Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-285/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(062)-2262/2024 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz rayon qeydiyyat şöbəsinin 23 iyul 2024-cü il tarixli 1693 nömrəli arayışdan görünür ki, X8 09 yanvar 2010-cu il tarixdə anadan olmuş, atası X6, anası Cavabdehdır.
2. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1424/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, X2 hər ay 150 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
3. Barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş X8 atasının, X7 isə anasının himayəsində saxlanılmasına dair valideyinlər arasında razılıq əldə edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 09 yanvar 2010-cu il təvəllüdlü Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından 09 yanvar 2010-cu il tarixdə Nihad, 19 sentyabr 2015-ci il tarixdə isə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar və 19 sentyabr 2015-ci il tarixli barışıq sazişinə əsasən Nihad adlı uşaq onun, Məhəmməd adlı uşaq isə anasının himayəsində saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1424/2023 nömrəli qətnaməsi ilə ondan hər ay 150 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Himayəsində olan uşağın saxlanılması üçün o da Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin onun xüyrinə tutulmasını istəyir.
6. Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(062)-2262/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, cavadehin himayəsində saxlanılmış uşaq üçün ondan hər ay aliment tutulur. Onun yanında saxlanılan uşaq üçündə cavabdehdən aliment almaq hüququ var. Cavabdehin Tovuz bazarında qadın salonu var, Gül satışı ilə məşğuldur, eləcədə toy şənlikləri təşkil edir və aliment ödəməyə kifayət qədər maddi imkanı var.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, "xxxx" QSC-də işləyir və 715 manat əmək haqqı alır. Cavabdeh isə gözəllik salonunda işləyir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X6 ilə Cavabdeh 08 sentyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından 09 yanvar 2010-cu il tarixdə Nihad, 19 sentyabr 2015-ci il tarixdə isə Məhəmməd adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Barışıq sazişinə əsasən X8 atasının, X7 isə anasının yanında saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1424/2023 nömrəli qətnaməsi ilə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 150 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. X6 da himayəsində olan uşağın saxlanılması üçün Cavabdeh 235 manat alimentin tutulub ona verilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı rədd etmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nədicə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
34. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
35. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3. maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi valideyinlərin hər biri ilə uşaq qalıbsa bu halda bir valideyindən az təminatlı digər valideyinin xeyrinə aliment tutulmalıdır.
36. Yuxarıda da qeyd olunduğu kimi tərəflərin birgə nikahından iki uşaqları anadan olmuş və barışıq sazişinə əsasən Nihad adlı uşaq atasının, Məhəmməd adlı uşaq isə anasının yanında qalmışdır. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1424/2023 nömrəli qətnaməsi ilə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 150 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh digər valideyinə münasibətdə aztəminatlı olmuşdur. Apellyasiya icraatı zamanıda müəyyən olunmuşdur ki, Vüsal Məmmədovun aylıq gəliri 715 manatdır.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(062)-2262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.