Məhkəmə qərarları › İş №2(104)-307/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-307/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-307/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: baba və nənədən aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 936/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 18 iyul 2011-ci il tarixdə və X10 28 may 2014-cü il tarixdə anadan olmuşlar. Onların atası kimi X13, anası kimi isə X11 qeyd edilmişdir.

2. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 nikahlarına 10 yanvar 2017-ci il tarixdə xitam verilmişdir.

3. Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsindən görünür ki, 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X7 tutulan sabit pul məbləğində alimentin məbləği 06 mart 2018-ci tarixdən artırılaraq hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, əri X13 ilə birgə nikahdan olan uşaqları 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün, uşaqların babası Cavabdeh1 və nənəsi Cavabdeh2 hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsinə əsasən X13 ilə birgə nikahdan olan uşaqları 18 iyul 2011-ci il təvəllüdlü X9 və 28 may 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X7 tutulan sabit pul məbləğində alimentin məbləği 06 mart 2018-ci tarixdən artırılaraq hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Bundan sonra X4 alimenti ödəməkdən yayınmış, ölkə ərazisini tərk etmiş, Türküyə Respublikasına getmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarına əsasən X4 barəsində axtarış elan edilmişdir. X1 aliment borcu 16500 (on altl min beş yüz) manat təşkil edir. Borclu X2 Respublikasından valideyinləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maddi köməklik göstərir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-936/2024 nömrəli qətnaməsi (hakim Mübariz Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 56.1, 58.1, 61.1 və 89-cu maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-936/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 2018-ci ildə qətnamə qəbul edildikdən dərhal sonra alimentdən boyun qaçıran X13 respublikanın ərazisini tərk etmiş və hal-hazırda da xarici dövlətlərdən birində yaşayır. Bu günə kimi cavabdehlərin oğlu X8 16500 manatdan yuxarı aliment borcu yaranıb. Uşaqları təkbaşına böyütmüşdür. Lakin, son vaxtlar səhhətində problemlər yarandığı üçün və eləcə də uşaqlar böyüdükcə maddi tələbatları artdığına görə Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin hər birindən 100 manat məbləğində alimentin tutulub uşaqların saxlanması üçün verilməsini xahiş etmişdir. Lakin, məhkəmə işin hallarını müəyyən etməyib və qətnaməsində yeganə əsaslandırdığı ondan ibarət olub ki, tələbi ilə əlaqədar olaraq guya məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh qismində uşaqların nənəsi iştirak edib və o da bildirib ki, Dövlət tərəfindən ona və ərinə verilən pensiya ilə dolanırlar və ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə cavabdehlərin vasitəsi ilə və ya öz təşəbbüsü ilə cavabdehlərin aldıqları pensiyanın məbləğinə dair arayışları əldə edə bilər və həmin arayışda sübut növü kimi qiymətləndirilərdi. Lakin, məhkəmə onun iddia ərizəsində göstərdiklərini və cavabdehlərdən birinin izahatı əsasında əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Dövlət hər il pensiya məbləğlərini artırmaqla bərabər pensiyaçıların sosial təminatını təmin edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

18. Maddə 93.1. Bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər.

19. Maddə 93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

“Uşaq hüquqları haqqında” Konvensiya

20. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

22. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

25. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-936/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdehlərin oğlu X13 İddiaçı ilə evlənmişlər və onların birgə nikahlarından 2 nəfər uşaqları olmuşdur. Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsinə əsasən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X7 İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdehlərin maddi vəziyyəti ağır olmasına görə nənə kimi nəvələrinə baxa bilmir. İddiaçı cavabdehlərin maddi vəziyyətinin yaxşı olmasını, hər hansı bir gəlirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

41. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir.

42. Həmin maddəyə əsasən isə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər, habelə baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar.

43. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında cavabdehlərin zəruri vəsaitə malik olması barədə sübutlar təqdim etməmişdir.

44. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

45. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gəliri aşağı olsa da, uşaqları saxlamaq onun valideynlik borcudur. Bundan başqa, iddiaçı cavabdehlərin pensiya almasını bildirsə də, bu barədə hər hansı sübutu nə iddia ərizəsinə əlavə etməmiş, nə də birinci instansiya məhkəməsinə təqdim etməmişdir.

46. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olmaları iş materialları ilə öz təsdiqini tapmır.

47. Lakin, iddiaçı israrlı olaraq cavabdehlərin zəruri gələrinin olduğunu və pensiya aldıqlarını bildirir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

49. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

50. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır və iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.

52. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

56. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanları əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdehlərin oğlu X13 İddiaçı ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(066)-682/2018 saylı qətnaməsinə əsasən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 110 (bir yüz) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin X7 alınıb İddiaçı xeyrinə tutulması qət edilmiş və icra vərəqəsi verilmişdir. Eyni zamanda baxılan işdə cavabdehlər (baba və nənə) zəruri vəsaitə malik deyillər.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-936/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar