Məhkəmə qərarları › İş №2(104)-2564/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2564/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2564/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh X4 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak və ya dəyərinin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı balsüzmə aparatı və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-558/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. DİN Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-117/2-K- 5337/24/23 nömrəli məktubdan görünür ki, İddiaçı cavabdehin qeydiyyatda olduğu yer üzrə Məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı balsüzmə aparatı və ya dəyərinin tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus olan bir ədəd balsüzmə aparatının və (burada: arı balının şandan süzülməsi üçün əl əzələlərinin təsir gücü ilə bıçaq vasitəsi ilə hərəkət etdirilən qurğu-hakimin qeydi) ya onun dəyəri olan 500 (beş yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1979-cu ildə Kəlbəcər şəhərində doğulmuş, məcburi köçkündür, hazırda müvəqqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 2 mənzil 28-də yaşayır. X9 vəfat etmişdir. İki oğlu var: onlardan biri Orxan Kazımov səkkizinci sinifdə oxuyur, digər oğlu Nazim Kazımov isə Gəncə şəhərində ali təhsil alır. Hazırkı iş üzrə Cavabdeh onun qaynıdır. İddia tələbində mübahisələndirilən balsüzmə aparatı onun mərhum X9a və onların ailəsinə məxsus olmuşdur. Əri vəfat etdikdən sonra, 2023-cü ilin mart ayının 4-də qaynı Cavabdeh onlara gələrək ondan və oğlu Nazimdən balsüzmə aparatını istəmiş və bildirmişdir ki, özünə məxsus olan balı süzdükdən sonra, yəni mart ayının 5-də (bir gün sonra) aparatı geri qaytaracaqdır. Lakin aradan bir neçə gün keçsə də, o, aparatı geri qaytarmadı. Oğlu Nazim ona zəng edərək aparatı istəyən zaman cavabdeh onun oğluna bildirmişdir ki, aparatı verməyəcəkdir. Bundan sonra, 2023-cü ilin mart ayının 15-də, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qaynar xəttinə (102) zəng edərək şikayət etmişdir. Bununla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırılma aparılmış, Cavabdeh polis şöbəsinə çağırılıb dindirilən zaman o, aparatı qaytarmaqdan imtina etmişdir.

4. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-558/2023 nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə, iddianın qismən təmin edilməsi, bir ədəd balsüzmə aparatı və ya onun dəyəri olaraq 300 (üç yüz) manat pul Cavabdeh alınmaqla İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, iddia tələbi qismən-balsüzmə aparatının naturada və ya 300 (üç yüz) manat dəyərinin tələbi hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddianın predmeti olan balsüzmə aparatı daşınar əşyadır və onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı tələb olunmur. İddiaçı və cavabdehin məhkəmədə verdikləri izahatlardan və şahid ifadələrindən görünür ki, iddianın predmeti olan balsüzmə aparatı mübahisənin yaranmasından beş ildən artıq müddətdə iddiaçı tərəfdə olmuş, iddiaçı və ailəsi həmin əşyaya mülkiyyətçi qismində sahiblik etmişlər, cavabdehdən bununla bağlı hər hansı etiraz daxil olmamışdır. Cavabdeh öz yazılı izahatında 2000-ci ildə həmin əşyanı özü könüllü olaraq qardaşlarına verdiyini və 2000-ci ildən 2023-cü ilin mart ayınadək həmin balsüzmə aparatından heç vaxt istifadə etmədiyini və bununla bağlı iddiaçı tərəfə heç bir etiraz etmədiyini etiraf edir. Bununla belə cavabdeh balsüzmə aparatının onun tərəfindən alındığını və ona məxsus olduğunu bildirir. Lakin nəzərə alınmalıdır ki, iddiaçıya aparat könüllü şəkildə verilmiş və iddiaçı aparata beş ildən artıq müddətdə faktik mülkiyyətçi qismində sahiblik edərək əşyaya mülkiyyət hüququnu əldə etmişdir. Buna görə məhkəmə cavabdehin etiraz dəlillərini əsassız hesab edir. Mübahisəli aparatın qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı sübut təqdim etməmiş, cavabdeh isə aparatın qiymətinin 200 (iki yüz) manatdan 300 (üç yüz) manatadək olan həddə olduğunu qəbul etmişdir. Buna görə məhkəmə mübahisəli aparatın qiymətini 300 (üç yüz) manat qiymətləndirir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 136.1, 139.2, 152.1, 152.5, 157.2, 181.1, 181.2 və 181.4-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-558/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisə predmeti olan bal-süzmə aparatını özü almış, onun mülkiyyətindədir. Həmin bal süzmə aparatını bacısı Mərmər Həbib qızının vasitəsi ilə Yevlax rayonun Yədili kəndində yaşayan bacısı tanıdığı şəxsdən bir kisə una 100,000 manata köhnə azərbaycan manatına almışdır. Bunula əlaqədar şahidlər mövcuddurlar, bu göstərdiyi halları təsdiq edə bilərlər. Bal-süzmə aparatının iddiaçı X1 heç bir aidiyyəti yoxdur. İddiaçı balsüzmə aparatının onun mülkiyyətində olmasını heç bir möhtəbər sübutla təsdiq edə bilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, bal-süzmə aparatını özü almış, onun mülkiyyətindədir. Aparatı Mətah onlara gəlin gəlməmişdən əvvəl almışdır. Həmin bal süzmə aparatını bacısı Mərmər Həbib qızının vasitəsi ilə Yevlax rayonun Yədili kəndində yaşayan bacısının tanıdığı şəxsdən bir kisə una və 100 köhnə azərbaycan manatına almışdır. Bununla əlaqədar şahidlər mövcuddurlar. Bal-süzmə aparatının iddiaçı X1 heç bir aidiyyəti yoxdur. İddiaçı balsüzmə aparatının onun olmasını heç bir sübutla təsdiq edə bilmir. O, həmin aparatı qardaşına müvəqqəti istifadə etmək üçün vermiş, sonra geri götürmüşdür. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

15. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

19. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

28. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

29. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

35. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

37. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh vəfat etmiş qardaşı arvadı olmuşdur. İddiaçı mərhum X9 tərəfindən bal aparatının alındığını və cavabdehin hazırda ona məxsus olan əmlakı geri qaytarmadığını iddia edir. Lakin, iddiaçı həmin bal aparatının onlara məxsus olması barədə hər-hansı sübut təqdim edə bilməmişdir.

38. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri istəməsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

42. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

43. Bu baxımdan həmin bal-süzmə aparatını alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən həmin tələbin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

45. İşin halları Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materiallarında bal aparatının cavabdehin sahibliyində olması sübut olunsa belə, həmin bal aparatının iddiaçının mülkiyyətçisi olması sübuta yetirilmir. İddiaçı isə qeyd olunanları təsdiq edəcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

46. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.

47. Məhkəmə kollegiyası bal aparatının mülkiyyətçisi olması və müvəqqəti olaraq cavabdehə verilməsi barədə iddiaçının dəlillərini və onun izahatını yetərli sübut kimi qəbul etmir.

48. Bir xüsusat da qeyd olunmalıdır ki, iddiaçı tərəfindən bal aparatının mülkiyyətçisi olması bildirilsə də, həmin əşyanın cavabdehin mülkiyyətində olmaması barədə hər-hansı sübut təqdim etməmiş, yalnız ümumi olaraq əmlakın onun mərhum ərinə məxsus olması və ərindən qalmasını bildirmişdir.

49. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

50. İddiaçının sübutları da «əsaslı şübhədən kənar» sübut standartlarına uyğun deyildir.

51. İddiaçının özünün izahatı və onun tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş şahidin ifadəsi ilə bağlı kollegiya göstərir ki, iddiaçının izahatına və şahidin ifadəsinə tənqidi yanaşılmalıdır. Çünki, iddiaçı birbaşa olaraq iddianın həllində maraqlı şəxsdir və izahat verən zaman məqsədi iddianın təmin edilməsinə yönəlmişdir.

52. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

53. İddiaçı tərəfindən dəvət edilmiş şahid Nazim Kazımovun ifadəsinə gəldikdə isə qeyd olunmalıdır ki, şahid tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etməmiş, münasibətlərin hansı tarixdə yaranması dəqiq qeyd olunmamışdır. Eyni zamanda o iddiaçının oğlu olduğu üçün onun ifadə verərkən iddiaçının maraqlarından çıxış etməsi şübhəsi var və bu şübhə aradan qaldırılmır. Həmin şahid birinci instansiya məhkəmədində bildirmişdir ki, onun bildiyinə, o cümlədən anasından və mərhum atasından eşitdiklərinə görə, aparat əvvəlcə babasına məxsus olmuş, atası ailənin kiçik oğlu olduğundan, babası hələ öz sağlığında aparatı öz oğlu (onun atası, cavabdehin qardaşı) Kazıma vermişdir. Göründüyü kimi, Nazim Kazımov mübahisəli bal aparatının kimə məxsus olmasını və hansı tarixdə əldə edilməsinin şahidi olmayaraq dəqiq bilməmiş, yalnız valideynlərindən eşitdikləri əsasında ifadə vermişdir.

54. Məhkəmə kollegiyası digər tərəfdən cavabdehin izahatını və onun təşəbbüsü ilə dindirilmiş şahid X3 ifadəsini daha mötəbər hesab edir

55. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində izahat verən zaman bildirmişdir ki, mübahisə predmeti olan bal aparatını təxminən 1997-1998-ci illərdə məskunlaşdığı Yevlax rayonu Aran qəsəbəsinə qonşu kənd olan Sovxoz kəndindən öz bacısı Mərmərin vasitəçiliyi ilə satın almışdır. Aparata görə bir kisə un və 10 (on) “şirvan” (100000 AZM) pul vermişdir. O, 2000-ci ildə ailəsi ilə birlikdə Yevlaxdan köçüb Abşeron rayonuna getmiş, gedərkən aparatı və öz payına düşən arı ailələrini də qardaşları Rasim və Kamilə vermişdir ki, dolansınlar və 2023-cü ilədək həmin balsüzmə aparatından istifadə etməmiş, həmçinin həmin balsüzmə aparatı barədə qarşı tərəflə aralarında heç bir sözsöhbət olmamışdir.

56. Həmçinin, şahid X5 da birinci instansiya məhkəməsində ifadə verən bildirmişdir ki, balsüzən aparatı qardaşı Məhəmməd onunla birlikdə 1997-ci ildə qonşu kənddən almış və 2000-ci ilədək, yəni Məhəmməd ailəsi ilə birlikdə Bakı şəhərinə köçənədək həmin aparat Məhəmməddə olmuş, köçərkən isə həmin aparatı öz qardaşlarına verib getmişdir. Qardaşı Məhəmməd balsüzən aparata görə bir kisə un və 10 “şirvan” (100000 AZM) pul vermişdir. Həmin vaxt iddiaçı onların ailəsində olmamışdır (yəni, hələ qardaşı Rasimlə ailə qurmamışdır).

57. Göründüyü kimi, şahid tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etmiş, münasibətlərin hansı tarixdə yaranması dəqiq qeyd etmişdir. Belə ki, bal süzən aparat cavabdehə məxsus olmuş və sonradan mərhum qardaşına (iddiaçının ərinə) müvəqqəti istifadə edilməsi üçün verilmişdir.

58. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış və əsassız olan qanunsuz qətnamə qəbul etmişdir.

59. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

61. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

62. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

63. Ümumiyyətlə nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

64. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

65. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

70. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

71. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-558/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı balsüzmə aparatı və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar