Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2429/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-802/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-802/2023 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsinə” dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh və Samux rayon notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında 04 mart 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunması və bağışlanan əmlakın əvvəlki vəziyyəti bərpa olunmaqla onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün göstərmişdir ki, Cavabdeh onun doğma övladıdır. Samux rayonu Qovlarsarı kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi var, həmin torpaq sahəsi və fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla bu barədə ona xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. O, arvadı ilə boşanmaqla 76 yaşlı qoca kişi olmaqla tək yaşamış, ona baxıb qulluq edən şəxs olmamışdır, çox çətinlik çəkmişdir. 2022-ci ilin mart ayının əvvəlində cavabdeh olan oğlu Cavabdeh onun yanına gələrək mülkiyyətində olan həyətyanı torpaq sahəsini və evi ona bağışlama yolu ilə verməyini, arvadı ilə birlikdə ölənə kimi onun yanında yaşayaraq qulluq edəcəklərini bildirmişdir. O, cavabdehin şərti ilə razılaşmış, 04 mart 2022-ci ildə Cavabdeh ilə Samux rayon notariat ofisinə gedərək, mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,19 ha hissəsini və 130.4 kv.m fərdi yaşayış evini notarial qaydada “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi bağlamaqla cavabdehə bağışlamış, lakin həyətyanı torpağı və evi bağışladıqdan sonra cavabdeh bir müddət ailəsi ilə birlikdə onunla yaşayandan sonra şərtlərini pozaraq ailəlikcə onu tərk etmişlər, onu baxımsız qoyaraq kirayə evdə yaşamışlar. Əmlakını ona baxacaq, qulluq edəcək başqa övladına bağışlaya bilmir, həm əmlakın əldən çıxmaqla, həm də baxımsız qalmaqla tək-tənha qalmaqla bağışlama onu çətin və əlacsız vəziyyətə salmışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qıətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh onun döğma övladıdır. Onun Samux rayon Qovlarsarı kəndində 0.39 ha həyəlyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi var və həmin torpaq sahəsi və fərdi- yaşayış evi onun xüsüsi mülkiyyətində olmaqla bu barədə xx.xx.2022-ci il tarixli çıxarış da verilmişdir. Bir neçə il bundan qabaq arvadı ilə boşanmış və özü də 76 yaşlı qoca kişi olmaqla evdə tək yaşamış, ona baxıb qulluq edən, paltarını yuyan, yeməyini bişirən və qayğısına qalan şəxs olmamış, çox çətinliklər çəkmişdir. 2022-ci ilin mart ayının əvvəlində də, oğlu Cavabdeh yanına gələrək bildirdi ki, əgər mülkiyyətində olan torpaq və evi ona bağışlasa arvadı və ailəsilə köçüb onunla yaşayarlar və ölənə kimi baxıb qulluğunda durarlar. O, da tək yaşamaqla çox əziyyət çəkdiyindən oğlu Cavabdeh şərti ilə razılaşmış və 04 mart 2022-ci il tarixdə Samux rayon Notariat ofisinə gedərək torpaq sahəsini və yaşayış evini oğlu Cavabdeh arvadı və ailəsi ilə birlikdə köçüb onun evinə gəlmişlər və birlikdə yaşamaqla ona qulluq etmişlər. Ancaq, bu uzun çəkməmiş bir muddətdən soma, yəni cavabdeh evinə və torpağına Çıxarış alandan sonra, ailəlikçə onu tərk edərək, onu baxımsız qoymaqla köçüb gedib kirayə ev tutaraq orda yaşamışlar aqla cavabdelı atasx olaraq məni ölənə kinüi saxlamaq, mənə qulluq etmək şərtini pozmuşdur. Hesab edir ki, məhkəmənin həmin qətnaməsi əsassız və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandığından ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdehlər Cavabdeh və Samux rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib şikayətin dəlliləri üzrə izahat verərək şikayətin təmin olunması, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-802/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli F-2 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi X1, Cavabdeh, X3, X2 və X4 ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 130.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.19 ha olan torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən görünür ki, Samux rayonu, Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 130.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.19 ha olan torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Samux rayonu Qovlarsarı kəndində 0.39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmuşdur, həmin torpaq sahəsi və fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla bu barədə ona xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. O, 04 mart 2022-ci ildə oğlu - Cavabdehla Samux rayon Notariat ofisinə gedərək, mülkiyyətində olan 0,19 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 130.4 kv.m olan fərdi yaşayış evini “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” bağlamaqla cavabdehə bağışlamış, müqavilə hər hansı şərt və ya öhdəlikdən asılı edilməmişdir. İddiaçının bildirdiyinə görə o, arvadı vəfat etdiyindən tək yaşadığına görə cavabdeh arvadı ilə birlikdə ona qulluq erməli olsa da, lakin həyətyanı torpağı və evi bağışladıqdan sonra cavabdeh bir müddət ailəsi ilə birlikdə onunla yaşayandan sonra şərtlərini pozaraq ailəlikcə onu tərk etmişlər, onu baxımsız qoyaraq kirayə evdə yaşamışlar. Əmlakını ona baxacaq, qulluq edəcək başqa övladına bağışlaya bilmir, həm əmlakın əldən çıxmaqla, həm də baxımsız qalmaqla tək-tənha qalmaqla bağışlama onu çətin və əlacsız vəziyyətə salmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda əqdin etibarsız hesab olunmasına əsaslar yoxdur. Digər tərəfdən əqdin etibarsızlığına dair müddət də keçmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Qanunun sadalanan normalarını nəzərə alan məhkəmə işin faktiki hallarına münasibətdə qeyd edir ki, hazırkı halda əqdin etibarsız hesab olunmasına əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, əqdin etibarsızlığına dair müddətdə keçmişdir. Yenə də həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normalarından göründüyü kimi bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-169 reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsindən isə göründüyü kimi həmin müqavilə hər hansı şərtin və ya öhdəliyin yerinə yetirilməsindən asılı edilməmişdir. Həm iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, həm də apellyasiya şikayətindən göründüyü kimi iddiaçının notariat ofisinə getməsinin səbəbi mülkiyyətçisi olduğu fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə cavabdehə bağışlamaq niyyəti olmuşdur və həmin müqavilə hər hansı bir şərtdən və ya öhdəlikdən asılı edilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qətnamə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçının formal mülahizələrindən ibarət olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-802/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2429/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2429/2023
25.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver