Məhkəmə qərarları › İş №2(104)-2365/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2365/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2365/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus qızıl-zinət əşyalarının natura şəklində və ya onların dəyəri olan 6476 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, 07 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilərək İddiaçı məxsus olan 1. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 30 qram, qiyməti 2100 manat olan üzük, sırğa, boyunbağı və bilərzikdən ibarət bir ədəd qızıl dəsti; 2. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 6 qram, qiyməti 360 manat olan bir ədəd qızıl nişan üzüyü; 3. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 5 qram, qiyməti 300 manat olan bir ədəd qızıl üzük; 4. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 5 qram, qiyməti 300 manat olan bir ədəd ağqaşlı qızıl üzük; 5. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 4 qram, qiyməti 240 manat olan bir ədəd qızıl üzük; 6. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 2 qram, qiyməti 120 manat olan bir ədəd butaqaşlı qızıl üzük; 7. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 2 qram, qiyməti 120 manat olan bir ədəd butaqaşlı qızıl üzük;

8. Rusiya istehsallı, 585 əyarlı, çəkisi 12 qram, qiyməti 720 manat olan bir ədəd qızıl boyunbağı və ya həmin qızıllar olmadığı təqdirdə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini 1 ay müddətinə verə bilməmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, 07 aprel 2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddətin bərpa edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardadla razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsassızdır. Belə ki, cavabdeh keçirilən məhkəmə iclaslarında iştirak etmiş, ona 1 ay müddətində apellyasiya şikayəti verilə bilməsi izah edilmiş, Qətnamə icraya yönəldikdən sonra cavabdeh qətnaməni könüllü icra etməkdən boyun qaçırmış və hazırkı müddətin bərpa edilməsinə dair ərizə ilə birlikdə apellyasiya şikayəti vermişdir. Cavabdehin bu hərəkəti vaxtın uzadılması üçündür. Odur ki, cavabdehin müddətin bərpası ilə bağlı həmin ərizəsinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 07 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi, Tərtər Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(061)-34/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixli məktubla tərəflərə, o cümlədən Cavabdeh göndərilmiş, sonuncu isə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə qətnamə almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, haqqında şikayət verilən 2(061)-34/2023 saylı qətnamə cavabdehin iştirakı ilə xx.xx.2023-cü il tarixdə çıxarılsa da, cavabdehin hüquqi savadının olmaması üzürlü səbəb kimi nəzərə alınmalı və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarına əsasən cavabdehə hüquqlarının yuxarı instansiya məhkəməsində müdafiəsinə imkan verilməli və qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa edilərək, iş üzrə verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə bu zaman həm də iddiaçının evdar qadın olmaqla savadsızlığına rəğmən şikayət vermə müddətinin aşırı şəkildə ötürülməməsini nəzərə alır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh müddətin bərpa edilməsinə dair ərizəsini evdar qadın, savadsız və latın qrafikalı Azərbaycan əlifbasını oxuya bilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndində əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. İşdən də göründüyü kimi Cavabdeh şikayət vermə müddətini 3 ay ərzində gecikdirməsini ərizəsində kifayət qədər mötəbər sübutlarala əsaslandıra bilməmişdir. Əksinə Cavabdeh iş materiallarının 76-79-cu vərəqəsində olan Tərtər Hərbi prokurorluğuna vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, o, orta təhsilli olmaqla, həm də latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bacarır. Odur ki. kollegiya onun savadsız və latın qrafikalı əlifba ilə yazıb oxuya bilməməsinə dair dəlillərini əsassız sayır. Digər tərəfdən işdən göründüyü kimi Cavabdeh iş üzrə qətnamə elan edilərkən məhkəmə iclasında iştirak etmiş, qətnamədən şikayət vermə qaydası və müddəti tərəflərə, o cümlədən ona izah edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin hüquqi savadının olmamasını üzürlü səbəb kimi nəzərə alınmalı olmasına dair qənaəti ilə razılaşmır. Çünki məhkəmə iclasında iştirak edən tərəflərin demək olar ki, çoxunun hüquqi savadı olmur. Bu isə heç də proses iştirakçısının savadsızlığına dəlalət etmir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-34/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair ərizəsi təmin edilməməli, verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-34/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(061)-34/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(061)-34/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar