Məhkəmə qərarları › İş №2(104)-289/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-289/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-289/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nikahın pozulması, uşaq və aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına qarşı nikahın pozulması, uşaq və aliment tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-1732/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında 17 may 2008-ci il tarixli AZ-İ seriyalı 400987 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 17 may 2008-ci il tarixdə nikah bağlanmışlar.

2. İş materiallarından məlum olur ki, tərəflərin birgə nikahından 25 noyabr 2009-cu il tarixdə X7, 19 mart 2011-ci il tarixdə X8, 31 avqust 2016-cı il tarixdə X4 və X9 anadan olmuşdur.

3. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 may 2024-cü il tarixli 18-1-28/2-897/2024 nömrəli məktubdan görünür ki, İddiaçı aylıq əmək haqqı:- vəzifə maaşı 538 manat, İTS əlavəsi 800 manat, həkim bonusu 384 manat, cəmi 1722 manat hesablanmışdır.

4. ******* nömrəli əmək kitabçasından görünür ki, Cavabdeh 20 fevral 2019-cu il tarixdə X13 Komitəsinin Azərbaycan Respublikasında Nümayəndəliyində Maliyyə və İnzibati işlər üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, 01 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidlərinin azaldılması səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir.

5. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 29 may 2024-cü il tarixli Müayinə aktından görünür ki, Cavabdeh yaşadığı ev onun atası X5 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev kürsülü, bir mərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir. Dam örtüyü şiferdir, üç otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır. Həmin evdə Cavabdeh və övladı Toğrul Orucov yaşayırlar. Yetkinlik yaşına çatmayan X7, X8, X9 və X2 həmin evdə yaşayıb tərbiyə olunmaları və təhsil almaları üçün normal şərait vardır.

6. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 22 iyul 2024-cü il tarixli Müayinə aktından görünür ki, İddiaçı yaşadığı ev onun atası X6 məxsus xüsusi fərdi yaşayış evidir. Həmin ev iki mərtəbəlidir, mişar daşı ilə hörülüb tikilmişdir. Dam örtüyü şiferdir, yeddi otaqlıdır, dörd otaq tam təmirlidir, üç otaq isə orta təmirlidir, normal kommunal şəraiti vardır. Həmin evdə İddiaçı, övladları Fərid Orucov, Roman Orucov, Tamerlan Orucov və atası Arzuman Ağayev yaşayırlar. Yetkinlik yaşına çatmayan X7, X8, X9 və X2 həmin evdə yaşayıb tərbiyə olunmaları və təhsil almaları üçün normal şərait vardır.

7. Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 13 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası Fərid Orucovun, Roman Orucovun və Tamerlan Orucovun anaları İddiaçı himayəsində, Toğrul Orucovun isə atası Cavabdeh himayəsində yaşamalarını məqsədəmüvafiq hesab etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə 17 may 2008-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 266 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından anadan olan 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul, 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və 31 avqust 2016-cı il təvəllüdlü Tamerlan adlı uşaqların onun himayəsində saxlanılması, uşaqların saxlanması üçün cavabdehin əmək haqqısının 1/2 hissəsi miqdarında sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun, eləcədə 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 may 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və birgə nikahlardan 25 noyabr 2009cu il tarixdə Toğrul, 19 mart 2011-ci il tarixdə Fərid, 31 avqust 2016-cı il tarixdə Roman və Tamerlan adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Artıq birgə yaşamaları mümkünsüzdür.

10. Bərdə Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(021)-1732/2024 nömrəli qərardadı ilə Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyası üçüncü şəxs qismində işə cəıb edilmişdir.

11. İlkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair birinci instansiya məhkəməsinə ərizə verərək, hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 900 manat Cavabdeh aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh qarşılıqlı iddia verərək birgə nikahlarından olan 25 noyabr 2009-cu il təvəllüdlü X3 onun himayəsində saxlanılmasına və uşağın saxlanılması üçün İddiaçı hər ay 487 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, nikahın pozulmasına razıdır. Birgə nikahlarından anadan olan 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul adlı uşaq ayrıldıqları gündən, yəni, 2023-cü ilin oktyabr ayından onunla birlikdə yaşayır. Övladı Toğrulun anası İddiaçı ilə heç bir təması yoxdur. Bərdə Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(021)-1732/2024 qərardadı ilə ondan hər ay dörd uşağın saxlanması üçün qazancının ½ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır Oğlu Toğrul onunla birlikdə yaşadığına görə İddiaçı da ona aliment verməlidir. Belə ki, İddiaçı kifayət qədər aylıq qazancı var. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim endokrinoloq kimi fəaliyyət göstərir. Bundan başqa, digər iki özəl müəssisədə, yəni Bərdə şəhərində Ekstramed klinikada və Ağdam rayonu Quzanlı qəsəbəsində Medilife klinikasında yarım ştat həkim işləyir.

14. Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə verərək, 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul Orucovun onun himayəsində saxlanılmasına və uşağın saxlanılması üçün hər ay İddiaçı aylıq bütün növ qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-1732/2024 nömrəli qətnaməsi ilə (hakim G.Abbasov) İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi; İddiaçı ilə Cavabdeh arasında 17 may 2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 266 nömrə ilə qeyd edilmiş nikahın pozulması; Tərəflərin birgə nikahından 19 mart 2011-ci ildə anadan olmuş X8, 31 avqust 2016-cı ildə anadan olmuş X9 və 31 avqust 2016-cı ildə anadan olmuş X4 anaları İddiaçı himayəsində saxlanılmaları; Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı uşağın himayədə saxlanılması və aliment tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməsi; Tərəflərin birgə nikahından 25 noyabr 2009-cu ildə anadan olmuş X7 atası Cavabdeh himayəsində saxlanılması; Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməsi; Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 22.2.1, 56.1, 75.1, 78.1, 78.2 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 13, 19 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 107, 119.1, 213, 214, 217.3, 216-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

17. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin alimentin müəyyən edilməsinin təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti vermişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üç uşaq onun, bir uşaq isə Cavabdeh himayəsində qalmasına baxmayaraq ilkin iddia üzrə alimet tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi onun aldığı əmək haqqını nəzərə alsa da, cavabdehin faktiki aldığı müavinətləri nəzərə almamışdır. Apellyasiya şikayətinə əlavə olunmuş arayışdan da güründüyü kimi, onun aylıq gəliri 1000-1300 manat (vergilər ödənildikdən sonra) arası dəyişir. Bu məbləğlə 3 uşağ (hansı ki, 2 uşaq üçün əlavə olaraq psixoloq, loqoped və.s kimi əlavə tibbi-psixoloji xidmətlər tələb olunur) saxlamaq mümkün deyil. Cavabdehin gəliri isə faktiki olaraq 900 manatdır və himayəsində bir uşaq qalmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilkin olaraq hər uşağa 200 manat olmaqla, cəmi 600 manat aliment ödəməyə razı olmuş, lakin sonradan imtina etmişdir. Cavabdeh Qızıl Xaç Cəmiyyətinin Bakı ofisində qeyri rəsmi işləyir və kifayət qədər qazanc əldə edir. İddiaçı isə 1338 manat əmək haqqı alır. Nümayəndə1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərmişdirki, işsiz kimi məşğulluqdan sonuncu dəfə 896 manat almışdır. Uşaqları, yəni 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və 31 avqust 2016-cı il təvəllüdlü Tamerlanın saxlanılması üçün ümumilikdə 300 manat aliment ödəyə bilər. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs qismində işə cəlb edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında nümayəndəsi vastəsilə təmsil edildiyindən kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

24. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

25. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

26. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

27. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

28. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

30. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

31. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

32. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

33. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

35. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

36. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

43. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnaməni ilkin iddianın alimentin müəyyən edilməsinin təmin edilməməsi hissədə mübahisələndirdiyi üçün, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

48. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 25 noyabr 2009-cu il tarixdə Toğrul, 19 mart 2011-ci il tarixdə Fərid, 31 avqust 2016-cı il tarixdə Roman və Tamerlan adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış, 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və Tamerlan adlı uşaqları ananın, 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul adlı uşaq isə atasının yanında qalmışdır. Yuxarıda da qeyd olunduğu kimi ailə münasibətləri pozulduğundan İddiaçı nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Cavabdehda 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul adlı uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair qarşılıqlı iddia vermişdir. İşə baxan birinci instansiya məhkəməsidə hər iki iddianı qismən təmin etmişdir. Qətnamə ilkin iddianın alimentin tutulmasının təmin edilməməsi hissədə mübahisələndirilmişdir. Qətnamə qalan hissədə mübahisələndirilmir.

49. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir.

50. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3. maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

51. Göründüyü kimi valideyinlərin hər biri ilə uşaq qalıbsa bu halda bir valideyindən az təminatlı digər valideyinin xeyrinə aliment tutulmalıdır.

52. Apellyasiya icraatı zamanı ilkin iddia üzrə Cavabdeh 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və Tamerlan adlı uşaqları saxlanılması üçün hər birinə 100 manat, cəmi 300 manat aliment ödməyə razı olduğunu bildirmişdir.

53. İşədə olan Bərdə Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 2(021)- 1732/2024 nömrəli qərardadından müəyyən olunur ki, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh 05 aprel 2024-cü il tarixdən başlayaraq 25 noyabr 2009cu il təvəllüdlü Toğrul, 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və Tamerlan adlı uşaqların saxlanılması üçün hər ay bütün növ qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alinentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır 55 Məhkəımə kollegiyası Cavabdeh üç uşaq üçün ümumilikdə ödəmək niyyətində olduğu 300 manat miqdarında alimenti, yuxarıda adlırı qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri baxımından yetərli saymır. İlkin İddiaçı da işləməsini və hər ay 1000-1300 manat civarında əmək haqqı almasını, eləcədə tərəflərin birgə nikahlarından anadan olmuş 25 noyabr 2009-cu il təvəllüdlü Toğrul adlı uşağın Cavabdeh himayəsində qalmasını nəzərə alan kollegiya hesab edir ki, ilkin iddiaçının himayəsində olan və yuxarıda adları qeyd olunan uşaqların saxlanılması üçün 03 fevral 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər uşaq üçün 130 manat olmaqla, minimum əmək haqqı mislində (345 x 0,38=130) aliment tutulmalıdır.

56. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373,- 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(021)-1732/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “ilkin iddianın hər uşağa 300 manat alimentin müəyyən edilməsinin təmin edilməməsi hissədə” ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. 03 aprel 2025-ci il tarixdən başlayaraq 19 mart 2011-ci il təvəllüdlü Fərid, 31 avqust 2016-cı il təvəllüdlü Roman və Tamerlan adlı uşaqlarıın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar