Məhkəmə qərarları › İş №2(104)-2633/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2633/2023

23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2633/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-869/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, İşin halları: İddiaçı və Cavabdeh xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin rəsmi nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Sonradan tərəflər arasında münasibət korlandığından faktiki olaraq ayrılmışlar, iddiaçı atasına məxsus evdə yaşayır. İddiaçı uşağı körpə olduğu üçün heç bir yerdə işləmir. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 mart 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə biri (1/4) hissəsi miqdarında alimentin, həmçinin, uşağın üç yaşına çatanadək saxlanması üçün əlavə olaraq 100 (yüz) manat pulun və mediasiya sessiyası üçün ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-869/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) İddiaçı iddiasının qismən təmin edilməsi, 03 yanvar 2023-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına görə ödənilmiş 55 (əlli beş) manat xərcin 22,50 manat (iyirmi iki manat 50 qəpik) hissəsinin pul əvəzi Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması, qətnamə üzrə alimentin tutulması 14 iyul 2023-cü il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 dekabr 2022-ci il tarixdə rəsmi olaraq evlənmişdir. Rəsmi nikahlarından 03 mart 2023-cü ildə X3 adlı uşaqları doğulmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdeh onunla altı aydır ki, yola getmir: cavabdeh ona xəyanət edir və uşağına baxmır, həmçinin son günlər evə vaxtıvaxtında gəlmir. Hal-hazırda, o, atasına məxsus evdə yaşayır, başqa bir yerdə yaşamağa yeri yoxdur. Uşaq körpə olduğundan, heç bir yerdə işləmir. Cavabdehin imkanı çox yaxşıdır, cavabdehin imkanı çatır ki, hər ay uşağa aliment versin. Buna baxmayaraq, cavabdeh uşaqğın doğulduğu 2023-cü ilin mart ayından bugünədək ona heç bir maddi və mənəvi köməklik göstərmir. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsində işləyir və hər ay əməkhaqqı alır. O, aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlmiş, lakin aliment verməkdən və mediasiya xərclərini ödəməkdən imtina etdiyindən mübahisəni məhkəmədən kənar həll edə bilməmişlər. İddia qalan hissədə- uşağın üç yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbini həmin hissədə əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı nümayəndəsi (vəkil) X2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı həmin hissədə təmin etməməsinə əsas kimi iddianın həmin hissədə əsaslandırılmamasını, sübut təqdim edilməməsini və cavabdehin gəliri barədə sübut təqdim edilməməsini göstərmişdir ki, bununla da düzgün nəticəyə gəlməmişdir. Belə ki, o məhkəmədə bildirmişdir ki, cavabdeh Fövqəladə Hallar nazirliyində işləyir və aylıq gəliri də çox yaxşıdır. Cavabdehin əmək haqqı barədə məlumat ala bilmədiyini, məhkəmə sorğusunun verilməsini xahiş etsə də məhkəmə xahişini təmin etmədən iddianı həmin hissədə rədd etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak etdiyi zaman bildirdi ki, həqiqətən Fövqəladə Hallar nazirliyində işləyir. O isə uşaq 5 aylıq olduğu üçün heç bir yerdə işləmir, cavabdehin ödədiyi aliment isə uşağın nə geyim xərcini, nə də ki, yeməyini ödəmir. Onu da qeyd edir ki, ana südü olmadığı üçün uşaq quru südlə qidalanır. Məhkəmə isə qeyd edir ki, iddiaçı sübut təqdim etməmişdir. Göründüyü kimi bütün sübutlar aydındır və heç nəyi sübut etməyə ehtiyac yoxdur. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh işləyir və sabit gəliri var. Uşağı 9 aylıq olduğundan özü heç yerdə işləyə bilmir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Şöbəsində işləyir 680 manat əmək haqqı alır, aylıq 390 manat kredit ödəyir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34. Nikah hüququ ... İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; ... Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunu Həmin qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-869/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, xx.xx.2023cü ildə anadan olmuş X1 3 yaşınadək uşağa qulluq etməsinə görə Cavabdeh İddiaçı xeyrinə sabit məbləğdə 50 manat aliment tutulması qət edilməlidir. İşin halları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, həmin nikahdan xx.xx.2023-cü ildə Onur adlı bir uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar və azyaşlı uşaq anasının himayəsində qalmışdır. Hazırda Cavabdeh könüllü olaraq uşağın saxlanılması üçün İddiaçı maddi köməklik göstərmir. İddiaçı isə heç bir yerdə işləmir və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Eyni zamanda iddiaçı uşağı azyaşlı olduğuna görə işləyə bilmir. Apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı tərəfindən qətnamənin yalnız 3 yaşınadək uşağın saxlanılmasına görə hər ay 100 manat alimentin tutulması ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı, həmin hissədə yoxlanmalıdır. Kollegiya qeyd edir ki, baxılan işdə İddiaçı uşaq üç yaşına çatana kimi aliment tutulması üçün Ailə Məcəlləsinin 85-ci maddəsində müəyyən olunmuş əsaslar vardır. Belə ki, Onur adlı uşaq üç yaşına çatmamışdır və İddiaçı buna görə də işləyə bilmir. Eyni zamanda Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər şöbəsində işləyir və sabit gəlirə malikdir. Alimentin miqdarı məsələsinə gəldiklə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Bu meyarlar əsasında işin hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Çünki uşaq üç yaşına çatana kimi tələb olunan 100 manat aliment işin hallarına uyğun deyildir. Alimentin miqdarı «buna zəruri vəsaitə» mütənasib olmalıdır. Bu cür mütənasiblik zamanı təkcə tələbkarın mənafeləri deyil, həm də aliment ödəməli olan şəxsin mənafeləri nəzərə alınmalı, ədalətli tarazlıq gözlənilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə uyğun olaraq, tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmamasını, cavabdehin ailə və maddi vəziyyətini, ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməli olduğunu, İddiaçı himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilməməsini və tərəflərin digər diqqətəlayiq maraqlarını nəzərə almaqla, xx.xx.2023-cü ildə anadan olmuş X1 3 yaşı tamam olana kimi Cavabdeh hər ay maddi yardım kimi sabit məbləğdə 50 (əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənməsini qanuni hesab edir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-869/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla, xx.xx.2022-ci ildə anadan olmuş X1 3 yaşınadək uşağa qulluq etməsinə görə hər ay 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar