Məhkəmə qərarları › İş №2(104)-2339/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2339/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2339/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşaqlarının onun himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-3909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasınd baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. Şəmkir Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Hazırda İddiaçı şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(076)-3909/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə 18 fevral 2020-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışdır. Boşanma zamanı xx.xx.2010-cu il tarixdə anadan olmuş Renat və xx.xx.2011-ci il tarixdə anadan olmuş Rəşad adlı uşaqları keçmiş yoldaşının himayəsində saxlanmışdır. Buna baxmayaraq uşaqları həmişə onun himayəsində qalmışdır. Bu gün artıq o, məhkəmədə yeni əsaslarla iddia qaldırıb uşağını tələb edir. Belə ki, uşaqların birinin yaşı 14, digərinin yaşı 13-dür. Belə vəziyyətdə uşağın tələbi ilə bağlı yeni əsaslar yarandığı halda məhkəmə iddiasını əsassız olaraq icraata qəbul etməkdən imtina etmişdir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaqlar 10 yaşına çatdıqda uşaqların valideynlərdən kimin yanında qalması onların rəyi ilə müəyyən olunur. Ona görə də bu gün uşaqların valideynlərdən kimin yanında qalması üçün onların rəyinin alınması kimi əsas yarandığı halda məhkəmə buna məhəl qoymadan iddianı icraata qəbul etmədən imtina etmişdir. Məhkəmə Cavabdeh ona qarşı qaldırdığı iddianın nikahın pozulması olduğunu uşaq tələbi ilə qarışdırır. Bu gün onun tələbi uşaq tələbidir. Boşanma tələbi üzrə iddiaçının ona qaldırdığı iddia nikahın pozulmasıdır. Bu hal onu göstərir ki, iddia eyni tərəflər arasında eyni əsaslarla qaldırılmış iddia deyildir. Ona görə də, qərardad ləğv edilməli iddia icraata qəbul edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-3909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı daha əvvəl Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(076)-448/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 21 fevral 2014– cü il tarixdə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 07 may 2010–cu il tarixdə doğulmuş Renat və 15 iyul 2011–ci il tarixdə doğulmuş Rəşad adlı uşaqların Cavabdeh yanında qalmasının müəyyən edilməsi və həmin uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-448/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 7.8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPMnin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şikayətin yeni əsasların mövcud olması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qüvvədə olan məhkəmə aktlarından sonra yaranmış yeni əsasa istinad etməmiş, formal əsaslarla, yəni uşaqların 13, 14 yaşlarına çatmasına istinad etmişdir. İş materiallarından görünür ki, birgə nikahdan doğulmuş uşaqların İddiaçı alınaraq Cavabdeh verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli 2(076)-448/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün İddiaçı qeydiyyat yeri üzrə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Buna baxmayaraq, ötən müddət ərzində İddiaçı yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən icra məmuru tərəfindən onun barəsində axtarış elan edilmiş və hazırki vaxtadək xx.xx.2020-ci il tarixli 2(076)-448/2020 saylı icra sənədinin icrası mümkün olmamışdır. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmış, hazırkı vəziyyətdə isə formal əsalarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün və iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar