Məhkəmə qərarları › İş №2(104)-2602/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2602/2024

20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2602/2024 20.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-2117/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2332 manat əsas pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 43.32 manat olmaqla, cəmi 2375.32 məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-2117/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən 2332 manat əsas pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 43.32 manat pulun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 43.32 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-2117/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan göstərmədiyinə, bununla da MPM-in 361.1 və 361.1.2-ci maddələrinin tələblərinə riayət edilmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)- 2117/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-2117/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Ağdam rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar