Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2648/2023 06.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehoğlu oğluna qarşı cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 2 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Camal Quliyev) mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehoğlu oğluna qarşı cavabdehin əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda yerləşən 2 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılması tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(0125)-4529/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardad qəbul edilərkən prosessual hüquq norması səhv tətbiq edilmiş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə isə cavabdehin hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasına razı olmamasını və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etməsini əsas götürmüş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Prosessual hüquqi əsas kimi MPM-nin 259.0.11-ci maddəsinə istinad edilmişdir. Həmin maddənin dispozisiyasında göstərilir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Çox təəssüflər olsun ki, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmamışdır. MPM-nin 263.1-ci maddəsində göstərilir ki, iş mahiyyəti üzrə həll edilmədikdə, məkhəmə aktları qərardad formasında çıxarılır. Həmin qərardadlara isə iş üzrə icraatın dayandırılması, icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və s. qərardadlar aiddir. İşin mübahisə olunmayan həlli ondan ibarətdir ki, hakim iş üzrə icraata verilməsi barədə qərardad qəbul etmişdir. Bu isə işə mahiyyəti üzrə baxılmamasının təsdiqidir. İşin digər müahisə olunmayan halı ondan ibarətdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsinin mübahisələndirilməsi məhkəməyə aydın olmuşdur. Məhkəmə MPM-nin 259.0.4-cü maddəsini tətbiq etməklə iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməli idi. Çünki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı yekun qərar qəbul edilməmişdir və Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Ona görə də Gəncə Şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2(125)-4529/2023 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4529/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(044)-947/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı əşyalarla birlikdə mənzildən çıxarılma tələbinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qarşı əşyalarla birlikdə mənzildən çıxarılması barədə iddia qaldırmış və iddiası rədd edilmişdir. Tərəflər həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün birinci instansiya məhkəməsi işin icraata xitam verməkdə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4529/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4529/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2648/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2648/2023
06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver