Məhkəmə qərarları › İş №2(104)-2494/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2494/2023

01.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2494/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonran MMC) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh “X7” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X7” MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy Rayon Məhkəməsinin 3(042)-97/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, İddiaçı şikayəti əsasında X4 Xidmətinin X3 tərəfindən “X9” MMC haqqında Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilmişdir.

2. İddiaçı “X7” MMC-yə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onu xx.xx.2021-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

3. “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-146 nömrəli əmrdən görünür ki, İddiaçı şirkətin sürücü vəzifəsində çalışan əməkdaşın xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərin birinin təşəbbüsü ilə) maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsi, onun əmək müqaviləsinin ləğv edilməsi və son haqq-hesabın aparılması əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “X7” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X7” MMC-də işlədiyi 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda, cəmi 3850 manat pulun və 01 il müddətinə işlədiyi dövrdə alacağı 700 manat pulla təzminat hesablanmış 8400 manat pulun, cəmi 12250 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 07 iyul 2021-ci il tarixdə “X7” MMC-də sürücü kimi işə düzəlmişdir. İşə düzələrkən ona əmək haqqının 500-700 manat olduğunu və sürücülükdən əlavə fəhlə olaraq işləyə biləcəyini bildirmişdilər. O, 10 avqust 2021-ci il tarixə qədər işləmiş və ona 1 ay müddətdə 400 manat aylıq əmək haqqı vermişdilər. Daha sonra isə o, 1 il yəni 2022-ci ilin iyul ayına qədər ştatsız və müqaviləsiz olaraq sürücü və fəhlə kimi işləməyə başlamışdır. İşlədiyi müddətdə ona əmək haqqısının aylıq 500-700 manat olaraq veriləcəyini bildirsələr də, ona aylıq əmək haqqısı hissə-hissə 300-350 manat verilmişdir. O, əmək haqqının tam şəkildə verilməsini tələb etdikdə isə, ona verilməmiş əmək haqqısının növbəti ayda əmək haqqı zamanı birlikdə veriləcəyinə dair söz verilmişdir. Ancaq 2022-ci ilin iyun ayında onun işinə xitam verilərək, o işdən azad olunmuşdur. O, “X7” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu ödənilməmişdir. “X7” MMC-də 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda 3850 manat edir. “X7” MMC-dən işdən çıxarıldığı zaman ona verilməli olan təzminat pulu verilməmişdir. 1 il müddətinə işlədiyi dövrdə alacağı təzminat pulu 8400 manat edir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

6. Bundan sonra cavabdeh “X7” MMC iddia tələbinə dair birinci instansiya məhkəməsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, “X7” MMC barəsində İddiaçı tərəfindən pul tələbinə dair iddia ərizəsi aşağıda qeyd edilən səbəblərə görə qanunsuz və əsassızdır. İddiaçı ilə “X7” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi əsasında “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-146 səylı əmriylə xitam verilmiş, Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı qeyd edilən əmrlə tanış olmuş, ona əmək kitabçası təqdim edilmiş və son haqqhesab aparılmışdır. Qeyd edilənlərdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir. 10 mart 2023-cü il tarixli ******* nömrəli qərarın verilməsi üçün əsas olmuş 01 mart 2023-cü il tarixli ******* saylı protokolda qeyd edilir ki, barəsində inzibati tənbeh haqqında qərar qəbul edilən şəxsin qeyd edilən inzibati xəta törətməsi İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli faktura ilə təsdiq edilir. İlk öncə onu qeyd etmək lazımdır ki, “X7” MMC-nin sadəcə adının qeyd edildiyi faktura hələ bu sənədin sonuncu tərəfindən tərtib edildiyinə əsas vermir. Belə ki, qeyd edilən faktura ciddi hesabat sənədi olduğundan “X7” MMC-nin blankında tərtib edilməli və şirkətin möhürü ilə təsdiq edilməli idi. Digər tərəfdən X6 tərəfindən törədildildiyi hesab edilən inzibati xəta tam, hərtərəfli araşdırılmadan qərar verilmişdir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş fakturalar üzrə həqiqətən də malın İddiaçı tərəfindən “X7” MMCnin anbarından təhvil götürüldüyü iş materialları ilə də öz təsdiqini tapmır. Həmçinin fakturaya diqqət etsək görərik ki, fakturanın “Anbardar” və “Bölgə müdiri” hissəslərində səlahiyyətli şəxslərin imzaları mövcud deyil.

8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-395/2023 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1091.1, 1091.2 və 1092.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 216-227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-395/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun iddiası təmin edilməmiş və hüquqları pozulmuşdur. Qətnamədə göstərilənlər işin hallarına uygun deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 07 iyul 2021-ci il tarixdə “X7” MMC-də sürücü kimi işə düzəlmişdir. O, 10 avqust 2021-ci il tarixə qədər işləmiş və ona 1 aya görə 400 manat aylıq əmək haqqı vermişlər. Ərizəsi əsasında xx.xx.2021-ci ildə işdən azad olunmuşdur. İşlədiyi müddətdə ona əmək haqqısının aylıq 500-700 manat olaraq veriləcəyini bildirilmişdir. Daha sonra orada 11 ay əmrsiz sürücü və fəhlə işləmiş, əmək haqqı almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X7” MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, İddiaçı ilə “X7” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o işə qəbul olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi əsasında “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-146 səylı əmri ilə xitam verilmiş, Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı qeyd edilən əmrlə tanış olmuş, ona əmək kitabçası təqdim edilmiş və son haqqhesab aparılmışdır. Onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən faktura ciddi hesabat sənədi olduğundan “X7” MMC-nin blankında tərtib edilməli və şirkətin möhürü ilə təsdiq edilməli idi. Digər tərəfdən X6 tərəfindən törədildildiyi hesab edilən inzibati xəta tam, hərtərəfli araşdırılmadan qərar verilmişdir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş fakturalar üzrə həqiqətən də malın İddiaçı tərəfindən “X7” MMC-nin anbarından təhvil götürüldüyü iş materialları ilə də öz təsdiqini tapmamışdır. Həmçinin fakturaya diqqət etsək görərik ki, fakturanın “Anbardar” və “Bölgə müdiri” hissəslərində səlahiyyətli şəxslərin imzaları mövcud deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-395/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021ci il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixdə isə iddiaçının ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci ilin iyun ayına qədər cavabdeh olan “X7” MMC-də əmək müqaviləsi olmadan sürücü və fəhlə kimi işlədiyini, buna görə də ona maddi ziyan dəydiyini iddia etmişdir.

39. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

40. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Azərbaycan Respublikasının MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Azərbaycan Respublikasının MM-in 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh “X7” MMC-də işlədiyi 11 ay üzrə verilməmiş pullarının hər ayı 350 manatdan hesablanmış olduqda, cəmi 3850 manat pulun və 01 il müddətinə işlədiyi dövrdə alacağı 700 manat pulla təzminat hesablanmış 8400 manat pulun, cəmi 12250 manat pulun ona verilmədiyini bildirir. Bu halda isə sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

45. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

46. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

47. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

48. Azərbaycan Respublikasının MM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

53. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-395/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar