Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-275/2024 22.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment öhdəliyinə xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(125)-5352/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(125)-218/2022 nömrəli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 04 sentyabr 2010-cu il təvəllüdlü X3, 19 sentyabr 2011-ci il təvəllüdlü X8 və 09 fevral 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 13 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir.
2. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, X4 (Cavabdeh anası) adına 17 oktyabr tarixdə 130 manat, 25 oktyabr tarixdə 70 manat, 28 oktyabr tarixdə 750 ABŞ dolları, 29 oktyabr tarixdə 50 manat, 30 oktyabr tarixdə 200 manat, 02 noyabr tarixdə 1000 manat, 11 noyabr tarixdə 150 manat və 16 noyabr tarixdə 630 ABŞ dolları göndərilmişdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş ərizələrin surətindən görünür ki, İddiaçı tərəfindən onun adına 09 oktyabr 2022-ci il tarixdə 500 ABŞ dolları, 12 oktyabr 2022-ci il tarixdə 100 ABŞ dolları, 17 oktyabr 2022-ci il tarixdə 50 ABŞ dolları, 100 ABŞ dolları, 50 manat, 70 manat göndərilmiş pul vəsaiti Cavabdeh bankdan almışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahından anadan olmuş 04 sentyabr 2010-cu il təvəllüdlü X3, 19 sentyabr 2011-ci il təvəllüdlü X8 və 09 fevral 2019-cu il təvəllüdlü X9 görə tutulmalı olan alimentin 2500 manat hissəsində öhdəliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 05 dekabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 04 sentyabr 2010-cu il tarixdə Təhminə, 19 sentyabr 2011-ci il tarixdə Fidan, 09 fevral 2019-cu il tarixdə isə Alim adlı uşaqları anadan olmuşdur. Sonradan məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, eləcədə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat aliment müəyyən edilmişdir. Cavabdehlə nikahın pozulduğu müddətlərdə 2500 manat ödəmişdir. Ona görə də həmin məbləğ aliment öhdəliyinin hesabına aid edilməli və xitam verilməlidir.
6. Gəncə Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(125)-5352/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) İddiaçı Cavabdeh qarşı tutulmalı olan alimentin 2500 manat hissəsində ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin həmin hissədə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 433, 528 maddələri, Ailə Məcəlləsinin 107.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3, 216-220, 227, 233, 234, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, iddiаçının cаvаbdеhin аnаsınа bоrcunun оlmаsı ilə bаğlı hеç bir sübut təqdim olunmamış və sonuncu şаhid qismində məhkəmədə dindirlməmişdir. İş materiallarına əlavə olunmuş səs yazılarında Cavabdeh göndərilmiş 2500 mаnаtı inkar etmiş, iddiаçı isə аlimеnti yаlnız onun аdınа göndərəcəyini demişdir. Əgər iddiаçı bu günə qədər 2500 mаnаt аlimеnti ödməsəydi ən аzındаn cаvаbdеhin iddiаçıyа qаrşı pritеnziyаsı оlаrdı. Həmçinin iddiаçı tərəfindən cаvаbdеhin qаrdаşının аdınа göndərdiyi pulu inkar etmək istəsədə, sоnrаdаn sonuncu həmin pulu bаcısınа vеrdiyini və cаvаbdеh icrа idаrəsinə ərizə vеrərək qаrdаşınа göndərilmiş pulun аlimеnt hissəsindən silinməsinə rаzılıq vermişdir. Beləliklə cаvаbdеh аlimеnt аlmаq bаrədə öz hüququndаn sui istifаdə еdərək оnа göndərilmiş 2500 mаnаtı mənisəmək niyyətindədir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
15. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. Maddə 113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
19. Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
22. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
33. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.
34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 04 sentyabr 2010-cu il tarixdə Təhminə, 19 sentyabr 2011-ci il tarixdə Fidan və 09 fevral 2019-cu il tarixdə Alim adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2022ci il tarixli, 2(125)-218/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 04 sentyabr 2010-cu il təvəllüdlü X1, 19 sentyabr 2011-ci il təvəllüdlü X2 və 09 fevral 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 13 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Alim Babayev nikahın pozulması ərəfəsində, yəni müxtəlif vaxtlarda Cavabdeh uşaqların saxlanılması üçün ümumilikdə 2500 manat verməsinə əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia əsassız olduğundan təmin etməmişdir.
35. Bu qətnamənin 32-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, işdə olan pul göndərişlərinə dair köçürmələrdən müəyyən olunur ki, İddiaçı müxtəlif vaxtlarda X7 (cavabdehin anası) ümumilikdə 2500 manat göndərmişdir. İddiaçı həmin pulu aliment kimi göndərdiyini qeyd etsədə, lakin cavabdeh tərəf isə göndərilən pulun anasına olan borcun ödənilməsi üçün göndərildiyini bildirmişdir. Bundan əlavə yuxarıda da qeyd olunduğu kimi Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(125)-218/2022 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş 04 sentyabr 2010-cu il təvəllüdlü X3, 19 sentyabr 2011-ci il təvəllüdlü X8 və 09 fevral 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 13 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat aliment tutulması qət olunmuşdur. İddiaçı cavabdehin anası X4 adına göndərilən pulun aliment qismində ödənildiyini qeyd etsədə, lakin pul göndərişlərinə dair köçürmələrdən bunu müəyyən etmək mümkün olmur. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(125)-5352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.