Məhkəmə qərarları › İş №2(104)-2550/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2550/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2550/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: uşaq və aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(021)-996/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 08 dekabr 2022ci il tarixli 05Q/69-1093/12 nömrəli çıxarışından görünür ki, Cavabdeh ilə X2 arasında 19 oktyabr 2016-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Qurbanova soyadı verilmişdir.

2. Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05Q/69-1106/12 nömrəli arayışdan müəyyən olunur ki, X5 23 may 2017-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

3. Doğum haqqında 29 iyun 2020-ci il tarixli AZ-İV seriyalı 448459 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 05 iyun 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

4. Doğum haqqında 04 dekabr 2022-ci il tarixli AZ-İV seriyalı 826104 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 05 iyun 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

5. Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 14 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Bəhruz Qurbanzadə və Murad Qurbanlının ataları Cavabdeh himayəsində, Məryəm Qurbanlının isə anası İddiaçı himayəsində qalıb yaşamalarını uşaqların mənafeyinə uyğun, məqsədəmüvafiq və qanununamüvafiq hesab edilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddiaçı üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən birgə nikahlarından anadan olmuş 23 may 2017-ci il təvəllüdlü X5, 05 iyun 2020-ci il təvəllüdlü X8 və 25 noyabr 2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat aliment, həmçinin Murad və Məryəm adlı uşaqlarının 3 yaşına çatanadək hər ay hər uşaq üçün 50 manat olmaqla 100 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 oktyabr 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 23 may 2017-ci il tarixdə Bəhruz, 05 iyun 2020-ci il tarixdə Murad və 25 noyabr 2022-ci il tarixdə Məryəm adlı uşaqları anadan olmuşlar. Fakti olaraq ayrılmışlar və uşaqlar onun himayəsindədir. Uşaqların maddi və mənəvi ehtiyacları onun tərəfindən ödənilir. Cavabdeh isə uşaqların saxlanılmasında ona maddi köməklik göstərmir.

8. Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, birgə nikahlarından anadan olmuş 23 may 2017-ci il təvəllüdlü Bəhruz, 05 iyun 2020-ci il təvəllüdlü Murad və 25 noyabr 2022-ci il təvəllüdlü Məryəm adlı uşaqların onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 19 oktyabr 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 23 may 2017-ci il tarixdə Bəhruz, 05 iyun 2020-ci il tarixdə Murad və 25 noyabr 2022-ci il tarixdə Məryəm adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulmuş və birgə yaşamaqları mümkün deyil. Uşaqlar onunla birgə yaşamaq istəyirlər. Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmalıdır. Uşaqların onun yanında yaşamaları məqsədəmüvafiqdir.

10. Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(021)-996/2023 nömrəli (hakim E.Əhmədov) qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, tərəflərin birgə nikahlarından doğulmuş 25 noyabr 2022-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılması; Tərəflərin birgə nikahlarından doğulmuş 25 noyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər 100 (yüz) manat məbləğində sabit pul və X6 üç yaşına çatanadək 30 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması; Alimentə dair hissədə qətnamə dərhal icra edilməsi; İlkin iddia qalan hissədə təmin edilməməsi; Qarşılıqlı iddia qismən təmin edilməsi; Tərəflərin birgə nikahlarından doğulmuş 23 may 2017-ci il təvəllüdlü X5 və 05 iyun 2020-ci il təvəllüdlü X8 ataları X3 himayəsində saxlanılmaları; Qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməsi qət olunmuşdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəllənin 75.1, 78.1, 84.2, 84.2.2, 100.2 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13, 19 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 119, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4, 216-220, 360 maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini, ilkin iddia tələbinin isə tam təmin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlkin iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Cavabdeh onun barəsində heç bir subutu olmadığı halda böhtan xarakterli məlumatlar deyir. Tərəflər ayrıldığı gündən uşaqlar ananın himayəsində olmuşlar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası da yalnış rəy vermiş və onun hüquqlarını pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, birgə nikahlarından anadan olmuş uşaqlar hazırda da onun himayəsindədir. Uşaqları saxlamaq üçün fermada inək sağır. Nikahları pozulmasada, artıq bir ildir ki, uşaqları təkbaşına böyüdür. Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından yalnız Natiq müəllim ata evinə gəlmiş, digər komissiya üzvləri gəlməmişlər. Atasının evində uşaqları saxlamaq üçün lazımı şərait var. Cavabdeh fərdi əməklə məşğul olur, lakin uşaqların saxlanılmasına maddi köməklik etmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 34 bənd 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 22.2.1 Məhkəmə nikahın pozulması haqqında qətnamə qəbul edərkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını müəyyən edir.

19. Maddə 49.2 Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

20. Maddə 50.2 Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

21. Maddə 58.2 Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

22. Maddə 60.1 Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

23. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

24. Maddə 73.1 Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir.

25. Maddə 75 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Maddə 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

29. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

30. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

31. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 4 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

33. Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

34. Maddə 8 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

35. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət yetdikdə görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır.

36. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

37. Avropa Məhkəməsi “Bronda İtaliyaya” qarşı qərarında qeyd etmişdir ki, “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”.

38. “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıq-aydın mane olma əlamətləri görünürsə).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

44. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

46. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

47. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

48. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 19 oktyabr 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 23 may 2017-ci il tarixdə Bəhruz, 05 iyun 2020-ci il tarixdə Murad və 25 noyabr 2022-ci il tarixdə Məryəm adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış, azyaşlı uşaqlar ananın himayəsində qalmışdır. Gülmira Qurbanova uşaqlaırn saxlanılması üçün Cavabdeh aliment tələb etmiş, sonuncuda öz növbəsində qarşılıqlı iddia verərək uşaqların onun himayəsinə verilməsini məhkıəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

54. İlkin və qarşılıqlı iddia tələbinə münasibətdə kollegiya hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

55. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflərin birgə nikahlarından 23 may 2017-ci il tarixdə Bəhruz, 05 iyun 2020-ci il tarixdə Murad və 25 noyabr 2022-ci il tarixdə Məryəm adlı uşaqları anadan olmuşlar və uşaqlar hazırda analarının himayəsindədir. Kollegiya hesab edir ki, uşaqlar azyaşlı olduğundan ana nəvazişinə daha çox ehtiyacları var və analarının yanında qalması uşaqların manafeyinə uyğundur. Belə ki, adları qeyd olunan uşaqlar doğulduğu vaxtdan qırılmaz tellərlə bir-birinə bağlıdır və daimi ünsiyyətdə olmaqla hazırda da birlikdə analarının himayəsində yaşayırlar. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı davranışında, həyat tərzində uşaqların normal mənəvi-əxlaqi və fiziki inkişaflarına mənfi təsir edən hallar müəyyən olunmur.

56. Bərdə rayon İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 14 iyun 2023-cü il tarixli rəyinə münasibətdə kollegiya həmin rəyi subut kimi qəbul etmir. Belə ki, verilən rəy komissiya tərəfindən yalnız tərəflərin yaşayış şəraitinə istinad etməklə əsaslandırmışdır. Uşaqların valideyinlərindən hansına daha çox bağlılığı, uşaqların bir-birindən ayrılmasının onların əqli, fiziki və psixoloji cəhətdən inkişaflarına təsiri komissiya tərəfindən araşdırılmamışdır. Hətda rəy verilərkən adları qeyd olunan uşaqların uzun müddət vərdiş etdikləri şəraitdə birlikdə yaşamaları da komissiya tərəfindən nəzərə alınmamışdır. Halbu ki, komissiya rəy verərkən valideyinlərdən hər hansı birinin deyil, uşaqların daha üstün maraqlarının nəzərə alınmasını əsas götürməlidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi də qeyd olunan rəyi əsas götürməklə, 23 may 2017-ci il təvəllüdlü Bəhruz və 05 iyun 2020-ci il təvəllüdlü Murad adlı uşaqları ananın himayəsindən alınıb atanın himayəsinə verməkdə düzgün nəticəyə gəlməmişdir. Ümumiyyətlə 6 və 3 yaşında olan uşaqların ananın himayəsindən alınmasının müstəsna əsası nə rəydə, nədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, qarşılıqlı iddianın təmin olunması özlüyündə istisna olunur.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 7.6-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalmaları məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

58. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin, hazırkı işdə İddiaçı üzərinə düşməsi, ona əsas verir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tələb etsin.

59. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur.

60. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Kollegiya tərəflərin maddi və ailə vəziyyətinə diqqət yetirərək hesab edir ki, hər uşağa 180 manat, üç uşaq üçün cəmi 540 manat aliment müəyyən olunması, həmin uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri, eləcədə əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli olmaqla, uşaqların mənafeyinə uyğundur.

61. İlkin iddia tələbinin 05 iyun 2020-ci il təvəllüdlü Murad və 25 noyabr 2022-ci il təvəllüdlü Məryəm adlı uşaqların 3 yaşına çatanadək cavabdehdən 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması hissədə isə kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh nikahı pozulmamışdır. Ailə qanunvericiliyinə görə isə ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ nəzərdə tutulmuşdur və bu alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

62. Qarşılıqlı iddiaya münasibətdə kollegiya yuxarıda da qeyd olunduğu kimi qeyd etməyi zəruri hesab edir ki, BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir - azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı iş üzrə tərəflərin birgə nikahlarından anadan olmuş 23 may 2017-ci il təvəllüdlü Bəhruz, 05 iyun 2020-ci il təvəllüdlü Murad və 25 noyabr 2022-ci il təvəllüdlü Məryəm adlı uşaqların ananın himayəsindən alınıb digər valideyinin, yəni atanın himayəsinə verilməsinin isə müstəsna əsasları mövcud deyil. Bu da onu deməyə əsas verir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin olunması üçün heç bir hüquqi əsas mövcud deyil.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(021)-996/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 23 may 2017-ci il təvəllüdlü X5, 05 iyun 2020-ci il təvəllüdlü X8 və 25 noyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 180 manat, cəmi 540 manat sabit pul məbləğində alıment ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Alimentin tutulması 10 yanvar 2023-cü il tarixdən hesablansin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar