Məhkəmə qərarları › İş №2(104)-2340/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2340/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2340/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı ildə doğulmuş X1 və xx.xx.2020-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Marif Kazımov) Cavabdeh 04 aprel 2023-cü il tarixdən başlayaraq, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tərəflərin vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, peşəyə sahib olması, yaşayış səviyyəsi, əmlak vəziyyəti və s. müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin olub-olmaması məsələlərini nəzərə alınmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, Bakı şəhərində kirayədə yaşayır. Günü 25 manata olmaqla, icarərə maşın götürərək, taksi fəaliyyəti ilə məşğul olaraq, gündəlik əlavə 15-20 manat qazancı olur. Başqa qazancı yoxdur. Hər uşağa ayada 100 manat aliment ödəyə bilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, hazırda cavabdehin iki avtomobili vardır Onunla ailəli olanda bir maşını var idi. Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlardan biri 2-ci sinifdə oxuyur, digər uşaq hazırlığa gedir və xərcləri çoxdur. O, özü isə işləmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 644/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, xx.xx.2023-cü il tarixdən başlamaqla, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 (bir yüz əlli ) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apelyasiya şikayətində Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində əslində təyin edilmiş alimentin məğləği hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: AZ-İİ № 193471 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X3 nikahlarını xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonu Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, X5 xx.xx.2016-ci il tarixdə Şəmkir rayonunda doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. mediator Anar Tahirov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 07 iyul 2020ci il təvəllüdlü Mehman və 01 iyul 2016-cı il təvəllüdlü Aylin adlı uşaqları anadan olmuşdur. Tərəflər ayrılmışlar və birgə nikahdan doğulmuş azyaşlı uşaqlar iddiaçının himayəsində qalmışlar. Birinci instansiya məhkəməsi ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və uşaqları saxlamaq vəzifəsinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin tutulması nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası həmin nəticə ilə qismən razılaşmır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Bununla belə, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edərkən, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, Cavabdeh məhkəmə kollegiyasının iclasında Bakı şəhərində kirayədə yaşadığını, günü 25 manata icarəyə maşın götürdüyünü, gündəlik əlavə 15-20 manat qazancı olduğunu göstərmişdir. Belə olan halda, cavabdehin iki iki uşaq üçün hər ay 400 manat sabit formada aliment ödəməsi onun maddi imkanı xaricindədir. Bununla belə, məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, respublika üzrə ehtiyac meyarına və uşaqlar üçün yaşayış səviyyəsinin həddinə görə bazar iqtisadiyyatının hazırkı artım şəraitində tərəflərin birgə nikahlarından doğulmuş Mehman və Aylin adlı uşaqların azyaşlı olmaqla, qida, geyim, sağlamlıqla bağlı xərclərinin də yüksək olmasını nəzərə alaraq, hesab edir ki, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüzəlli) manat olmaqla, cəmi 300 (üçi yüz) manat sabit pul miqdarında alimentin tutulması ədalətli və məqsədəmüvafiqdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, xx.xx.2023-cü il tarixdən başlamaqla, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 (bir yüz əlli ) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan az olduğuna görə hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-644/2023 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. xx.xx.2023-cü il tarixdən başlamaqla, 07 iyul 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar