Məhkəmə qərarları › İş №2(104)-2323/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2323/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2323/2024 02.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, eləcədə etibarnamə üzrə nümayəndələri (anası) Nümayəndə, Vəkil (vəkil) və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(045)-1083/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd səfir qaşlı 10 daş dəst (üzük, sırga) 583 əyarlı, 1,5 karat çəkisi 16 qram-dəyəri 3400 manat, bir ədəd nişan üzüyü ortası gül formalı 583 əyarlı, 0,45 karatlı, çəkisi 4,3 qram-dəyəri 840 manat,

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus 3400 manat dəyərində 583 əyyarlı 1,5 karat çəkisi 16 qram gül brilliant komplekt dəst və 840 manat dəyərində, 583 əyyarlı 0,45 karat, çəkisi 4,3 qram brilliant nişan üzüyün naturada, bu mümkün olmadıqda isə onların cəmi dəyəri 4240 manat Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22 iyul 2023-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Lakin bir müddət sonra cavabdeh ona qarşı zorakılıq etdiyi üçün evdən getmiş və bu barədə Abşeron şəhər polis idarəsinə müraciəti etmişdir. Müraciəti əsasında araşdırma aparılsada, lakin halhazıra qədər polis onun barəsində heç bir tədbir görməmişdir. Nikahın ləğv edilməsi ilə bağlı iddia tələbinə Gəncə Şəhər Məhkəməsində baxılır. Evdən çıxarkən ona məxsus qızıl-zinət əşyları cavabdehdə qalmışdır. Əşyaların qaytarılması barədə müraciət etsə də, geri qaytarmaqdan imtina etmişdir.

4. Goranboy Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(045)- 1083/2024 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 225.3 maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, 34.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, ailə qurduğu vaxtdan bir müddət sonra cavabdeh onu döyərək işgəncələr vermişdir. Dava-dalaş nəticəsində çıxıb getmiş və bu barədə hüquq mühafizə orqanına müraciət etmişdir. Cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsədə, sonuncu bundan imtina etmişdir. Halbu ki, 3400 manat dəyərində olan 16 qram gül brilliant komplekt dəsti ona anası tərəfindən hədiyyə olunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin yay ayında cavabdehə qoşulub qaçmışdır. Nişan üzüyünü cavabdeh almış, komplekti isə anası hələ ailə qurmamışdan əvvəl hədiyyə etmişdir. Cavabdeh qızılzinət əşyaları Bakı şəhərində kirayədə yaşadıqları evdən götürmüşdür. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qızı Türkanə ilə Cavabdeh 9 ay nişanlı olmuşlar. Nişanı qaytarmaq istədiklərinə görə cavabdeh qızı Nazıləni qaçırtmışdır. Nişan üzüyünü cavabdeh almış, komplekt isə onun tərəfindən hələ sübay olan dövrdə qızına bağışlanmışdır. Qeyd olunan qızıllar cavabdehdə qalmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ona qoşulub qaçdıqdan sonra 18 gün Bakı şəhərində kirayədə qalmışlar. 18 gündən sonra anası gəlib Türkanəni aparmışdır. Təxminən 1 ildən sonra barışmışlar. Barışdıqdan sonr 2 ay Xırdalanda yaşamışlar. İddiaçının komplekt dəsti ümumiyyətlə olmamış, aldığı nişan üzüyünü isə iddiaçı qəbul etməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.01. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 22 iyul 2023-cü il tarixdə nikaha daxil olmuşlar. Bir müddət sonra tərəflərin ailə münasibətləri pozulmuş və iddiaçı evdən getmişdir. İddiaçı evdən çıxarkən ona məxsus 3400 manat dəyərində 583 əyyarlı, 1,5 karat, 16 qram gül brilliant komplekt dəstin və 840 manat dəyərində, 583 əyyarlı 0,45 karat, 4,3 qram brilliant nişan üzüyün cavabdehdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

27. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

28. Kollegiya qeyd edir ki, qızıl-zinət əşyalarının qaytarılmasına dair tələb, mülkiyyətin müdafiəsini tənzimləyən qanunvericilik müddəaları əsasında həll olunmalıdır. Mübahisə predmeti olan qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

29. Hazırkı iş üzrə İddiaçı 3400 manat dəyərində kommplektin anası tərəfindən ona hədiyyə olunmasını, 840 manat dəyərində nişan üzüyünün isə cavabdeh tərəfindən alınmasını, cavabdeh tərəf isə komplekt dəstin ümumiyyətlə mövcud olmadığını, onun tərəfindən hədiyyə alınan nişan üzüyünün isə iddiaçı tərəfindən qəbul olunmadığını ayrı-ayrilıqda əsas gətirirlər.

30. İddiaçı anası tərəfindən ona hədiyyə olunmuş 3400 manat dəyərində komplekt dəstin, eləcə də cavabdeh tərəfindən hədiyyə olunmuş 840 manat dəyərində nişan üzüyünün Bakı şəhərində kirayədə yaşadıqları evdə cavabdeh tərəfindən götürülməsini iddia etsə də, lakin anası tərəfindən hədiyyə olunması güman edilən komplektin qoşulub qaçarkən özü ilə aparmasına, eləcədə cavabdeh tərəfindən ona 840 manat dəyərində brilyant qaşlı nişan üzüyü alınmasını təsdiq edən hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

31. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 384, 392-393, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(045)-1083/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar