Məhkəmə qərarları › İş №2(104)-2387/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2387/2024

09.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2387/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 Xidmət Mərkəzi Notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X5 Xidmət Mərkəzi Notariat ofisinə (bundan sonra - cavabdeh) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" KB ASC ilə iddiaçı(borcalan)arasında 12 aprel 2019-cu il tarixli, 442micBRD/19-EM nömrəli Əsas Kredit və Bank Hesabı müqaviləsi(bundan sonra- Əsas kredit müqaviləsi) bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik maksimum 32 % dərəcəsi ilə 120 ay müddətinə 150.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra "xxxx" KB ASC ilə iddiaçı(borcalan) arasında Əsas kredit müqaviləsinin şərtlərinə uyğun xx.xx.2020-ci il tarixli, 704micBRD/20 nömrəli Əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 19,5 % dərəcəsi ilə 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Daha sonra "xxxx" KB ASC ilə iddiaçı(borcalan) arasında Əsas kredit müqaviləsinin şərtlərinə uyğun 26 fevral 2021-ci il tarixli, 305micBRD/21 nömrəli Əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 23 % dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" KB ASC ilə ipoteka qoyan İddiaçı(iddiaçı)arasında 12 aprel 2019-cu il tarixli, 442MİCİBRD/19-EM nömrəli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyannın mülkiyyətində olan Bərdə rayonu, Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. X5 Xidmət Mərkəzi Notariat ofisinin notariusu tərəfindən verilmiş 8İ-17905 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bərdə rayonu Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasına tutma yönəldilmişdir(Öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 20.503,53 manat əsas borc, 3312,78 manat faiz borcu,1335,16 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 25.151,47 manat təşkil etmişdir). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Xidmət Mərkəzi Notariat ofisinin 17905 nömrəli, 18 avqust 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf- ipoteka saxlayan "xxxx" KB ASC tələbi ilə iddiaçıya məxsus ipoteka predmeti olan Bərdə şəhəri Gəncə küçəsində Bərdə-Tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasında 20.503,53 manat əsas borc, 3312,78 manat faiz borcu, 1335,16 manat dəbbə pulu olmaqla, cəmi 25.151,47 manat borc üzrə tutma yönəldilməsi qeyd olunmuşdur. Hesab edir ki, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydinin verilməsindən yeni xəbəri olmuşdur. Uzun zamandır ki, sahibkarlıqla məşğuldur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlığın inkişaf etdirilməsi, o cümlədən pandemiya dövründə sahibkarlara dəyən ziyanın qarşısının alınması və ziyanın minimuma endirilməsi məqsədilə bir sıra Qanunlar və Təlimatlar verilmişdir ki, əsas borc məbləğinə faizlərin və peniyaların hesablanması dayandırılmışdır. İddiaçının kredit müqaviləsi üzrə borcu icra qeydində göstərildiyi kimi deyil, qat-qat aşağı məbləğdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(021)-419/2024 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Abdullayev) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, "xxxx" KB ASC tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli bildirişlər göndərilərək, xx.xx.2020-ci il tarixli, 704micBRD/20 nömrəli əsas və xx.xx.2021-ci il tarixli, 305micBRD/21 nömrəli əlavə kredit müqavilələri üzrə borcunun ödənilməsi, borcun 20 gün müdətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıqlar edilmişdir. Həmin bildirişlər sürətli poçt xidməti tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. İddiaçı tərəfindən borc 20 gün müddətində mübahisələndirilmədiyindən "xxxx" KB ASC-nin tələbi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bərdə rayonu Bərdə tərtər yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binası ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, bank tərəfindən borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə ümumi qaydada müraciət ediləcəyi halda iddiaçı tərəfindən icra qeydində göstərilən məbləğdə hesablanmış əsas borc və faiz borcunu mübahisələndirilə bilərdi, ipoteka predmetinin likvid dəyəri müəyyən edilərdi, beləliklə mübahisəli məsələ həll edilmiş olardı. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə əməl edilərək verilmişdir, iddiaçının məqsədi vaxtı uzatmaqdır. Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, verilmiş apellyasiya şikayətində məhkəmə aktı tam mübahisələndirildiyindən, Məhkəmə qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26.1.7 İpoteka saxlayanın bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi .... Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, xx.xx.2019cu il tarixli Əsas kredit müqaviləsi çərçivəsində "xxxx" KB ASC ilə iddiaçı arasında iki əlavə kredit müqaviləsi bağlanmış: xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr. Birinci müqavilə üzrə iddiaçıya 24 ay müddətinə illik 19,5 % dərəcəsi ilə 30.000 manat, ikinci kredit müqaviləsi ilə 24 ay müddətinə illik 23 % dərəcəsi ilə 10.000 manat kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" KB ASC ilə ipoteka qoyan İddiaçı(iddiaçı)arasında 12 aprel 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Bərdə rayonu, Bərdə-Tərtər yolunun sol tərəfində qeyriyaşayış binası ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqavilələrindən irəli gələn öhdəliyini icra etməmiş və nəticədə iddiaçının bank qarşısında borcu yaranmışdır. "xxxx" KB ASC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən iddiaçıya-ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. "xxxx" KB ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və X5 Xidmət Mərkəzi Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bildirir ki, icra qeydindən məlumatsız olmuş, icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin 5.2-ci bəndində ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması hüququnun olması barədə şərt əksini tapmışdır. İddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdə borc ödənilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə açıq və aydın ifadə olunan xəbərdarlıq əksini tapmışdır. Mülki işin materiallarından həm də müəyyən olunur ki, yuxarıda qeyd olunmuş bildiriş sürətli poçt xidməti ilə 18 iyul 2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. İş materiallarına əlavə olunmuş 8İ-17905 nömrəli notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göründüyü kimi müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar