Məhkəmə qərarları › İş №2(104)-2358/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2358/2025

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2358/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir.

2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçı doğduğu X3 atası hesab edilmişdir.

3. “Elekron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh əmək haqqı 450 manat təşkil edir və Vətən müharibəsi iştirakçısı olduğuna görə ona 80 manat məbləğində pensiya təyin olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə doğulmuş azyaşlı övladı X1 üçün hər ay 246 manat alimentin, xx.xx.2024-cü il tarixdə doğulmuş azyaşlı övladı X4 3 yaşına çatanadək baxdığına görə hər ay 200 manat məbləğində pulun, mediasiya xidməti üçün ödənilmiş 56 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 03 iyul 2023-cü ildə ailə qurmuşlar. Faktiki nikahlarından xx.xx.2024-cü il tarixdə doğulmuş azyaşlı övladı X7 adlı bir övladları dünyaya gəlmişdir. Onların rəsmi nikahları olmasa da cavabdeh 5 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə gələrək rəsmi ərizə verməklə uşağına atalıq vermişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri ucbatından ailələlərində olan normal münasibətlər pozulmuşdur. Faktiki olaraq ailə münasibətləri pozulmuş və bərpası mümkün deyildir. Hazırda övladı onun himayəsindədir. Cavabdeh Bakı şəhərində yaşayır. Cavabdeh tikintidə işləyir və ***-**** manat əmək haqqı alır. Cavabdeh övladlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. Övladının bütün maddi xərclərini yəni uşağının yemək, paltar və həkim xərclərinə olan ehtiyaclarını güc-bəla ilə ödəyir. O, heç bir yerdə işləmir. Cavabdeh övladının saxlanmasına biganə yanaşır, o isə tək ana olaraq uşağının saxlanılmasında maddi çətinlik çəkir. Hazırda cavabdeh kifayət qədər maddi təminatlıdır. Bununla yanaşı hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması onun borcudur. Qeyd olunanlara görə də o məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

6. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın qismən təmin edilməsi, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissəsi təmin olunmaması, ödənilmiş 56 (əlli altı) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdi.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində olmaqla, qərara uyğun hesablanmalı və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə xx.xx.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının iddia tələbinin “uşağın 3 yaşına çatana qədər cavabdehdən hər ay 200 manat aliment tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. Göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad o halda ərindən məhkəmə qaydasında aliment ödəməsini tələb edə bilər ki, tərəflərin rəsmi nikahı olsun, ər arvada maddi cəhətdən kömək göstərilməsindən imtina etsin və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmasın, eləcə də alimenti ödəməli olan tərəf zəruri vəsaitə malik olsun. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh birlikdə ailə kimi yaşasalar da onların arasında nikah olmamışdır. Eləcə də, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədi. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsassız sayaraq onun təmin edilməməsi qənaətinə gəlir.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 84.1, 84.2, 84.2.2, 100.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi, Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-1364/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd etdiyi maddədə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı aşağıda sadaladığı kimi göstərilir. 76.1.1 bir uşaq üçün qazancın və başqa gəlirlərin dörddə bir hissəsi; Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə sabit məbləğ 2025-ci il üçün 246 manat həcmində müəyyən edilib. Ölkə üzrə yaşayış minimumu 2025-ci il üçün 400 manat müəyyən edilib. Bunun da 0.615 misli 246 manat edir. Cavabdeh şəxs rəsmi maaş alsa belə, maaşının dördə bir hissəsi sabit məbləğdən, yəni 0.615 mislidən 246 manatdan aşağı olduğu təqdirdə, sabit məbləğə yuvarlaqlaşdırılmalıdır. Məhkəmə bu xüsusata obyektiv qiymət verməyərək, qanuni olmayan qətnamə qəbul etmişdir. Hüquqlarını müdafiə etdiyi vətəndaş Bakı şəhərində kirayə yaşayır, valideynlərinin köməkliyi ilə aylıq 500 manat kirayə haqqını güclə ödəyir. Övladı körpə olduğuna görə, övladını qoyub işləyə də bilmir. Birinci instansiya məhkəməsi hansı bir mötəbər sübuta istinad edərək belə bir nəticə gəlib. Bu maddələrdə qeyd edilir ki, ananın hamiləliyi dövründə və yaxud ümumi uşaqlarının 3 yaşı tamam olana qədər ananın qulluğa görə əlavə haqq almaq hüququ var. Hüquqlarını müdafiə etdiyi vətəndaş aylıq 200 manat tələb etsə də məhkəmə səthi yanaşaraq qismən də olsa təmin etməyib. Hesab edir ki, məhkəmənin bu hissədə də mövqeyi qanuni deyil. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi sübutlara lazımi qaydada hüquqi qiymət verməmiş, cavabdehin mənafelərini müdafiə edərək nadir hallarda məhkəmələrin qəbul etdiyi kimi qətnamə qəbul etmişdir. Buradan da göründüyü kimi sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur ki, o, qeyd edilən qanunsuzluğu etmişdir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hazırki prosessual hüquq normasından göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin bildirmişdir ki, birinci instansiya məhkəməsi müvafiq olaraq cavabdehdən pulun tutulması hissəsində iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göründüyü kimi məhkəmə iddiaçıya münasibətdə qərəzli mövqe tutaraq iddia tələbini tam təmin etməməklə həm maddi, həm də prosessual hüquq normalarının, eyni zamanda ədalətli məhkəmə araşdırılması və məhkəmə hakimiyyətinin ədalətliyinin və məhkəmə müdafiəsi hüququnun labüdlüyü prinsipini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi kobud maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, göründüyü kimi Azərbaycan Respublikası Ailə qanunvericiliyinin əsas tələbi ondan ibarətdir ki, uşaqlara həssas yanaşılsın. Lakin hazırki iş üzrə məhkəmə qeyd edilən maddi hüquq normasının tələblərini kobud şəkildə pozaraq araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, bu cür ailə qanunvericiliyə zidd qətnamə qəbul etməkdənsə, cavabdehin məhkəmə iclasında iştirakının maksimum dərəcədə təmin edilməsi üçün səylərini davam etdirərdi. Zəruri suallarını verərdi, onda obyektivlik olardı. Lakin göründüyü kimi, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən və iş üzrə zəruri araşdırma aparmadan qətnamə qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi sübutlara lazımi qaydada hüquqi qiymət verməmiş, iddiaçının mənafelərini müdafiə etmək naminə müşavirəyə getdikdən sonra da qərəzli mövqeyində qalmışdır. Buradan da, göründüyü kimi sübutların məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuşdur ki, o, qeyd edilən qanunsuzluğu etmişdir. Məhkəmə iddiaçının hüquqlarını və mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinin verilməsi tarixi ilə bağlı bildirmişdir ki, məhkəmə tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvana qətnamə rəsmi qaydada göndərilməmişdir. İddiaçının atası 09 dekabr 2025-ci il tarixində məhkəmə gedərək qətnaməni əldə etmişdir.

11. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1364/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Etirazını onunla əsəslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin qərarı ədalətli olmuşdur. Onun maddi vəziyyətinə uyğun aliment müəyyən edilib. O, özü fəhlə işləməklə əmək haqqı 450 manat hesablanır, təmiz əlinə aldığı pul 400 manatdır. Bundan başqa qazancı və gəliri yoxdur. Özü də kirayədə yaşayır. Atası rəhmətə gedib anası xəstədir onun himayəsindədir. Bundan əlavə bacısının əri vəfat etmişdir, bacısına və onun övladına da o, baxır. Özü xəstədir günlərdi işləyə bilmir. Maddi imkanı zəifdir. Uşağından imtina etmir mütamadi yardımlar göstərmişdir. Aliment məbləğini aylardır ödəməyə hazır olub lakin, iddiaçı hələ pulun ona göndərilməsini istəməyib. Övladına bundan əlavə köməklik etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının vəkili Vəkil Məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasında işdirak edə bilməyəcəyini, apellyasiya şikayətini tam olaraq müdafiə etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, tərəfindən apellyasiya şikayəti veriləndə ölkə üzrə yaşayış minimum müəyyən misli 0,615(246) manat təşkil edirdi. Hazırda isə ölkə üzrə yaşayış minimum müəyyən misli 0,65(260) manat təşkil edir. Cavabdeh tərəfindən göndərilən etiraz həqiqəti əks etdirmir. Şikayətində qeyd etdiyi kimi cavabdeh tikintidə çalışır, aylıq məvacibi ***-**** manat təşkil edir. Apellyasiya şikayətinə dəqiqləşdirməni nəzərə alaraq, ölkə üzrə yaşayış minimumun sonrakı artımlar da nəzərə alımaqla hər ay 0,65(260) manat hədində sabit məbləğdə alimentin və uşağın 3 yaşı tamam olana qədər, ananın qulluq etməsinə ğörə, hər ay 200 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

16. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 85.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

21. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməlidir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq əlavə olaraq qeyd edir ki, uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmasında qanuni və əsaslı nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Bu onların konstitusion vəzifələridir. Valideynlər uşağın rifahı və inkişafı üçün lazım olan həyat şəraitini, zəruri olan qayğını, uşağın minimum tələbatlarını öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməlidir. Birinci instansiya məhkəməsinin qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə almasını qeyd etməklə alimentin hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində olmaqla, qərara uyğun hesablanmaqla və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində müəyyən edilməli olması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

42. Hazırki iş üzrə azyaşlı uşaqlara qulluq, onun sağlamlıq, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, “Elekron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh əmək haqqı 450 manat təşkil edir və Vətən müharibəsi iştirakçısı olduğuna görə ona 80 manat məbləğində pensiya təyin olunmuşdur. Belə olan halda, xx.xx.2024-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması uşağın mənafeləri baxımından daha düzgün olardı.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehdən iddiaçının özü üçün aliment tutulması dəlillərini əsassız saymaqla, qeyd edir ki, birinci instansiya məhkəməsinin İddiaçı xx.xx.2024-cü il tarixdə anadan olmuş Uğur adlı uşağın üç yaşına çatanadək cavabdehdən özü üçün aliment tutulmasına dair tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgün və əsaslıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə müvafiq olaraq ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Normanın məzmunundan göründüyü kimi, keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Yəni bu hüquq yalnız rəsmi nikah münasibətlərində olmuş və nikahları pozulmuş arvada aiddir. Hazırkı işin hallarından göründüyü kimi, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmamışlar və onlar arasında rəsmi ər-arvad münasibəti olmamışdır.

45. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya alimentin məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilməli və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1364/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi, Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1364/2025 saylı, xx.xx.2025-ci il qətnaməsi “xx.xx.2024-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində alimentin tutulması” hissəsində dəyişdirilsin. xx.xx.2024-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulsun. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar