Məhkəmə qərarları › İş №2(104)-2368/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2368/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2368/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X6, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-957/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 141742 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (Atası İddiaçı, anası X11) xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin 08-ci ayının 11-ci günündə 3433 nömrə ilə qeyd edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 632787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (Atası İddiaçı, anası X11) xx.xx.2015-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 10-cu ayının 05-ci günündə 4864 nömrə ilə qeyd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2460/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədirlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev, Ə.G.Abdullayev) apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göygöl Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(066)-307/2020 nömrəli qətnaməsinin İddiaçı xx.xx.2015-ci ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X1 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 110 (bir yüz on ) manat olmaqla 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulması hissəsində dəyişdirilməsi və İddiaçı xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2018 ci ildə anadan olmuş X1 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi, 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 857254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 (Atası İddiaçı, anası X10) xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin 02-ci ayının 27-ci günündə 513 nömrə ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qаrşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, xx.xx.2015-ci il doğulmuş Elmira və xx.xx.2018-ci ildə doğulmuş Miryunis adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 260 manat alimentin azaldılaraq hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2460/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2015-ci ildə doğulmuş Elmira və xx.xx.2018-ci ildə doğulmuş Miryunis adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 260 manat alimentin alınaraq X8 ödənilməsi qət edilmişdir. İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü Əli adlı uşağı anadan olmuşdur. Bundan əlavə iddiaçının xəstə anası onun himayəsində yaşayır, xəstəliyi ilə bağlı onu hər ay iki dəfə Bakı şəhərinə müalicəyə aparmaq məcburiyyətində qalır. İddiaçı Samux Suvarma Sistemləri İdarəsində yardımçı fəhlə vəzifəsində işləyir aldığı əmək haqqı 389 manat təşkil edir. Göründüyü kimi aldığı əmək haqqı ilə həm iki uşağa 260 manat aliment ödəməsi, həm hazırki nikahdan olan körpə uşağa baxmağı, həmçinin xəstə anasına qulluq etməyi mümkün deyildir. Məlumdur ki, bir körpə uşağın qayğıya daha çox ehtiyacı var, həmin körpə uşağın yeməyi və digər təlabatları nə qədər xərc tələb edir. Bir valideyn kimi iddiaçı öz üzərinə düşən vəzifəni dərk edir, amma uşaqların alimentini hazırki maddi durumuna görə ödəməyi qeyri-mümkündür. Eyni zamanda cavabdehin özü Göygöl rayonu peşə məktəbində təhsil alır, hər ay dövlətdən 100 manat müavinət və dövlətdən 500 manat sosial yardım alır, həmçinin anası ilə birlikdə bağda fəhlə işləyərək günəmüzd əmək haqqı alır. Göründüyü kimi uşağın minimum tələbatının qarşılanması üçün cavabdehin də maddi imkanı vardır. Lakin iddiaçı bir ata kimi uşaqlarına yalnız cavabdehin baxmasına razı deyildir. İddiaçı cavabdehlə ayrıldıqdan sonra uşaqları ilə görüşə bilməmiş, cavabdeh uşaqlarını ondan gizlətmiş, daim uşaqları ona qarşı qaldırmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehi uşaqların taleyi maraqlandırmır, ona sadəcə hər ay alimentin ödənilməsi maraqlıdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia qaldırmışdır. İddiaçı Cavabdeh İddiaçı ilə 2012-ci ilin fevral ayının 03-cü günündə el adəti ilə toy edərək onun evinə gəlin köçmüşdür. Nikah akt qeydi pozulana kimi ümumi təsərrüfatı idarə etməklə bir yerdə yaşamışlar. Cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh birgə nigahlarından xx.xx.2015-cu il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X7 anadan olmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2460/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə aralarında olan nikah akt qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2015-cu il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşaq üçün 130 (bir yüz otuz) manat, iki uşaq üçün 260 (iki yüz atmış) manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdeh Samux Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2015-cu il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi tutulan 260 (iki yüz atmış) manat alimentin, bir uşağa 50 (əlli) manat iki uşaq üçün 100 (yüz) manat olmaqla azadılması barədə qətnamə qǝt oluninasını xahiş etmişdir. İddiaçı bununla razı deyildir, cavabdeh işləyir yaxşı pul qazanır, belə olan halda hər uşaq üçün tutulan alimentin miqdarı artırılaraq bir uşaq üçün 220 (iki yüz iyirmi) iki uşaq üçün 440 (dörd yüz qırıx) manat olması barədə qətnamə qət olunması qanuna uyğundur. İddiaçı heç yerdə işləmir, gününü ancaq uşaqların qayğısı ilə keçirir, atası xəstədir, anası heç bir yerdə işləmir. Uşaqların maddi tələbatlarını ödəyə bilmir. Qanunvericiliyə görə bir uşaq üçün ən az tələbat 220-manatdır. Cavabdeh isə bunu başa düşmək istəmir. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-957/2023 saylı qətnaməsi ilə (hakim Ə.V.Kərimov) iddiаçı İddiaçı Cavabdeh qаrşı “alimentin azaldılması” tələbinə dаir iddiasının təmin edilməməsin, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 11 sentyabr 2015-ci il təvəllüdlü X9 və 16 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Gəncə Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(104)-2460/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh İddiaçı tutulub iddiаçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı 30 (otuz) mаnаt dövlət rüsumunun аlınаrаq dövlət büdcəsinə ödənilməsi, qarşlıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 220 (iki yüz iyirmi) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin qarşılıqlı iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq və iddiаçı uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığındаn, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-2460/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdehdən tutulub iddiаçının xeyrinə ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə, ilk iddia tələbinin təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə cavabdeh iddiaçının maddi və sosial vəziyyətində hər hansı bir dəyişkinliyin olması barədə məhkəməyə sübut təqdim etdiyi təqdirdə alimentin məbləğində dəyişiklik apara bilərdi. İddiaçının tərəfindən cavabdehə qarşı ailə vəziyyətinin dəyişməsi hazırda himayəsində yeni körpə uşağının anadan olması, əvvəlki aliment təyin edilərək bu halın olmaması, həmçinin anasının qoca və xəstə olmaqla onun bütün dərman vəsaitlərinin iddiaçı tərəfindən ödənilməsi, özünün işlədiyi yerdən yalnız ayda 389 manat əmək haqqı aldığını, iş şəraitinin başqa işdə işləmək imkanına malik ola bilməməyi kimi halları qiymətləndirməmişdir. Hazırda iddiaçı tərəfindən məhkəməyə ərizə verilərək alimentin ödənilməsində çətinlik çəkməyini buna dair sübutları məhkəməyə təqdim etdiyi təqdirdə məhkəmə cavabdehin qarşılıqlı iddiasını təmin edərək alimentin məbləğini əksinə qaldırır. Həmçinin cavabdehin özünün aylıq olaraq 100 manat müavinat almasını və 500 manat sosial yardım almasını nəzərə alınmaması cavabdehin iddiasının əsassız olmasına əsas verir. Həmçinin körpə uşağının və artıq onun təminatı az yaşlı övladdan daha azdır. Məhkəmə sübutların məcmusu üzrə işin hallarına qiymət verməsini göstərdiyi halda hansı sübuta istinad etməsinə əsaslanmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İlk iddia üzrə İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilk iddia üzrə cavabdehdən ayrıldıqdan sonra yenidən ailə qurmuş və bir övladı dünyaya gəlmişdir. Həmin körpənində xərcləri ortaya çıxdığından təyin olunmuş alimentin ödənilməsində çətinlik çəkir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İlk iddia üzrə cavadbeh Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və əlavə olaraq bildirdi ki, heç bir yerdə işləmir övladları onun himayəsindədir, övladlarının xərclərini qarşılamaqda çətinlik çəkir bu səbəbdəndə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34. Nikah hüququ ... İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunu Həmin qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu hallаrı müəyyən etmişdir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay uşağa görə 150 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşaqların mənafeləri baxımından qənaətbəxşdir. Apellyator şikayətində göstərmişdir ki, ilk iddia üzrə cavabdehin aylıq olaraq 100 manat müavinat və 500 manat sosial yardım almasının nəzərə alınmaması cavabdehin iddiasının əsassız olmasına əsas verməsi qeydedilmişdir. Lakin bu məlumatları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin apellyator şikayətin dəlillərində ailə vəziyyətinin dəyişməsi hazırda himayəsində yeni körpə uşağının anadan olması, əvvəlki aliment təyin edilərkən bu halın olmaması, həmçinin anasının qoca və xəstə olmaqla onun bütün dərman vəsaitlərinin iddiaçı tərəfindən ödənilməsi, özünün işlədiyi yerdən yalnız ayda 389 manat əmək haqqı aldığını, iş şəraitinin başqa işdə işləmək imkanına malik ola bilməməyi kimi halların birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirməməsi vurğulanmışdır. Apellyatorun dəlillərini kollegiya əsassız sayır. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahlarında olan uşaqların saxlanılması üçün sonuncu dəfə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2460/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə hər ay, hər uşaq üçün 130 manat olmaqla cəmi, 260 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Kollegiya qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Göründüyü kimi uşaqlar üçün sonuncu dəfə alimentin məbləği 2020-ci ildə müəyyən edilmiş, həmin vaxtdan indiyədək təyin edilmiş alimentin məbləğində hər hansı dəyişiklik olmamışdır. Hazırki il üçün isə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bundan başqa apellyatorunun hazırda himayəsində yeni körpə uşağının olması onu digər uşaqlarının saxlanılması və qayğısına qalınması öhdəliyindən azad etmir. Belə ki, alimentin məbləği müəyyən edilərkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən apellyatora müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-957/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar