Məhkəmə qərarları › İş №2(104)-2635/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2635/2023

13.11.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2635/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadından Borclu4 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-756/2009 nömrəli məhkəmə əmrinə əsasən borclular Borclu4 Borclu1, Borclu2, Borclu3, Borclu5 qızından, Borclu6 Firuddin oğlundan, Borclu7, Borclu8, Borclu9 və Borclu10 müştərək qaydada cəmi 2720 manat 70 qəpik vəsaitin tutularaq, kreditor MM “Finca Azerbaijan” QBKT-ya ödənilməsi əmr edilmişdir. Borclulardan Borclu4 qeyd olunan məhkəmə əmrinə qarşı etiraz verməklə yanaşı, eyni zamanda etiraz verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Borclu4 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə əmrinin mövcudluğundan məlumatsız olmuş və əmri rəsmi qaydada almamışdır. Yalnız 2023-cü ilin iyul ayında pensiyasından tutulduqdan sonra ona məlum olmuşdur ki, belə bir məhkəmə əmri var. Daha sonra əmri əldə etmişdir. Bu səbəbdən də hazırkı vaxtadək məhkəmə əmrinə etiraz verə bilməmişdir. Buna görə də buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadı (hakim C.Tağıyev) ilə ərizə təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadından narazı qalan Borclu4 şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadını ləğv edib növbəti prosessual hərəkətlərin edilməsini, əks təqdirdə şikayətə baxılmasının Gəncə Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Borclu4 şikayətini onunla əsaslandrımışdır ki, MPM-in 282-ci maddəsinə görə borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göründüyü kimi qanunda məhkəmə əmrinin alındığı gündən 10 gün müddətində əmrə etiraz verilməsi hüququ nəzərdə tutulmuşdur. İş materiallarında isə əvvəllər məhkəmə əmrini almasına dair hər hansı sübut yoxdur. Məhkəmə nəzərdə tutulmuş prosessual müddəti ötürülmüş hesab edirsə, məhkəmə əmri ona rəsmi qaydada təqdim olunmadığından bunu üzrlü hesab etməli idi və ya ümumiyyətlə məhkəmə əmri ona rəsmi qaydada təqdim olunmadığına görə müddəti ötürülməmiş hesab etməli və müddət axımını ərizəsi əsasında məhkəmə əmrini aldığı 23 avqust 2023-cü il tarixdən hesablamalı və əmrə etiraz ərizəsini qəbul etməli idi. Odur ki, məhkəmə prosessual hüquq normalarının pozulmasına yol vermiş və onu məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadı (hakim C.Tağıyev) ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, borclunun birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, o, 2009-cu il tarixdə icra məmuru tərəfindən icra şöbəsinə çağırıldığını bildirmişdir ki, qeyd edilən fakt borclunun öz etirafına əsasən məhkəmə əmrindən 2009-cu il tarixdən məlumatlı olduğunu təsdiq etməkdədir. İş materiallarında borclunun məhkəmə əmrini almasını təsdiq edən müvafiq sənədin olmaması faktı isə onun birmənalı olaraq məhkəmə əmrini almaması qənaətinə gəlməyə əsas verməməkdədir. Birinci instansiya məhkəməsi də məhz borclunun öz izahatına əsasən onun məhkəmə əmrindən məlumatlı olmasını nəzərə alaraq müddəti bərpa etməmişdir. Buna baxmayaraq, borclu şikayətində birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırmasına qarşı hər hansı bir dəlil irəli sürə bilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə əmrinin çıxarılmasından 14 ilə yaxın müddət keçmişdir ki, həmin müddətin üzrlü hesab oluna bilməsi üçün hər hansı bir əsas olmamaqla yanaşı, qeyd olunan müddətdən sonra məhkəmə əmrinin mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə də zidd hesab olunur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadından Borclu4 tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadından Borclu4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(043)-756/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar