş №2(104)-2307/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2307/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2307/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin azaldılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ 387176 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 2016-cı il təvəllüdlü X2 atası İddiaçı qızıdır.

2. Gəncə Şəhər Məhkəməsinin 08 avqust 2025-ci il tarixli 8(125)-620/2025 nömrəli qərardadın surətindən görünür ki, 22 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qərara alınmışdır.

3. Gəncə Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2(125)-3363/2025 nömrəli qətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı X7 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 xeyrinə tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək azaldılmasına, yəni 22 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə 2015-ci ildə faktiki münasibətlərindən 22 yanvar 2016-cı ildə X9 dünyaya gəlmişdir. Lakin sonradan münasibətləri pozulsa da yenə də tərəfindən uşağın bütün ehtiyacları ödənilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(043)-5268/2018 nömrəli qətnaməsinə əsasən 22 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X8 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-620/2025 nömrəli qərardadı ilə X4 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuş, X10 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. Bundan başqa qeyd olunur ki, cavabdehin onun ailəsində sözsöhbət salması səbəbindən X10 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3363/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatandək saxlanılmaları üçün ondan Sevinc Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məlumat üçün bildirir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Barəsində olan məhkəmə qərarlarından belə aydın olur ki, o, ayda rəsmi nikahından olan uşaqlar üçün 800 manat və cavabdehdən olan uşağı üçün isə 461 manat olmaqla cəmi 1261 aliment ödəməlidir. O zaman belə aydın olar ki, onun bütövlükdə maaşı aliment ödənilməklə yanaşı 11 manat da kimdənsə borc almalıdır. Məhkəmələr qərar qəbul edərkən onun özünün yaşayışını nəzərə almamışdır. O, qızı Zəhranın saxlanılması üçün cavabdehə ayda 200 manat, yəni minimum əmək haqqının 0.5 misli miqdarında aliment ödəməyə razıdır. Odur ki, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsi ilə (hakim Orxan Dəmirli) iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-620/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 110.2 və 112.1-ci maddələrinə, Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinin məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlərə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(043)-835/2019 saylı qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117(yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 150 (yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. 2025-ci ilin avqust ayında o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(043)- 835/2019 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində tutulan 150 (yüzəlli) manat alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-620/2025 nömrəli qərardadı ilə qeyd edilən aliment indeksasiya olunaraq 22 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində alimentin İddiaçı onun xeyrinə tutulması qərara alınmışdır. Bundan sonra İddiaçı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuş, X10 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. X10 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3363/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2025-ci il tarixli xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatandək saxlanılmaları üçün ondan S.Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir”. “o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Barəsində olan məhkəmə qərarlarından belə aydın olur ki, o, ayda rəsmi nikahından olan uşaqlar üçün 800 manat və cavabdehdən olan uşağı üçün isə 461 manat olmaqla cəmi 1261 aliment ödəməlidir.” İşə baxan məhkəmə iddiaçının qeyd etdiklərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment indeksasiya olunduqdan sonra müəyyən edilmiş aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.153 mislidir ki, bu da 2025-ci ilə münasibətdə (400 x 1.153) 461.2 manat təşkil edir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının digər uşaqlarının saxlanılması üçün ödədiyi alimenti də nəzərə aldıqda, hazırki alimentin qeyd edilən formada tutulmasının davam etməsi iddiaçının maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olur. O nə iddiaçının qeyd etdikləri ilə, nə də məhkəmənin mövqeyi ilə razı deyil. Belə ki, iddiaçının rəsmi və ya qeyri-rəsmi nikahdan olsun, 3 övladı var. İki övladı üçün iddiaçı 800 manat, yəni hər uşaq üçün 400 manat ödəməyə razıdır, lakin onunla olan nikahından doğulmuş uşaq üçün yalnız 200 manat ödəmək istəyir və onu bəhanə gətirir ki, onun əmək cəmi 1250 manat təşkil edir, məhkəmələr onun özünün yaşayışını nəzərə almamışlar. Əgər həqiqətən belədirsə, yəni onun övladına 461 manat aliment ödədiyi zaman iddiaçının maddi vəziyyəti kəskin pisləşirsə, bəs onda digər iki övladına niyə 800 manat aliment verməyə razıdır, niyə 800 manat aliment təyin edən məhkəmə qətnaməsindən şikayət verməmişdir? Onu da qeyd etmək istəyir ki, iddiaçı hal-hazırda da ondan sonrakı həyat yoldaşı X10 ilə aliment təyin edilmiş 2 uşağı ilə bir yerdə yaşayır. Bu da onu göstərir ki, iddiaçı həmin uşaqlarla bir yerdə yaşaya-yaşaya, onlara baxa-baxa, onlar üçün qəsdən yüksək məbləğdə aliment kəsdirib ki, onun övladına bacardığı qədər az məbləğdə aliment təyin olunmasına nail olsun. Hətta iddiaçı həqiqətən də digər iki uşağa da aliment ödəmiş olas belə, iki uşağa hər birinə 400 manat, onun övladına isə 244 manat ödənilməsi ədalətsizlikdir. Halbuki onun övladı iddiaçının digər iki uşağından daha böyükdür, tələbatı daha artıqdır. Qeyd edilənlərdən göründüyü kimi məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu kimi, həm də ədalətsizdir. Buna görə qətnamə ləğv edilməli, iddia tələb itəmin edilməməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 5805/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, apellyasiya şikayətini təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

21. Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

23. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” Konvensiya

24. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa İnsan Hüquqları Məhkəməsi 13 iyul 2020-ci il tarixli qərarı.

25. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Eyni zamanda “Bronda İtaliyaya” qarşı işdə qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədləri qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflərin 2015-ci ildə faktiki münasibətlərindən 22 yanvar 2016-cı ildə X9 dünyaya gəlmişdir. Lakin, sonradan münasibətləri pozulsa da, yenə də iddiaçı tərəfindən uşağın bütün ehtiyacları ödənilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(043)-5268/2018 nömrəli qətnaməsinə əsasən 22 yanvar 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X8 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 5268/2018 nömrəli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Daha sonra cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-620/2025 nömrəli qərardadı ilə X4 ərizəsinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(043)-835/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuş, X10 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. Bundan başqa qeyd olunur ki, cavabdehin onun ailəsində sözsöhbət salması səbəbindən X10 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3363/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatandək saxlanılmaları üçün ondan Sevinc Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məlumat üçün bildirir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində işləyir və rəsmi əmək haqqı bütün tutulmalardan sonra cəmi 1250 manatdır. Barəsində olan məhkəmə qərarlarından belə aydın olur ki, o, ayda rəsmi nikahından olan uşaqlar üçün 800 manat və cavabdehdən olan uşağı üçün isə 461 manat olmaqla cəmi 1261 aliment ödəməlidir. O zaman belə aydın olar ki, onun bütövlükdə maaşı aliment ödənilməklə yanaşı 11 manat da kimdənsə borc almalıdır. Məhkəmələr qərar qəbul edərkən onun özünün yaşayışını nəzərə almamışdır. O, qızı Zəhranın saxlanılması üçün cavabdehə ayda 200 manat, yəni minimum əmək haqqının 0.5 misli miqdarında aliment ödəməyə razıdır. Odur ki, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

45. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

46. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulan alimentin miqdarını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun 0.61 təyin etməklə əsaslı nəticəyə gəlmişdir.

48. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

49. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

50. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

51. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

52. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

53. Apellyator şikayətində iddiaçının maddi durumunun yaşxı olmasını, daimi iş yeri olmaqla 1250 manat əmək haqqı almasını bildirmişdir.

54. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində qiymətləndirici vəzifəsində işləyir, əmək haqqı 1541 manat təşkil edir. Bundan başqa iddiaçının başqa nikahdan iki yaşlı övladı vardır və həmin uşaqlar üçün də aliment ödəyir.

55. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

56. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

57. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

58. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

59. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

60. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

61. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

62. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. Kollegiya qeyd edir ki, apellyator şikayətində göstərilən xüsusatlarla bağlı məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.

64. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

65. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

66. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 5805/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5805/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar