Məhkəmə qərarları › İş №2(104)-2488/2022

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2488/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2488/2022 07.10.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(015)-429/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 iyun 2018-ci il tarixdən başlayaraq 04 aprel 2007-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ildə ailə qurmuşdur. Onlar nikahlarını rəsmiləşdirməmiş və faktiki ər-arvad münasibətində olmuşlar. Onların faktiki birgə nikahlarından 04 aprel 2007-ci il təvəllüdlü X6 anadan olmuşdur. Əvvələr cavabdehlə münasibətləri normal olsa da sonradan cavabdehin öz ailəsinə etinasız yanaşması, ailə və uşaqla maraqlanmaması səbəbindən münasibətləri pozulmuş və onlar ayrılmışlar. Artıq 13 ildir ki, onlar ayrı yaşayırlar və cavabdeh uşağın saxlanmasında, tərbiyyəsində indiyədək olan müddət ərzində iştirak etməmiş, bir dəfə də olsun azyaşlı uşaqlarının necə yaşaması ilə maraqlanmamışdır. Hətda Bakı 6 saylı mediasiya təşkilatına gəlməmiş, razılıq bildirməmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdeh uşaqla maraqlanmadığından, ondan azyaşlı övladının saxlanılması üçün məhkəmə qaydasında aliment tutulmalıdır. Ona görə də Cavabdeh 22 iyun 2018-ci il tarixdən başlayaraq 04 aprel 2007-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(015)-429/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia qismən təmin edilərək, Cavabdeh 31 mart 2022ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi, Cavabdeh 35,60 manat miqdarında dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Ağstafa Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(015)-429/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində alimentin müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən 2022-ci il uşaqlar üçün yaşayış minimumundan az məbləğdə alimentin təyin edilməsini əsaslandırmamış, uşağı minimum tələbatlarını ödəyəcək məbləğdə aliment təyin etməmişdir. Hesab edir ki, alimentin məbləği 193 manat məbləğidnə müəyyən edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 anası İddiaçıdır. Atası qrafasında isə Cavabdeh qeyd olunmuş, uşağın baba adı isə qeyd olunmamışdır. Məhkəmə kollegiyası tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisə edilən hissə üzrə, yəni alimentin məbləği üzrə yoxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən onun əmək qabiliyyətsiz olması, o cümlədən cavadbehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə görə isə uşaqları saxlamaq valideynlər hər ikisinin vəzifəsidir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir ki, cavadbehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübutun təqdim edilməməsi, uşaqları saxlamağın valideynlər hər ikisinin vəzifəsi olması və 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləğinin 193 manat müəyyən edilməsi nəzərə alındıqda qət edilən məbləğ əsaslı hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i: Ağstafa Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(015)-429/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(015)-429/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Afiq Hüseynzadə

Hakimlər: İslam Həsənov

Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar