Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2391/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmək haqqı» tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27000 manat əmək haqqı məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə məxsus təsərrüfatda 2007-ci ildən işləmişdir. “Nizami” kəndli fermer təsərrüfatına ilk olaraq təsərrüfata məxsus ferma binasını suvamaq üçün gəlmiş, lakin sonradan ayda 150 manat maaşla çoban işləməyə razı olmuşdur. Razılıqlarına görə cavabdeh onu ərzaq və yaşayış sahəsi ilə təmin etmişdir. Cavabdeh onun pasportunu alıb özündə saxlamış, 2017-ci ildə qoyunlar arpa sahəsinə girdiyinə görə onu vurub xəsarətləndirmişdir. Onların razılığlarına görə cavabdehin ona 27.000 manat əmək haqqı borcu qalmışdır. Həmin məbləği könüllü ödəmədiyindən və ona xəsarət yetirdiyindən 06 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Çağrı Xidməti”nə şikayət vermişdir. Şikayəti əsasında araşdırma aparılmış, Tərtər rayon X2 Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı cənab X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli qərarı ilə ərizəsi əsasında toplanmış HK-1/1893 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın 2-ci bəndinə uyğun olaraq pozulmuş hüquqlarının bərpası barədə məlumatlandırılmış və bilmişdir ki, əmək haqqı tələbinə məhkəmə qaydasında baxılmalıdır. Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsi ilə (hakim T.Qubadov) İddiaçı Cavabdeh qarşı “əmək haqqı tələbinə” dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Tərtər RPŞ-nin “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əmək haqqısını verməməsi, fermadan getməsi üçün ona məxsus sənədləri alaraq geri qaytarmaması və onu hədələməsinə dair İddiaçı şikayəti əsasında Tərtər RPŞ-də araşdırma aparılmış və material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 04 iyul 2023-ci il tarixli, 2(061)-731/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehə məxsus təsərrüfatda 2007-ci ildən işləmişdir. “Nizami” kəndli fermer təsərrüfatına ilk olaraq təsərrüfata məxsus ferma binasını suvamaq üçün gəlmiş, lakin sonradan ayda 150 manat maaşla çoban işləməyə razı olmuşdur. Razılıqlarına görə cavabdeh onu ərzaq və yaşayış sahəsi ilə təmin etmişdir. Cavabdeh onun pasportunu alıb özündə saxlamış, 2017-ci ildə qoyunlar arpa sahəsinə girdiyinə görə onu vurub xəsarətləndirmişdir. Onların razılığlarına görə cavabdehin ona 27.000 manat əmək haqqı borcu qalmışdır. Həmin məbləği könüllü ödəmədiyindən və ona xəsarət yetirdiyindən 06 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102 Çağrı Xidməti”nə şikayət vermişdir. Şikayəti əsasında araşdırma aparılmış, Tərtər rayon X2 Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı cənab X1 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli qərarı ilə ərizəsi əsasında toplanmış HK-1/1893 saylı material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın 2-ci bəndinə uyğun olaraq pozulmuş hüquqlarının bərpası barədə məlumatlandırılmış və bilmişdir ki, əmək haqqı tələbinə məhkəmə qaydasında baxılmalıdır. Məhkəmə işin hallarının ətraflı araşdırmamışdır. Barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi işin faktiki halları məhkəmədə şübhə doğurmamışdır. Məhkəmə iddiasının sübuta yetirilmədiyi qənaətinə gəlirdisə iddia müddətinin keçməsi əsasına istinad edə bilməzdi. Onun iddiaçının yanında əmək haqqı almadan işləməsini təsdiq edəcək şahidləri olmuşdur. Həmin şahidləri dinləməkdən məhkəmə heç bir əsaslı səbəb göstərmədən imtina etmişdir. Həmçinin, cavabdeh tərəfindən döyülüb xəsarət almasına dair qüvvədə olan qərar vardır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğu üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və müdafiəçi ilə təmin olunmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, “Nizami” kəndli fermer təsərrüfatının başçısı atası Rəşid olmuş, təxminən 2008-ci ildə qardaşı Nizami iddiaçını atası Rəşidin fermasına gətirmişdir. İddiaçı atası ilə razılaşmış və fermada qalmaqla atasına köməklik etmişdir. Atası 2016-cı ildə vəfat etdikdən sonra isə iddiaçı fermada qalmış, 2019-cu ilə kimi iddiaçıya o baxmışdır. Lakin, iddiaçı ilə bağlı hər hansı bir əmək münasibəti ilə bağlı razılaşması olmamışdır. Hazırda da iddidaçı 3 ilə yaxındır ki, qardaşı Habilin yanında qalıb, işləməkdədir. Onun qardaşları ilə torpaq mübahisələri olduğuna görə iddiaçıdan ona qarşı əsassız iddia qaldırmaq üçün istifadə edirlər. İddiaçının qardaşı Habillə birlikdə məhkəməyə gəlib-getməsi də bu faktı təsdiq edir. Buna görə də apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 42. 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44. 1. Əmək müqaviləsi yazılı formada bağlanır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək münasibəti ilə bağlı hər hansı bir yazılı müqavilə olmadığından onların həqiqi münasibətinin, hüquq və vəzifələrinin, qarşılıqlı öhdəliklərinin nədən ibarət olmasını məhkəmədə müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı yazılı müqavilə bağlamadan hərəkət edərkən öz riski ilə hərəkət etmiş və öz riski ilə də məsuliyyət daşımalıdır. Məhkəmə həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədə qeyd etdiyi xüsusatları nəzərə alıb, yuxarıda qeyd olunan işin hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, əmək haqqı verilmədiyi halda ötən 06 il ərzində iddiaçının cavabdehin yanında işləməsi barədə dəlilləri inandırıcı deyildir. Bu baxımdan cavabdehin dəlilləri daha inandırıcı olmuşdur. Bununla da birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan iddiasının məhkəmə iclasında sübüta yetirə bilməməsi əsası ilə, eyni zamanda iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında və “L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı”nda formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi iddianın sübut olunmaması ilə bağlı gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edir ki, yuxarıda istinad olunan Əmək Məcəlləsinin 44-cü maddəsindən də göründüyü kimi əmək müqaviləsi yazılı formada bağlanan müqavilə hesab olunmaqdadır. Tərəflər arasında isə hər hansı bir yazılı, o cümlədən şifahi əmək müqaviləsinin bağlanması və aylıq 150 manat ödənilməsi ilə bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməməkdədir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh qardaşları ilə torpaq mübahisələrinin olması səbəbindən qardaşlarının iddiaçıdan istifadə etməklə ona qarşı qərəzli iddialar qaldırlmağa nail olmasına dair izahat vermişdir ki, cavabdehin bu izahatı da ağlabatan olmuşdur. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclaslarına məhz cavabdehin qardaşı ilə birlikdə gəlməklə yanaşı, polis orqanında izahatı alınmış Habil Abbasovun cavabdehə qarşı izahat verməsi də qardaşlar arasında münasibətlərin normal olmamasını təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın sübut olunaması əsası ilə iddianı rədd etməsi əsaslı olmaqla, iddia müddətinin tətbiq edilməsinə də zərurət olmamışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yenidən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmadığını iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil də irəli sürə bilməmişdir. Halbuki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halı sübut etməyə borclu olmuşdur. İddiaçı tərəfindən məhkəməyə Tərtər RPŞ-də araşdırılmış material üzrə təhqiqtçı tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı təqdim edilmişdir ki, həmin qərarla da hazırkı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Bundan başqa iddiaçı birinci instansiya məhkəməsinə şahidlər təqdim etdiyini qeyd etsə də mülki iş materiallarında belə bir vəsatətlərin olması da müəyyən edilməməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci isntansiya məhkəməsinin iddianı rədd etməklə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə əsassı olduğundan təmin edlməməli, Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsi dəyişdirilmədən saxıanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(061)-731/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.