Məhkəmə qərarları › İş №2(104)-252/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-252/2024

11.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-252/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) X1, həmçinin, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəyişdirmə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişdirmə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evini 0,292 ha torpaq sahəsini cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə dəyişdirmək barədə razılığa gəlmişdir. Razılığa əsasən 03 sentyabr 2022-ci il tarixli Dəyişmə Müqaviləsi imzalamışlar. Lakin cavabdehin iddiaçının mülkiyyətinə verməli olduğu yaşayış evinin külli miqdarda vəsaitə ehtiyacı olduğundan cavabdeh dəyişdirmədən sonra həmin təmiri həyata keçirmək üçün əlavə olaraq ona 15.000 (on beş min) manat məbləğində pul da verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında əldə olunan razılığı notariusda baş tutan müqaviləyə əlavə etmək mümkün olmadığından şifahi razılaşmaya əsasən pulu Müqavilə bağlandıqdan 3-4 gün ərzində cavabdeh iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin pul məbləğini iddiaçıya verməsəydi o, açıq-aşkar onun cavabdehin mülkiyyətinə verdiyi evin dəyərindən aşağı olan mülklə dəyişməz və həmin Müqaviləni imzalamazdı. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mustafa Mustafayev) iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişdirmə müqaviləsi ləğv edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında xx.xx.2022ci il tarixdə iddiaçıya məxsus ünvan 1-lə mənə məxsus ünvan 3 ünvanında yerləşən 0,353 ha torpaq sahəsinin əvəzləşdirilməsi barədə notarial qaydada müqavilə bağlanmışr. Müqavilə bağlanan ərəfədə iddiaçı və qohumları bir neçə dəfə həmin torpaq sahəsinə gəlmiş, baxış keçirmiş və razı olduqlarını bildirmişlər. Bundan sonra o, öz növbəsində Bakı şəhərində yerləşən fərdi yaşayış evinə köçərək yaşamağa başlamış və hazırda da, azyaşlı övladlarımla həmin evdə yaşayır. İddiaçı iddia tələbində qeyd edir ki, guya onu aldatmış, ona 15000 manat məbləğində pul ödəməyi öhdəmə götürmüş, mənə məxsus fərdi yaşayış evini onlara aldadaraq təqdim etmişdir. Əslində isə həmin fərdi yaşayış evinə iddiaçı tərəf dəfələrlə baxış keçirmişdir, baxmayaraq ki, o, iddiaçıya fərdi yaşayı evi yox, torpaq sahəsi təqdim etmiş və aralarında bağlanan müqavilə də elə torpaqla evin dəyişdirilməsi olmuşdur. O ki, qaldı 15000 manat məsələsinə, həmin məbləğ iddiaçının mülahizəsindən başqa bir şey deyil və həqiqəti əks etdirmir, ümumiyyətlə aralarında belə bir söhbət olmamışdır. 15000 manat məbləğində pulu heç kəs bir-birinə şifahi qaydada etibar etməz, egər elə bir məbləğ var idisə niyə onunla borca dair müqavilə bağlanmırdı... İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə nəzər salınarkən bəlli olur ki, iddiaçı iddia tələbinin hüquqi əsaslandırmasını tez-tez dəyişir, müqavilənin ləğvini, gah 15000 manat pulla əlaqələndirir, gah da, onun müqavilə bağlandlğı an aldadıldığını deyərək müqavilənin etibarsızlığını tələb edir. İlk dəfə məhkəməyə müraciət etdiyi iddia ərizəsində qeyd edir ki, “həmin evin külli miqdarda vəsaitə ehtiyacı olduğundan cavabdeh həmin təmiri həyata keçirmək üçün əlavə olaraq mənə 15000 manat məbləğində pul da verməli idi” iddiaçı özü də fərqinə varmadan etiraf edir ki, o, torpağı və evi əldə edən zaman aldanmamış, xırda qusurların olduğunu bilmiş və bunların müqabilində 15000 manat pulun alınmalı olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavədə iddiaçı qeyd edir ki, “cavabdehin mülkiyyətində olan evə baxan zaman həmin evin tam təmirli olmamasını bildirmiş, əlavə olaraq həmin evin təmiri üçün 15000 manat lazım olduğunu bildirmiş, cavabdeh də onunla razılaşmışdır. Bu cümlədən aydın olur ki, iddiaçı artıq qüsurları bilirdi və anlaqlı şəkildə qəbul etmişdi. Əlbəttə ki, evin xırda para işlərinin yarımçıq vəziyyətdə iddiaçı tərəfindən qəbul edilməsi heçdə elə belə baş verməmişdir, qarşılığında Bakı şəhərindəki evdə olan bəzi işləri görməli, yəni kombi çəkdirməli, divar düzəltməli və darvaza qoydurmalı idi... Bunların hamısını o etmişdir. 10000- dən artıq xərci çıxmış, yalnız mətbəxt mebelinə 4600 manat pul xərcləmişdir. Daha sonra qeyd edilir ki, “cavabdehə məxsus fərdi yaşayış evində təmir işləri tam yekunlaşmamışdır, həyətyanı barının və evin fasad üzü üzlənmədiyinə görə evin içərisi külək sızmasından soyuq olur, evin içərisində yerləşən otaqların künclərinə printuslar vurulmamışdır, evin döşəmədə olan ara atmalarının ara məsafəsi 50-60 santımetr olmalı olduğu halda ara kəsmələr 1 metrdən yuxarı vəziyyətdə qoyulmuşdur, bu da evin döşəməsinin oynaq vəziyyətdə olmasına gətirib çıxarır”. Budadan da məlum olur ki, ekspert rəyində qeyd edilən qüsurlar iddiaçıya artıq məlum idi.. Bundan sonra iddianın hüquqi əsasını dəyişən iddiaçı aldadılmasını xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə başqa cür əsaslandıraraq qeyd edir ki, müqavilədə əvəzləşdirilən əmlaklar qiymət cəhətdən uyğunsuzdur və bu yolla aldatma baş vermişdir, sonra isə müqavilənin etibarsızlığını tələb edir. Ən sonda xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə yenidən müqavilənin ləğvini tələb edir. Bütün bunlara nəzər salınarkən məlum olur ki, iddiaçının iddia tələbinin əsası qeyri müəyyəndir və həqiqətə uyğun olanı tapıb yaza bilməyib. 15000 manat məbləğində pulun yalnız şifahi razılaşmaya əsasən ondan alınmasına iddiaçının razılıq verməsi ağlabatan mühakimə icraatı qaydasında başa düşülən deyil.. Əgər aralarında 15000 manata dair sövdələşmə var idisə, bu müqavilənin bəndi kimi qeyd edilməli idi. Bundan başqa ekspert rəyində qeyd edilir ki, fərdi yaşayış evi üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikintitexnologiyalarına yerinə yetirilmədiyi müəyyən olunur. Dərhal başdan qeyd edilməlidir ki, “tikinti-texnologiyası” termini, nə hüquq ədəbiyyatında, nə Dövlət Tikinti Normaları haqqında qanunda, nə də ki, heç bir qərar və təlimatda işlənməmiş, həmin termin qanunda işlədilməmişdir. Ekspert rəyinə nəzər salarkən görünür ki, ekspert rəyi heç bir qanuna əsaslanmamışdır. sin. Bundan başqa, 3 azyaşlı övladı artıq Bakı şəhərində orta məktəbə getməyə başlayıb və həmin mühitə öyrənib, onların yenidən gəncəyə qayıtmaları, başqa məktəbə yazılmaqla, başqa müəllimlərin yanında hazırlıqlara başlamaları bizim üçün həqiqətəndə böyük bir problem olardı. Mən həmin övladları tək başına böyüdürəm, ərim yoxdur, bizi atıb gedibdir. İddiaçı nümayəndəsi (atası) X1 apellyasiya şikayətinə yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 144.7 kv.m olan 0.292 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0,353 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə dəyişdirmək barədə razılığa gəlinmiş, həmin razılığa əsasən 03 sentyabr 2022-ci il tarixli Dəyişmə müqaviləsi imzalanmışdır. Lakin dəyişmə müqaviləsi imzalanmazdan öncə iddiaçı cavabdehin mülkiyyətində olan evə baxan zaman həmin evin tam təmirli olmamasını bildirmiş, əlavə olaraq həmin evin təmiri üçün 15.000 manat lazım olduğu, cavabdeh də, bununla razılaşmışdır. Çünki cavabdehin ünvan 5 ünvanda yerləşən evində təmir tam yekunlaşmamışdır. Belə ki, həyətyanı barının və evin fasad üzü üzlənmədiyinə görə evin içərisi külək sızmasından soyuq olur, evin içərisində yerləşən otaqların künclərinə printuslar vurulmamış, evin döşəməsində olan ara atmalarının ara məsafəsi 50-60 santimetr olmalı olduğu halda ara kəsmələr 1 metrdən yuxarı vəziyyətdə qoyulmuş, bu da evin döşəməsinin oynaq vəziyyətdə olmasına gətirib çıxarmışdır. Çünki tavanın heç bir yeri sütunla bərkidilməmişdir. O, ailəsi ilə həmin evə köçəndən sonra ona məlum olmuşdur ki, evin küçə, arxa və otağın bir hissəsi tək daşla tikilmiş, evin tavanına nazik qatlı torpaq tökülmüş, bundan əlavə evin mətbəxində yuyulan qabın və paltar yuyan maşının suyu evin həyətinə axır. Evin pəncərələrinin qıraqları suvanmamış və ev tək daşla tikildiyi üçün evə soyuq külək daxil olur. Soyuğun qarşısını almaq üçün evin pəncərələrinin qıraqlarını qum və sementlə suvasa da, bunun xeyri olmamışdır. Hazırda həmin evin ev vəziyyətinə salınması üçün 15.000 manatdan artıq pul vəsait lazımdır. Cavabdeh həmin evin problemlərini bilmiş və onlara 15.000 manat əlavə pul verəcəyini vəd etmişdir. O, cavabdehlə evini dəyişəndən sonra cavabdehə 15.000 manat pulu verməli olduğunu bildirdikdə, cavabdeh ona heç nə verməyəcəyini və onu buna görə narahat etməməyi bildirmişdir.Cavabdeh apellyasiya şikayətində iddiaçının və qohumlarının bir neçə dəfə həmin torpaq sahəsinə gələrək baxış keçirərək evlərin dəyişməsinə razı olduqlarını bildirmişlər. Halbu ki, iddiaçı və ailə üzvləri həmin evə bir dəfə baxış keçirmiş, o da gündüz vaxtı yox, gecə vaxtı olmuşdur. Bundan başqa cavabdeh apellyasiya şikayətində gah iddiaçıya fərdi yaşayış evi yox, torpaq sahəsi təqdim etməsini və aralarında bağlanan müqavilə də elə torpaqla evin dəyişdirilməsi olmasını yazır, gah da təzə təmirdən çıxdığı üçün cuzi təmir işlərinin qalmasını şəxsən iddiaçıya bildirməsini göstərir. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində evini 55000 manata lalafoya satışa qoyduğunu bildirmişdir. Cavabdehin özü də fərqinə varmadan etiraf edir ki evini lalafoya 55000 min manata satışa qoyur, lkin iddiaçıya lalafoda elanda göstərdiyi evi yox, torpaq sahəsini satır. Bundan başqa cavabdeh apellyasiya şikayətində evdə olan qüsurların aradan qaldırıla bilən qüsurlar olmasını, həmin məsələ qüsur deyil, təzə remontdan çıxmış evin tamamlanmalı olduğu son işlərin olmasını bildirmişdir. Birinci instansiya məhkəməi tərəfindən əldə edilmiş ekspert rəyi ilə də fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi qeyd olunmuşdur. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, öz evini 55 min manata lalafoya satışa qoymuşdur. Həmin civarda evlərə baxmışdır ki, satsa həmin qiymətə nə ala bilər. Arenda.az saytinda həmin evin satıldığını görmüş və gedib evə baxmışdır. Saytda razılaşma yolu ilə satıla biləcəyi yazılmışdır. Ona demişlər ki, onlara da, Gəncədə ev olsa barter edərlər. O da, Gəncədəki evi satıb almaq istediyini bildirmişdir. Evin səkillərinə baxib bəyənmiş və gedib baxmaq istədiklərini bildirmişlər. Gəncədəki ev təzə remontdan cixmış, cox bahalı materiallarla təmir olunmuşdur. İddiaçı tərəf Gəncədəki evə baxıb bəyəndikdən sonra evlərin əvəzləşdirilməsi barədə notarial müqavilə bağlamışlar. Sentyabr ayının 17-si Aygün xanımın qızı ona mesaj yazmışdır ki, onlar evə mətbəx mebeli yığdırlar, ondan evin dizayn qrafikini versinlər. Ona verilən evin otaqları berbad vəziyyətdə olmuşdur. Evə köçənə kimi evdə usta işlətmiş, otağın birini təmir etmiş, təzə yataq otağı üçün mebel alıb qoymuşdur. Təzə kombi almışdır. Sonra bəlli olmuşdur ki, radiatorların hamısının başı su axıdır. Onları dəyişmiş və turbaları 25-lik turbalarla əvəz etmişdir. Kombi daxil ustalarla birgə onun 2 min manat xərci çıxmışdır. Üzərindən bir ay keçdikdən sonra, oktyabr ayının axırlarında iddiaçının oğlu bildirmişdir ki, o, istəmir ki, onun atası anası Gəncədə qalsın. Orada yasaya bilmirlər. Onları qaytarmaq lazımdır. Ona görə də, evi qaytarmaq istədiyini bildirmişdir. O isə bildirmişdir ki, bir otağı təmir edib, kombi təzədən cəkilib. 600 manat notariusa xərc çəkmişdir. Evi sigortalatmışdır. Evə bahalı elektrik əşyaları almışdır. İddiaçının oğlu isə 10 min manat istəmişdir ki, Gəncədə ki, evi satıb, üzərinə də, 10 min manat əlavə edib atası və anasına yeni ev alsınlar. 2 gün sonra iddiaçının əri gəlib demişdir ki, 10 min manatı nə vaxt verəcəyini soruşmuşdur. Bildirmişdir ki, onlar belə danışmamışlar, dəymiş ziyanı versinlər, evi qaytarsın. Məhkəmə isə işin həmin hallarını nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi (atası) X1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsindən görünür ki, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini dəyişmişlər. xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Şəkillərdən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsinin şəkilləri əks olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1660 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, İmran Abbasov küçəsi 57 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini dəyişmişlər. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini Cavabdeh tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsinin dəyişdirmə müqaviləsinin ləğv edilməsini xahiş edir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində təmir işlərinin aparıldığı, yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, fərdi yaşayış evi üzrə aparılmış təmir tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı dəyişdirilmiş ev tikintitexnologiyalarına uyğun yerinə yetirilmədiyindən dəyişmə müqaviləsindən imtina edərək evinin qaytarılması hüququna malikdir və bu baxımdan iddi tələbi əsaslı olduğundan təmin edilməlidir. Mübahisənin maddi hüquqi əsasları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662 və 587.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasında müəyyən olunur ki, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi və müvafiq qeydiyyata alınmayan yaşayış evini 55 min manata lalafoya satışa qoymuş, həmin civarda evlərə baxarkən iddiaçının Arenda.az saytinda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsinin 55.000 manata satılması, Gəncə şəhərində evlə barter edilməsi barədə elanı görmüş, sonra qarşılıqlı olaraq evlərə baxaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsinin dəyişdirilməsi barədə razılığa gələrək, notariat qaydada xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsini imzalamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında dəyişdirmə (əvəzləşdirmə) müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Həmin müqavilə şərtlərinə əsasən, cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi və 0,292 ha torpaq sahəsini qəbul edərək, əvəzinə, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsini sonuncuya verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.7 kv.m olan fərdi yaşayış evi əvəzində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,353 ha olan torpaq sahəsinin verilməsi barədə müqavilə ilə razılaşdırılmışdır. İddiaçının dəyişmə müqaviləsi imzalanmazdan öncə cavabdehin mülkiyyətində olan evə baxan zaman həmin evin tam təmirli olmaması, əlavə olaraq həmin evin təmiri üçün 15.000 manat lazım olduğu, cavabdeh də, bununla razılaşaraq, ona 15000 manat əlavə pul verilməsinə dair şifahi razılaşmanın olmasına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçı tərəf müqavilədən öncə dəyişdirmə müqaviləsinin predmeti olan torpaq sahəsinə baxıb bəyənmiş, evdə aparılmış təmir işlərini görmüş və dəyişdirmə ilə razılaşaraq, heç bir etirazı olmamışdır. Həmçinin ona 15000 manat əlavə pul verilməsinə dair razılaşmanın olmasına dair dəlili öz təsdiqini tapmır, bununla bağlı mötəbər sübutlar təqdim etməmiş və bu hal tərəflər arasında bağlanmış müqavilənin şərti kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış dəyişdirmə müqaviləsi qanuni əsaslarla bağlanmış və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzaradətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla vəya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 662.1. dəyişdirmə müqaviləsinə görə, tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür Maddə 662.2. dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 662.3. dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi əqdin (dəyişdirmə müqaviləsinin) ləğvinə yönəldiyindən, yalnız əqdin ləğvinə dair hüquqi əsasların olub-olmaması araşdırılaraq, hüquqi qiymət verilmiş və müəyyən edilmişdir ki, iddia dəlilləri mübahisə edilən əqdin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsin görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə görə, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. İşdə olan ekspertiza xərcinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir və həmin ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-689/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəyişdirmə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE**********00********) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar