Məhkəmə qərarları › İş №2(104)-2651/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2651/2023

13.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2651/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kəlbəcər Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2(040)-2073/2017 saylı qətnaməsinə əsasən, 06 aprel 2007-ci ildə doğulmuş X2 və 27 iyun 2010-cu ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 21 iyul 2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi 21 avqust 2017-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 12 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2(040)-2073/2017 saylı icra sənədi üzrə icraat başlanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 21 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı 14 mart 2023-cü il tarixli müraciəti əsasında Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(040)-2073/2017 saylı məktubu ilə icra sənədi təkrarən icraya yönəldilərək Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İddiaçı 04 iyul 2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İddiaçı 04 iyul 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 21 avqust 2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh Bilal oğlunun 2023-cü ilin iyul ayı daxil olmaqla aliment üzrə heç bir borcu yoxdur, şikayət və tələbi də yoxdur. Buna görə də icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş edir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən yenidən məhkəməyə qaytarılmışdır. 22 sentyabr 2023-cü il tarixdə İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadı (hakim H.Qəniyev) ilə ərizə təmin edilməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadından narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(040)-2073/2017 saylı qərardadı qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin məsul əməkdaşı onu yalnış yönəldərək alimentin artırılması ilə bağlı məhkəmə qətnaməsinin icra edilməsi üçün əvvəlki qətnamənin icrasına xitam verilməsi ilə bağlı ərizə yazmasını məsləhət bilmiş, bunun əsasında həm əvvəlki, həm də alimentin artırılması ilə bağlı qətnamələrin ikisinin də icra olunacağını bildirmiş, o da icraçıya inanaraq aliment borcunun ödənilməsindən imtina edilməsi ilə bağlı ərizə yazmışdır. Ərizədə yazılanlar icraçının sözləridir, onun özünün iradə ifadəsinin göstəricisi deyildir. Bu bir oyundur, borclunun marağından çıxış edərək onu aldatmışlar. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(040)-2073/2017 saylı qərardadının ləğv edilərək, icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 19 oktyabr 2023-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli 2(040)-2073/2017 saylı qətnaməsi əsasında verilmiş və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyevin 05 iyul 2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmış icra sənədinin yenidən icraya yönəldilməsinə heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən 04 oktyabr 2023-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 02 oktyabr 2023-cü il tarixli A.Ə-76538/2023 saylı məktubdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-481/2023 saylı 01 may 2023-cü il tarixli icra sənədi (alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə) Gəncə şəhəri üzrə İcra idarəsinin icratındadır. Sözü gedən icra sənədi üzrə borclu Cavabdeh aliment üzrə borcu yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 dekabr 2017-ci il tarixli qərarında “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1.1-ci maddəsinə, yəni icra sənədinin icra olunmadan geri qaytarılması ilə bağlı qanunun normasına istinad edilsə də qərarın adı icra sənədi üzrə icraata xitam verilmə barədə olmaqla yanaşı, qərarın nəticə hissəsində də Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 21 avqust 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu baxımdan İddiaçı 14 mart 2023-cü il tarixli müraciəti əsasında xitam verilmiş icra sənədi üzrə Kəlbəcər Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(040)- 2073/2017 saylı məktubu ilə icra sənədinin təkrarən icraya yönəldilməsi anlaşılan olmamışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə icra sənədimim “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən yenidən məhkəməyə qaytarılmasından sonra icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı şikayətin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən Kəbəcər Rayon Məhkəməsinin 2(040)-481/2023 saylı, 01 may 2023-cü il tarixli alimentin miqdarının artırılması tələbinə dair icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin icratında olmaqla, tələbkar həmin icra sənədindən təxminən 2 ay sonra, yəni 04 iyul 2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İddiaçı 04 iyul 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 21 avqust 2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh Bilal oğlunun 2023-cü ilin iyul ayı daxil olmaqla aliment üzrə heç bir borcu yoxdur, şikayət və tələbi də yoxdur. Buna görə də icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Tələbkar həmin ərizəni icra məmurunun sözlərinə əsasən, aldadılaraq yazdığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut da təqdim etməmişdir. Hərçənd ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin 05 iyul 2023-cü il tarixli qərarı da anlaşılan olmamışdır. Belə ki, qeyd olunan icra sənədi üzrə icra edilməli olan icra hərəkəti mövcud olmadığı və alimentin artırılmasına dair yeni icra sənədi mövcud olduğu təqdirdə, icra sənədi üzrə icraata xitam verilməli olmasına baxmayaraq, icra məmurunun icra sənədini icra olunmadan geri qaytarması da anlaşılan olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin yenidən icraya yönəldilməsi üçün əsaslar mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 23.1.1-ci maddəsinə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, qəraraaldı: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2073/2017 saylı, 06 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar