Məhkəmə qərarları › İş №2(104)-2359/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2359/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2359/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsaasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tərəflər faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin bu münasibətindən 27 iyul 2024-cü il təvəllüdlü Milana adlı qızları doğulmuşdur. Cavabdeh Gədəbəy rayonu, Dəyirmandağ kənd tam orta məktəbində kitabxanaçı işləyir və 586 manat əmək haqqı alır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı - xx.xx.2024-cü il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat olmaqla alimentin, həmin uşağın 3 yaşına çatanadək hər ay 200 manat məbləğində uşağa baxmaq üçün ona verilməli olan alimentin, mediasiya xidməti üçün ödənilmiş 56 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 14 oktyabr 2023-cü ildə ailə qurmuşlar. Rəsmi nikahları olmamışdır, faktiki nikahlarından xx.xx.2024-cü il doğum tarixli X3 adlı bir övladları dünyaya gəlmişdir. Onların rəsmi nikahları olmasa da cavabdeh Gədəbəy rayon Qeydiyyat Şöbəsinə gedərək rəsmi ərizə verməklə qızına atalıq vermişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailələrində olan normal münasibətlər pozulmuşdur. Faktiki olaraq ailə münasibətləri pozulmuş və bərpası mümkün deyildir. Hazırda övladı onun himayəsindədir. Özü uşağı azyaşlı olduğuna görə qoyub heç bir yerdə işləyə bilmir. Cavabdeh Dəyirmandağ kənd orta məktəbində kitabxanaçı işləyir. Ancaq buna baxmayaraq cavabdeh nə uşağına maddi köməklik göstərir, nə də onunla maraqlanır. Cavabdeh uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərmir. Uşağın bütün maddi xərclərini, yəni yemək, paltar və həkim xərclərinə olan ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh övladının saxlanmasına biganə yanaşır, o isə tək ana olaraq uşağının saxlanmasında maddi çətiknlik çəkir. Hazırda cavabdeh kifayət qədər maddi təminatlıdır. Bununla yanaşı hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması onun borcudur. Ona görə də o, məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gədəbəy Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 2(042)- 1340/2025 nömrəli iş üzrə qəbul etdiyi 18 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin olunmaması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı və cavabdeh 14 oktyabr 2023-cü il tarixdə qeyri-rəsmi olaraq ilə qurmuşlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2024-cü il təvəllüdlü X3 adından bir övladları anadan olmuşdur. Tərəflər ayrı yaşayırlar. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı məhkəmədə iddia qaldıraraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə alimentin sabit pul məbləğində deyil, qazancının 1/4 hissəsi miqdarından tutulmasını istəyir. Məhkəmə alimentin tutulması növünə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsinin 78-ci madəsində alimentin sabit pul məbləğində tutulması üçün mövcud olmalı hallar qeyd edilmişdir. Məhkəmədə müəyyən edilir ki, cavabdehin daimi iş yeri vardır və 586 manat əmək haqqı alır. Alimentin cavabdehin qazancından tutulmasını istisna edən digər hallar mövcud deyildir. Məhkəmə aliment cavabdehin qazancından tutulmasını, tutulacaq aliment məbləğini uşağın mənafeyinə və işin hallarına uyğun hesab edir. Ona görə də məhkəmə bir uşağın saxlanılması üçün alimentin cavabdehin qazancından (başqa gəlirlərindən) tutulmasını qanuni və məqsədə müvafiq hesab edir. Məhkəmə iddiaçının iddia tələbinin “uşağın 3 yaşına çatana qədər cavabdehdən hər ay 200 manat aliment tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin bu hissəsinin əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh birlikdə ailə kimi yaşasalar da onların arasında nikah olmamışdır. Eləcə də, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsassız sayaraq onun təmin edilməməsi qənaətinə gəlir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1, 100.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə uşağın saxlanılması üçün cavabdehin qazancının 1/4 hissəsi miqdarında aliment təyin edərkən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün minimum yaşayış həddinin 246 manat olmasını nəzərə almamışdır. Cavabdeh Gədəbəy rayonu Dəyirmandağ kənd məktəbində kitabxanaçı işləyir, onun aylıq maaşı 586 manatdır. 586 manatın 1/4 hissəsi 146,50 manat edir ki, bu məbləğlə də hazırki dövrdə bir uşağı saxlamaq və onun maddi ehtiyaclarını qarşılamaq qeyri-mümkündür. Ona görə də məhkəmə alimentin cavabdehin qazancının 1/4 hissəsi miqdarında müəyyən etməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə həmçinin, heç bir əsas olmadan uşağın üç yaşına çatanadək iddiaçıya maddi köməklik edilməsi üçün aliment təyin etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə almamış, bununla da əsassız və qanunsuz qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Dəyirmandağ kənd məktəbində kitabxanaçı işləyir, aylıq maaşı 586 manatdır. Yəni onun stabil qazancı mövcuddur. Əlavə olaraq hansısa işlə məşğul olub əlavə qazanc əldə etmək imkanı da yoxdur. Hər gün saat 09:00-dan 18:00-dək işdə olur. Belə olan halda onun əlavə gəlir əldə etməyi qeyri-mümkündür. İddiaçı ilə birgə yaşadığı dövrdə məhz iddiaçının müalicəsi üçün 11.300 manat kredit götürmüşdür, həmin krediti ödəmək məcburiyyətindədir. Bu da cavabdehin maddi vəziyyətinin daha da pisləşməsinə təsir edir. Həmin kreditə göə cavabdeh hər ay 378 manat ödəniş edir. Məhkəmə alimenti bir uşaq üçün cavabdehin qazancının 1/4 hissəsi miqdarında təyin etməklə haqlı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2026-cü il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflərin faktiki nikah münasibətlərindən – xx.xx.2024-cü il təvəllüdlü Milananın doğulmasına baxmayaraq onların münasibətləri pisləşmiş və ayrılmışlar. Ailə Məcəlləsinin tələblərinə görə, valideynlərdən uşaqlar üçün aliment tutularkən aliment gəlirin müəyyən hissəsi ilə və ya sabit pul məbləğində tutulması mümkündür. Həmin Məcəllənin 78-ci maddəsinə görə isə alimentin sabit pul məbləğində tutulması, xüsusilə cavabdehin gəlirinin dəyişkən olması və ya gəlirin hissəvi tutulması uşağın mənafeyinə zidd olması hallarında tətbiq edilir. Birinci instansiya məhkəməsi alimenti cavabdehin aylıq qazancının 1/4 hissəsi həcmində müəyyən etmişdir. Lakin Məhkəmə hesab edir ki, bu qaydada müəyyən edilmiş aliment uşağın saxlanılması, gündəlik ehtiyacları və sağlamlığı ilə bağlı minimum xərcləri ödəmək üçün kifayət etmir. Bundan başqa iddia ərizəsində alimentin məhz sabit pul məbləğində tutulması tələb edilmişdir. Birinci instansiya məhkəməsi isə bu tələbin rədd edilməsinin səbəblərini yetərli şəkildə əsaslandırmamış, cavabdehin gəlirinin real səviyyəsini və uşağın faktiki xərclərini lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə qeyd edir ki, alimentin müəyyən edilməsində əsas meyar uşağın mənafeyinin üstünlüyüdür. Məhkəmə hesab edir ki, alimentin hissəvi tutulması nəticəsində yaranan məbləğ uşağın normal inkişafı və saxlanılması üçün yetərli olmadığından alimentin sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə daha uyğundur. Tutulması qət edilmiş aliment məbləğindən razı qalan cavabdeh apellyasiya şikayətinə etirazında qeyd edir ki, maddi imkanı zəif olduğundan iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyil. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırda cavabdehin maddi imkanının olub-olmaması onu öz valideynlik vəzifəsinin icrasından azad edə və uşağın ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin ikinci hissəsi Milananın 3 yaşı tamam olanadək cavabdehdən 200 manat alimentin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsasını Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan normanın tələbindən göründüyü kimi, arvad özünün saxlanılması üçün zəruri vəsaitə malik keçmiş ərdən aliment tələb edə bilər. Lakin hazırki işdə bu hallar təsdiq edilmir. Çünki tərəflər rəsmi nikah münasibətlərinə daxil olmamışlar. Bu səbəbdən iddiaçının bu tələbi əsassızdır və təmin edilə bilməz. Rayon Məhkəməsi müzakirə olunan hissədə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi” hissəsində ləğv edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mübahisələndirilən digər hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2025-ci il tarixli qətnamə qismən, “xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar