Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2768/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X1r. 2.Mülki işin materiallarında olan, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2577/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2018-ci təvəllüdlü Elgün adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 100 manat sabit pul məbləğində aliment pulu alınaraq, iddiaçı Ülviyyə Qasımovaya verilməsi qət edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1216/2020 saylı, xx.xx.2020-il tarixli qətnaməsi ilə xx.xx.2018-ci təvəllüdlü Elgün adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 100 manat sabit pul məbləğində müəyyən edilmiş aliment pulunun miqdarı artırılaraq 120 manat müəyyən edilməsi qət edilmişdir.
3. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh İ qrup müddətsiü əlildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Qasımlı (Məsimova) Ülviyyə İntiqam qızı Cavabdeh qarşı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon məhkəməsinin 2(076)-1216/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Elgün adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Ş.Məmmədova) iddia tələbi qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1216/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin 190 manat sabit pul məbləğində ödənilməsi barədə qənaətə gələrkən aliment ödəyəcək tərəfin maddi vəziyyətini, aylıq gəlirinin olub-olmamasını nəzərə almamışdır. O, birinci qrup əlil olmaqla, aylıq 270 manat əlilliyə görə müavinat və 200 manat Prezident təqaüdü alır. Həmin məbləğ onun dərmanları və müalicəsi üçün kifayət etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, uşaq bpyüdükcə onun tələbatları artır. Cavabdeh uşağa könüllü surətdə yardım etməkdən imtina edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və qeyd etdi ki, əvvəlki məhkəmə qətnaməsi ilə ondan tutlan alimentin miqdarı onun öz razılığı ilə müəyyən edilmişdir. Məhkəmənin hazırkı qərarı ilə artırılan alimenti ödəmək onun maddi imkanları xaricindədir.Sonda cavabdeh şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
17. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
18. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
20. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndi; “Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21..Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 385.1.1. və 385.1.2. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
27. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
32. Belə ki, apelyator şikayətində onun maddi vəziyyətinin nəzərə alınmamasını göstərmiş, həmçinin, 1-ci qrup əlil olmaqla 270 manat pensiya, 200 manat Prezident təqaüdü aldığını, həmin məbləğin onun müalicəsi üçün yeterli olmadığını bildirərək, bunların nəzərə alınmasını xahiş etmişdir.
33. Məhkəmə kolegiyasına cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
34. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi Ali Məhkəmənin həmin Plenum Qərarında ifadə etmiş olduğu hüquqi mövqe ondan ibarət olmuşdur ki, əmək qabiliyyətli valideyn uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Əmək qabiliyyətsiz şəxsdən isə bu qaydada aliment tutulması tələb olunmur. 35.Kollegiya göstərir ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş DSMF X6 Gədəbəy rayon filialının xx.xx.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, Cavabdeh 1-ci qrup əlilliyə görə müddətsiz olaraq hər ay 270 manat məbləğində pensiya və 200 manat məbləğində Prezident təqaüdü alır.
36. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, Cavabdeh 1-ci qrup əlildir, yəni əmək qabiliyyətsizdir və Dövlətin ona verdiyi müvinətlərlə dolanır. 37.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
38. Qeyd edilən qanun normasının mətn və məzmunundun müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Yəni, əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin artırılması üçün aliment ödəməyə borclu olan valideynin ailə və ya maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olması müəyyən edilməlidir. Belə bir dəyişikliyin olmadığı halda əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması yolverilməzdir.
39. Göründüyü kimi, Cavabdeh maddi vəziyyətinin yaxşı tərəfə dəyişməsi və başqa gəlirə malik olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir və artıq yuxarıda qeyd edildiyi kimi Cavabdeh 1-ci qrup əlil olmaqla, cəmi 470 manat pensiya alır. Yaranmış vəziyyəti nəzərə alan kollegiya bu qənaətdədir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. 41.Kollegiya göstərir ki, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-cu maddəsinə əsasən,mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cu maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
43. Baxılan işdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti aylıq alimentin artırılan hissəsinin bir illik məcmusu (190 manat-120 manat=70 manat x 12ay)=840 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2037/2023 saylı mülki iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.