Məhkəmə qərarları › İş №2(104)-2451/2022

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2451/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2451/2022 04.10.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh1 vəkili X3 iştirakı ilə, İddiaçı «X10 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)- 29/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «X10 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı kredit sazişinə əsasən «X10 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 10,07 faiz ödənilməsi şərti ilə 359115 manat məbləğində borc pul verilmiş, həmçinin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün «X10 Azərbaycan» QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında 29 mart 2016-cı il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün bağlanmış xx.xx.2016-cı il tarixli, 204910/03 saylı sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən 0.007 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.6 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binası və 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrinin 3.1-ci bəndinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən 0.007 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.6 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binasının dəyəri 230000 manat, 0.119 torpaq sahəsində yerləşən ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinin dəyəri isə 90000 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etmədiyni iddia edərək, aşağıda gösrtərilən tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş "xxxx" MMC-nin rəyi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 75B ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 350000 (üç yüz əlli min) manat, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri isə 150000 manat müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evinin real bazar dəyəri 155000 manat, likvid dəyəri 120000 (yüz iyirmi min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının real bazar dəyəri 355000 manat, likvid dəyəri isə 300000 (üç yüz min) manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh birinci instasniya məhkəməsinin qətnaməsini borc məbləği və ioteka predmetlərinin dəyəri hissəsində mübahisələndirərək şikayət vermişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı «X10 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 94188.55 manat, 198201.31 manat cərimə məbləği olmaqla, cəmi 509529.54 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X10 Azərbaycan» QSC-nin xeyrinə tutulması, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X10 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 94188.55 (doxsan dörd min yüz səksən səkkiz manat əlli beş qəpik) manat, cərimə 2000 (iki min) manat, cəmi 313328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manatın və bildirişin qeydə alınması üçün 60 manatın, ödənilmiş 30 manatın dövlət rüsumunun «X10 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat dəyərində qiymətləndirilmiş Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evi və ilkin satış qiyməti 300000 (üç yüz min) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 313328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manatın və bildirişin qeydə alınması üçün 60 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı «X10 Azərbaycan» QSC-yə ödənilməsi, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya məhkəməsində icraat: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X10” QSC qanunsuz qiymətləndirmə apararaq əmlakın dəyərini həddindən az qiymətləndirmişdir. Bundan əlavə onların kredit ödənişləri düzgün hesablanmamışdır. İşə düzgün qiymət vermək üçün eksepetiza təyin olunmalı idi. Məhkəmə qərarı qanuna və sübuta əsaslanmamışdır. Sübutlara düzgün qiymət verilməmişdir. İpoteka predmetinin qiyməti ilkin qiymətləndirmədən, qiymətləndirmə təşkilatlarının müəyyən etdiyi qiymətlərdən dəflərlə aşağı qiymətləndirmişdir. Halbuki məhkəmənin təyin etdiyi qiymətləndirmələrdə daşınmaz əmlakların real bazar qiymətləri əks edilmiş lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 oğlunun vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlyumat verilməsinə baxmayaraq, iddiaçı «X10 Azərbaycan» QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı «X10 Azərbaycan» QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqe: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan faiz məbləği, buna müvafiq olaraq isə ümumi borc məbləği və ipoteka predmetləri satıldıqdan sonra «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsi üzrə isə bağlanmış xx.xx.2016-cı il tarixli, 01 saylı kredit sazişinə əsasən «X10 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 10,07 faiz ödənilməsi şərti ilə 359115 manat məbləğində borc pul verilmişdir. Həmin kredit sazişinə əsasən öhdəliyin icrasının son müddəti 06 aprel 2020-cı il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 06 aprel 2020-ci il tarixdə bitsə də, iddiaçı tərəfindən öhdəliyin icrası müddəti bitdikdən sonrakı dövrədək, yəni xx.xx.2022-ci il tarixədək faizlər hesablanaraq tələb edilmiş, birinci instansiya məhkəməsi də iddiaçı tərəfindən tələb edilən həmin faiz məbləği hissəsində iddia tələbini əsassız olaraq təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan faiz məbləğləri hissəsində iddianı təmin edilməliydi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan isə görünür ki, xx.xx.2020-ci il tarixinə xx.xx.2016-cı il tarixli 01 saylı kredit sazişi üzrə hesablanmış faiz məbləği 52751,06 manat təşkil etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavadbehlərdən tutulan faiz məbləği hissəsində ləğv edilməli və cavabdehlərdən 05 aprel 2016-cı il tarixli saziş üzrə 06 aprel 2020-cı il tarixinədək hesablanmış faiz məbləği, yəni 52751.06 manat tutulmalı, iddia tələbi qalan faiz məbləği hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası cavadbehin birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iki dəfə qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin rəyi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 75B ünvanda yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 350000 (üç yüz əlli min) manat, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin dəyəri isə 150000 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evinin real bazar dəyəri 155000 manat, likvid dəyəri 120000 (yüz iyirmi min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının real bazar dəyərinin 355000 manat, likvid dəyərinin 300000 (üç yüz min) manat təşkil etməsi müəyyən edilmişdir ki, müxtəlif qiymətləndiricilər tərəfindən ipoteka predmetlərinin real bazar dəyəri demək olar ki, eyni məbləğdə qiymətləndirilmişdir. Lakin, "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə ipoteka predmetlərinin real bazar dəyəri ilə yanaşı, likvid dəyəri də müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq, ipoteka predmetlərinin ilkin satış dəyərini "xxxx" MMC-nin qiymətləndirmə rəyi əsasında likvid dəyərlə müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərracda mənzil «X10 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi qəti olmaqla, hər hansı bir şərtdən asılı edilə bilməz. Digər tərəfdən ipoteka predmetləri hərracda satışa çıxarıldığı və hərracda satıldığı təqdirdə ipoteka predmetlərini əldə edən şəxs başqa şəxs də ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ipoteka predmetləri hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Buna görə də qətnamə həmin hissədə də ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, yalnız Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasının hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılması qət edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 nömrəli qətnaməsi cavabdehlərdən tutulan faiz, ümumi borc məbləği və ipoteka predmetləri hərracda satıldıqdan sonra boşaldılaraq, «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

QƏTETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(044)-29/2022 nömrəli qətnaməsi cavabdehlərdən tutulan faiz, ümumi borc məbləği və ipoteka predmetləri hərracda satıldıqdan sonra boşaldılaraq, «X10 Azərbaycan» QSC-yə təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissələrdə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 217139.68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 52751,06 (əlli iki min yeddi yüz əlli bir manat 06 qəpik) manat, cərimə məbləği üzrə 2000 (iki min) manat olmaqla, cəmi 271890,74 (iki yüz min yetmiş bir min səkkiz yüz doxsan manat, 74 qəpik) manat alınaraq, iddiaçı «X10 Azərbaycan» QSC-yə verilsin. İddia tələbi qalan faiz məbləği hissəsində təmin edilməsin. İpoteka predmetləri olan Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası hərracda satıldıqdan sonra, bir ay müddətində boşaldılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afiq Hüseynzadə

Hakimlər: İslam Həsənov

Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar