Məhkəmə qərarları › İş №2(104)-310/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-310/2025

05.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-310/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X10, cavabdehlər Cavabdeh2 (o həm də Cavabdeh3 nümayəndəsidir), X4 nümayəndəsi X25, üçüncü şəxs qismində cəlb edilmiş X16, X15, X21 nümayəndəsi X26 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X11, DƏDKR-nin 15 saylı Ərazi İdarəsi publik hüqiqi şəxsi və Tovuz regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş sənədlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1944/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1944/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X6, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə və Cavabdeh5 Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əasasında verilmiş sənədlərin ləğv edilməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1914/2024 saylı qətnaməsinin tamamilə ləğv olunaraq, iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V- 634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 və Cavabdeh3 adına tərtib olunmuş ünvan 1ində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli 18 sentyabr 2017-ci il tarixli çıxarışın, Tovuz Rayon Notariat Kontorunun 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqısatqı müqaviləsinin və onların əsasında verilmiş hüquqların qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2V-313 nömrəli reyestrdə qeydə alnınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması və miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni sonradan adı şəhadətnaməyə qanunsuz yolla əlavə edilmiş Cavabdeh3 qeydinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışın qismən - Cavabdeh3 aid hissədə ertibarsız hesab edilməsi, 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********45 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X5na ünvan 1i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsnin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon Məhkəməsi iddianı tam təmin etmişdir. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il 2(104)-1909/2022 saylı qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Həmçinin Tovuz Rayon Aqrar İslahat Komissiyasımn 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə mərhum X13 və Cavabdeh3 ünvan 1i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X12 payına düşən 0.14 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum X8 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 reyestr nömrəli vərəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmişdir. Həmin torpaq dövlət reyestrində 086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə anasının adına qeydə alınmışdır. X5 2012-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə anasının ölümündən sonra fərdi yaşayış evi tikdirmişdir. Mirası faktiki olaraq qəbul etmişdir. Mərhumdan qalan 0,28 ha torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Hətta anası ilə onun sağlığında birgə təsərüffatda yaşamışlar. Ölümündən sonra da vərəsə kimi anasından qalan mülkü öz mülkü kimi istifadə etmişdir. Bununla bağlı anası Gilas Allahverdiyevanın nəvəsi Cavabdeh3 barəsində kənd icra nümayəndəliyinə ünvanladığı ərizədən də görünür ki, Cavabdeh3 qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmişdir. X7 bu müraciəti onu sübut edir ki, onun əmlakla heç bir bağlılığı yoxdur. Sonradan ona məlum olmuşdur ki, mirasa dair qardaşı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alıb. Halbuki notarius mirasa dair şəhadətnamə verərkən mərhum anasının vərəsələrinin dairəsini müəyyən etməli idi. Buna baxmayaraq həmin mirası o qəbul etmiş və miras tamlıqla onundur. Bunu onunla əsaslandırır ki, qardaşı Cavabdeh2 ümumiyyətlə Tovuz rayonu ilə əlaqəsi yoxdur, 1980-cı ildən Tovuz rayonu ərazisindən çıxmışdır. Bu fakt İcra nümayəndəliyinin arayışında öz təsdiqini tapıb. Anası hətta sağlığında xəstə olduğu müddətində də qardaşı Cavabdeh2 yanına gəlməmişdir. Anasının xəstəliyi ilə bağlı xərclər və digər xidmətləri o göstərmişdir. Anasının sağlığında və vəfatından sonra da miras əmlaka sahibliyi, miras əmlaka dair kommunal xərclər və digər xidmətlər göstərilmişdir. Bundan əlavə anasından qalan miras əmlaka təmir bərpa işləri, əlavə olaraq yeni bir tikili, yəni yaşayış evi tikdirmişdir. Miras kütləsinin həcmini artırmışdır. Hazırda da həmin əmlakda ailəsi ilə nəvələri birlikdə yaşayır. Bütün bu qeyd etdikləri Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində xüsusi olaraq qeyd edilmişdir. Yəni, hazırkı mübahisə əvvəllər məhkəmələr tərəfindən araşdırılmış və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış və hal-hazırda da qanuni qüvvədədir. Bu hal da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini özündə ehtiva edir. X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli 2(102)- 365/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş Gəncə Apelyasiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(104)-1909/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəul edilmiş, mərhum X8 miras qalmış əmlak barəsində 16 mart 2021-ci il tarixli 2V-313 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999cu il tarixli 30 saylı qərarı ilə X22ma və Cavabdeh3 ünvan 1i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X13 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəul edilməsi faktı müəyyən edilmişdir. Bundan əlavə X13 və digər ailə üzvləri Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə ünvan 1i ərazisindən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 05 avqust 1999-cu il tarixli JN-979 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə aralarında ünvan 1ində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə 18 sentyabr 2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz Rayon Notariat Kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və 23 oktyabr 2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0,1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0,055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə 23 oktyabr 2017-ci il tarixli 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasmda X23 adına özgəninkiləşdirilmişdir. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamənin əsası kimi MM-nin 354.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, İddiaçı mübahisə edilən vərəsəlik hüququna dair şəhadətnamənin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Lakin məhkəmə nəzərə almamışdır ki, İddiaçı Notariat Ofisinə müraciət etdikdən sonra xəbərdar olmuşdur. Yəni həmin şəhadətnamənin mövcudluğundan məhkəmənin qətnaməsini notariat ofisinə təqdim etdikdən sonra xəbərdar olmuş və elə həmin vaxtdan da Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Belə ki, 2024-cü il tarixdən məhkəmədə iddia qaldırılıb, məhkəmə bunları heç birini tam obyektiv araşdırmadan müddət ötürüldüyünə görə iddianı təmin etməmişdir. Bununla da məhkəmə yanlış qənaətə gəlmişdir. Belə ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərar və qətnamələri mövcuddur. Burada aydın olur ki, əgər həmin vərəsəlik haqqında şəhadətnamədən, alqı-satqıdan xəbərləri olsa idi, onu da ərizədə qeyd etmək olardı, həmin vaxtı heç bir xəbəri olmayıb. Ancaq məhkəmə işə baxan vaxtı bir tərəfli baxmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, məhkəmə tərəfindən MPM-nin 182-cü maddəsinin tələbləri də pozulmuşdur. Məhkəmə qətnamədə Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsinin mövcud olmasını qeyd etsə də nəticəyə gələrkən həmin qətnaməyə istinad etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən MPM-nin 191.3-cü maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, cavabdehin iddianın etirafına dair ərizəsi də mövcuddur. Belə olan halda məhkəmənin iddia tələbini rədd etməsi bir mənalı olaraq qanun pozuntusudur. Hesab edir ki, məhkəmə işi tam araşdırmayıb, ona görə də qətnamə ləğv olunmalıdı, vərəsəlik haqqında şəhadətnamədən, alqı-saqıdan xəbəri olmamış, məhkəmə heç bir qanunlara əməl etmədən iddiaçının iddiasını təmin etməmişdir. Odur ki hesab edir ki, iddiaçının iddiası tam əsaslı olduğu üçün təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdehlər X11 və Cavabdeh3, üçüncü şəxs qismində cəlb edilmiş X32 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, həmçinin cavabdehlər şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin və Tovuz regional “Asan Xidmət” mərkəzində notariat ofisiin müvafiq surətdə nümayəndəsi, üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilərək Cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq izah etdi ki, mərhum X5nın ünvan 1i ərazisində həyətyanı torpaq sahəsi ilə yanaşı pay torpaq sahəsinin olduğunu bilirdi. Lakin həmin torpaq sahəsindən hələ anasının saqlığından anasının qız nəvəsi X38 (iddiaçının bacısı oğludur) istifadə etdiyinə görə elə zənn edirdi ki, həmin torpaq sahəsini nəvəsi Faiqə elə X12 özü vermişdir. Lakin məhkəmə qətnaməsi əsasında evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyəndə pay torpaq sahəsinin də vərəsəlik əsasında qardaşı - Cavabdeh2 adına sənədləşdirildiyi, daha sonra isə özgəninkiləşdirildiyi ona məlum olmuşdur. Əslində hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi heç də anasına məxsus olmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hazırkı istifadəçilərdən geri almaq istəməsi yox, anasından miras qalmış fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktı müəyyən olunmasına baxmayaraq notariat kontorundan ona vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməməsi ilə bağlıdır. Məhkəmə iclasında Cavabdeh2 (o həm də digər Cavabdeh3 nümayəndəsidir) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, X5ndan miras qalmış istər fərdi yaşayış evinin, istərsə də pay torpaq sahəsinin ½ hissəsi oğlu Cavabdeh3 mülkiyyətində olmuşdur. Yəni həm həyətyanı torpaq sahəsi, həm də pay torpaq sahəsi ½ hissə ilə mərhum X5nın və sonuncunun nəvəsi Cavabdeh3 birgə mülkiyyətində olmuşdur. Mərhum anasından qalmış ½ hissədən ibarət pay torpaq sahəsini miras əmlak kimi qəbul etmiş daha sonra həm Elşən həm də həmin torpaq sahəsini özgəninkiləşdirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X38 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, nənəsi Gilas Allahverdiyeva hələ saqlığında pay torpaq sahəsini istifadə etməsi üçün ona vermişdi. Nənısinin ölümündən sonra da, həmin torpaqdan o, istifadə etməkdə davam vetmiş, 2017-ci ildə isə nənəsinin payı dayısı Fikrətin adıan sənədləşdirilmiş, dayısı Fikrət isə həm öz payını, həm də oğlu Elşənin payından cəmi 0,1371 ha hissəni həyat yoldaşı Ramilə Səfərəliyevanın adına, 0,005 ha hissəsini Ziyad Səfərovun adına alğı-satqı etmişdir. Hazırda da həmin torpaq sahəsinin 0.1371 ha hissəsindən həyat yoldaşı Ramilə Səfərəliyeva ilə birlikdə o istifadə edir. Məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş X30 izahatında göstərdi ki, mərhum anasının ölümündən sonra miras qalmış fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən qardaşı – iddiaçı Müzəffər istifadə etmiş olsa da, pay torpaq sahəsindən bacısı oğlu Faiq istifadə etmişdir. O, özü miras əmlakdan istifadə etməmişdir. Mübahisənin ədalətli həll olunmasını istəyir. Məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş X27 göstərdi ki, Gilas Allahverdiyeva atası Qəzənfərin anası olmuşdur, atası 2010-cu ildə vəfat etmişdir. Nənəsinindən qalmış mirası qəbul etməmişdir. Nənəsindən miras qalmış fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsindən əmisi Müzəffər istifadə etmiş olsa da, pay torpaq sahəsindən bibisi oğlu Faiq istifadə etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi qismən təmin edilməli, Tovuz Rayon Notariat Kontoru tərəfindən Cavabdeh2n adına verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-979 KOD 50303018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X17 və Cavabdeh3 ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0,1921 ha olan kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin bərabər payla mülkiyyətçiləridir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdə ünvan 1ində ölmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 10, mənzil 21-də qeydiyyatda olan oğlu Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalı və şəhadətnamə verilən miras əmlak DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X13 verilmiş seriya nömrəsi JN 979, KOD 50303018 olan dövlət aktına əsasən ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0,1921 ha olan torpaq sahəsinin mərhuma məxsus olan ½ hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX1108709 seriyalı, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanda yerləşən 0,1921 hektar xüsusi mülkiyyət növlü torpaq sahəsi ümumi birgə mülkiyyət kimi Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli, 4Ə-1310 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 adından X14 rayonu, Alakol kəndi ünvanında yerləşən ümumi sahəsi 0,1921 ha olan torpaq sahəsinin 0,055 ha hissəsini X2. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X33 mülkiyyət hüququ ilə ona məxsus olan Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini oğlu olan X29 bağışlamışdır. İş materiallarına əlavə edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X21 xüsusi mülkiyyətidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli, 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 adından X14 rayonu, Alakol kəndi ünvanında yerləşən ümumi sahəsi 0,01371 ha olan torpaq sahəsinin 0,01371 ha hissəsini Cavabdeh4 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən ləğv olunmuş DT və XK tərəfindən X12 və digər ailə üzvünün ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 30 saylı qərarı ilə Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 05 avqust 1999-cu il tarixli, JN : 979 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayonu, Alakoİ kəndində yerləşən 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə reyestrdən çıxarış tərtib edilmişdir. Tovuz rayon Dövlət notariat kontorunda tərəflər arasında bölgü sxemi çəkilmiş və xx.xx.2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.1371 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 adına, yerdə qalan 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixli 4Ə- 1310 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X23 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(062)-454/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, mərhum X8 miras qalmış əmlak barəsində 16 mart 2021- ci il tarixli 2V-313 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarış etibarsız hesab edilmiş, Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X13 və Cavabdeh3 ünvan 1i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X13 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı, yəni onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum anası X3 rayonu Alakol kəndi ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və ünvan 1i ərazisində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin mülkiyyətçisisi olmuş, xx.xx.2012-ci il tarixdə ölmüşdür. X12 Müzəffər, Mədət, Fikrət, Müstəcəb, Güllü, Qəzənfər və Nurəddin adında yeddi övladı olmuşdur ki, onlardan Güllü, Qəzənfər və Nurəddin miras qoyan şəxsdən əvvəl ölmüş, Güllü və Qəzənfərin uşaqları üçüncü şəxs qismində işə cəlb olunmuşlar. X12 ölümündən sonra vərəsələrdən oğlu – İddiaçı ünvan 1i ərazisində yerləşən 0,28 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət mirası faktiki qəbul etməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş, hazırkı məhkəmə iclasında isə X8 miras qalmış ünvan 1i ərazisində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsin həm də miras qoyanın nəvəsi X38 (X20 oğlu) tərəfindən faktiki qəbul edildiyi müəyyən edildi. İş üzrə həm iddiaçı, həm də cavabdeh tərəf mərhum X12 hələ saqlığında ünvan 1i ərazisində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsindəki ½ hissə payını nəvəsi X25 istifadəsinə verdiyini, nənəsinin ölümündən sonra da həmin torpaq sahəsindən X25 istifadə etdiyini, yəni sonuncunun da nənəsi X8 qalmış mirası qəbul etdiyini təsdiq etdilər. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, X5nın ölümündən oğlu Cavabdeh2 mirası faktiki qəbul etmədiyi halda vərəsəlik açıldıqdan beş il sonra notariat orqanına müraciət edərək anasının ünvan 1i ərazisində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsindəki ½ hissə payına xx.xx.2017-ci il tarixli, 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, daha sonra isə mülkiyyət hüququnu təsdiq edən çıxarış alaraq xx.xx.2023-cü il tarixli xx.xx.2017-ci il tarixli 4Ə-1310 və xx.xx.2017-ci il tarixli 4Ə-1311 reyestr nömrəli alqı-satqı müqavilələri ilə vərəsəlik hüququna dair şəhadətnamə əsasında mülkiyyət hüquq əldə etdiyi torpaq sahəsini özgəninkiləşdirmişdir. Həmin vaxtdan da yeni mülkiyyətçilər qeyd olunan torpaq sahəsindən istifadə edirlər. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasladırmışdır ki, iddiaçının mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 13 oktyabr 2017-ci ildə verilmişdir. İddiaçı isə həmin şəhadətnamənin, bunun üzərindən 7 il keçdikdən sonra xəbərdar olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, işdəki məhkəmə qətnamələri vasitəsilə müəyyən edilir ki, iddiaçı belə bir şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatsız olmaya bilməzdi. Birinci instansiya məhkəməsinin gəldyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(104)-1369/2023 saylı qətnaməsi ilə Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə X13 və Cavabdeh3 ünvan 1i ərazisindən verilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı şəhadətnamədə göstərilən 0,28 ha həyətyanı torpaq sahəsinin mərhum X13 məxsus 0,140525 ha hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. İddiaçı anasından qalmış həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etməsi müəyyən olunduğuna görə, onun ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum anasına məxsus hissəsini də qəbul etməsi Mülki Məcəllənin 1243.3-cü maddəsi baxımından mübahisəsizdir. Mübahisəli hal iddiaçının mərhum anasına məxsus torpaq sahəsinin digər şəxslərə özgəninkiləşdirildiyini bildiyi halda onu mübahisələndirməməsi, alıcı şəxslərin isə iddiaçının həmin əmlaka dair hüququnun olduğunu bilməmələridir. Kollegiya hesab edir ki, iddiaçının anasından qalmış mirasın bir hissəsini qəbul etməsi müəyyən olunduğuna görə mirasın digər hissəsini (ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) qəbul etmiş hesab edilir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, Tovuz Rayon Notariat Kontoru tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, beləliklə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Qaldı ki, iddia tələbinin digər hissəsinə kollegiyanın qənaətinə görə alcılar iddiaçının həmin torpaq sahəsinə hüququnun olduğunu bilmədiklərinə görə iddia tələbi qalan hissədə təmin edilməməlidir. Lakin bununla belə iddiaçının mirasdan ona çatacaq hissəsinin pul dəyərini almaq hüququnun olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır və birinci instansiya məhkəməsi həmin iddianı təmin etməməkdə haqlı olmamışdır, odur ki, apellyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasыnın MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-1944/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Notariat Kontoru tərəfindən xx.xx.2012-ci ildə ölmüş X8 qalmış miras əmlak dair oğlu Cavabdeh2 verilmiş 13 oktyabr 2017-ci il tarixli 2V-634 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar