Məhkəmə qərarları › İş №2(104)-310/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-310/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-310/2024 17.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: sabit pul məbləğində aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2226/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə X2 doğulmuşdur. Valideynləri: Atası - Cavabdeh, anası - İddiaçı qeyd edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə 862 nömrə ilə qeydiyyat aparılmışdır.

2. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı kimi qeyd edilmişdir.

3. Tovuz Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(062)-1131/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, 01 dekabr 2020-ci ildə anadan olmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdareı artırılaraq 180 manat məbləğində müəyyən edilmişdir.

4. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş Cavabdeh sərhəd keçmə məlumatlarından müəyyən edilir ki, Cavabdeh mütəmadi olaraq Moskva şəhərinə giriş-çıxış etmiş, hər dəfə Moskva şəhərində qalmaq müddəti 10-15 gün olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, birgə yaşayışlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş Hacı adlı uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə yaşayışlarından 12 may 2022-ci ildə Hacı adlı uşağı anadan olmuşdur. Aralarında olan mübahisələrə və və xasiyyətlərində yaranan uyğunsuzluğa görə cavabdehlə ayrı yaşayırlar. Cavabdeh heç bir zaman uşağın saxlanmasına kömək göstərməmişdir. O, isə uşağın saxlanması üçün maddi cəhətdən əziyyət çəkir. Uşağa baxmaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılmasına köməklik etmir. Ona görə də xx.xx.2012-ci il tarixdə anadan olmuş Hacı adlı uşağın saxlanılması üçün Cavabdeh sabit pul məbləğində 220 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2226/2023 nömrəli qətnaməsi (hakim Zaur Hümnətov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 31 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi, Cavabdeh 44 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamənin dərhal icraya yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6, 119.1, 119.2, 216- 220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2226/2023 nömrəli qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməsi və Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun 200 manat məbləğində maddi imkanı yoxdur. Məhkəmə cavabdehin əvvəlki ailə münasibətindən olan uşaq üçün ödənilən alimenti nəzərə almamışdır. Bundan əlavə məhkəmədə sübutlarımı təqdim etməyə şərait yaradılmamış və onun məşğulluğunu yoxlamamışdır. Buna görə də 160 manat məbləğində aliment ödəyə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, oglu Cavabdeh İddiaçı ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə yaşayışlarından 12 may 2022-ci ildə Hacı adlı uşağları anadan olmuşdur. Aralarında olan mübahisələrə və və xasiyyətlərində yaranan uyğunsuzluğa görə onlar ayrı yaşayırlar. X4 şəhərində yaşamaqla orada avtomobil təmir sexində dəmirçi işləyir. Oğlu başqa qadından olan bir uşağa 180 manat aliment verir. Onun indiki uşağa 200 manat alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və 160 manat məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş etmişdir.

13. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Konvensiya

20. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

21. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

24. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2226/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Hacı adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı özü heç bir yerdə işləmir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh isə iddiaçıya uşağın saxlanılması üçün maddi köməklik göstərmir.

42. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

43. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.

44. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

45. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 200 manat məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir.

46. Apellyasiya şikayətinin dəlillərində cavabdehin maddi imkanının zəif olmasını göstərsə də, bu dəlillər uşağın maddi rifahının aşağı salınmasına dəlalət etmir. Bundan əlavə isə cavabdehin uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.

47. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Eyni zamanda cavabdehin nümayəndəsi olan anası izahatında oğlu Yelmarın Moskva şəhərində avtomobil təmir sexində dəmirçi işləməsini bildirmişdir. Belə ki, aliment ödəyən valideynin az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıya hər ay cavabdeh tərəfindən ödənilməli olan 200 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2.400 manat təşkil edir.

51. Göründüyü kimi, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2226/2023 nömrəli qətnaməsi – Cavabdeh 31 iyul 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi – hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar