Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-312/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), İddiaçı1 İsa oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Məmmədov Əbülfət Ədil oğlu və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Konturuna qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, eləcə də torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(021)-1421/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Konturuna qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, 20 noyabr 2006-ci il tarixli, 40-İ- 190 saylı alğı-satqı müqaviləsinin və bunun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və Cavabdeh4 Bərdə rayonu Türkmən kəndində yerləşən paylı mülkiyyətdə olan 1,41 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(021)-1421/2020 nömrəli (hakim Ə.Kərimov) qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bərdə rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli 2(104)- 2913/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1421/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli 2(102)-3268/2021 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(104)- 2913/2020 saylı qətnaməsinin iddianın “Cavabdeh2 qarşı xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunması” barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi; Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli 2(104)- 383/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1421/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2022-ci il tarixli 2(102)-4041/2022 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-383/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi; İddianın Cavabdeh2 qarşı xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə yenidən baxılması üçün mülki iş apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, JN-321 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ona və ailə üzvləri Məmmədov Əbülfət Ədil oğlu, X7, X6 və X1 Bərdə rayonu Türkmən kəndi ərazisində 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmşdir. O, 2006-cı ilin aprel ayından 2007-ci ilin noyabr ayına qədər olan müddət ərzində Cəlilabad rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxt atası Məmmədov Əbülfət Ədil oğluna paylı mülkiyyətlərində olan 1,41 ha torpaq sahəsinə onun əvəzindən sərəncam vermək hüququna dair etibarnamə verməmiş, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna getməmiş, habelə hər hansı alğı-satqı müqaviləsinə imza etməmişdir. O bir neçə ildir ki, hərbi xidmətdən qayıtmışdır. Qeyd olunan torpaq sahəsi başqa şəxslərin sahiblik və istifadəsində olduğu üçün öz yaşayışını bərpa edə bilmir. Paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansı səbəbdən Cavabdeh2, hal-hazırda isə Cavabdeh4 istifadəsində olmasını bilməmişdir. Bununla bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi Dövlət notariat Kontorunda bağlanmış 20 noyabr 2006-cı il tarixli 4Ə-1-190 nömrəli müqavilə əsasında Cavabdeh2 satılmış, sonuncu da həmin torpaq sahəsini Cavabdeh4 satmışdır. Necə ola bilər ki, o, heç bir yerə imza etmədiyi halda və heç kimə bununla bağlı etibarnamə vermədiyi halda paylı mülkiyyətlərində olan 1,41 ha pay torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə keçmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 18 fevral 2020-ci il tarixli, **********31 nömrəli məktubdan görünür ki, Məmmədov Əbülfət Ədil oğlu, X7, X6, Məmmədov Əbülfət Ədil oğlu, X7, X6, X4 və İddiaçı1 adlarına Bərdə rayonu, Türkmən kəndində JN-321 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Bərdə rayonu 2 saylı Dövlət Notariat konturunun xx.xx.2006-cı il tarixli, 4-Ə-1-190 saylı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 adına alğı-satqı olunmuşdur. Daşınmaz əmlakın Dövlət Reyestrindən 08 yanvar 2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına çıxarış verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh4 adına qeydiyyata alınmışdır; 25 yanvar 2020-ci il tarixli, **********120 nömrəli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı1 08 aprel 2006 - 05 oktyabr 2007-ci il, 01 mart 2013 – 16 fevral 2015-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir; 20 noyabr 2006-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Məmmədov Əbülfət Ədil oğlu, X7, X6, X4 və İddiaçı1 JN-321, KOD 61015028 dövlət aktına əsasən mülkiyyətlərində olan Bərdə rayonu Türkmən kəndində yerləşən ümumi sahəsi 1,41 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 5.000 manata satmışlar. Alğı-satqı müqaviləsində İddiaçı1 adından Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2006-cı il tarixdə təsdiqlədiyi etibarnamə əsasında onun atası Məmmədov Əbülfət Ədil oğlu imzalamışdır; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsi tərəfindən Məmmədov Əbülfət Ədil oğluna ünvanlanmış 20 fevral 2020-ci il tarixli, 224 nömrəli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon Şöbəsinin arxiv sənədlərində 1988-ci il təvəllüdlü İddiaçı1 barəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək hərbi xidmətə olduğu müddət ərzində xidmət etdiyi hərbi hissədən daxil olmuş etibarnamə qeydə alınmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 4/338 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 4Ə-1-190 nömrəli notariat işinin 6-cı vərəqində (kserosurəti mülki işin 251-ci vərəqində olan) İddiaçı1 adından olan 20 noyabr 2006-cı il tarixli etibarnamədə “İmza:” əlyazması qarşısındakı imza və “/İddiaçı1/” əlyazmaları – İddiaçı1 tərəfidən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlara - yəni Məmmədov Əbülfət Ədil oğlu, X8, X6, X2 və İddiaçı1 Bərdə rayon Türkmən kəndində 1,41 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN- 321 nömrəli dövlət aktı verilmişdir. 2006-2007-ci illərdə Cəlilabad rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdə olduğu vaxt atası Məmmədov Əbülfət Ədil oğlu paylı mülkiyyətlərində olan 1,41 ha torpaq sahəsini onun əvəzindən sərəncamverici hüququnun həyata keçirilməsi ilə bağlı heç bir etibarnamə verməmiş, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Konturuna getməmiş, hər hansı alğı-satqı müqaviləsinə imza etməmişdir. Paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansısa səbəbdən Cavabdeh2, hal-hazırda isə Cavabdeh4 istifadəsində olması ona bildirilmişdir. O, neçə illərdir hərbi xidməti başa vurmuş, lakin paylı mülkiyyətlərində olan torpaq sahəsi başqa şəxslərin sahibliyində və istifadəsində olduğundan öz yaşayışını bərpa edə bilmir. Onun ikinci qazanc yeri yoxdur ki, orada işləyib qazanc əldə etsin. Bərdə Rayon Dövlət Notariat Konturuna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Dövlət Notariat Konturunun xx.xx.2006-cı il tarixli, 4Ə-1-190 saylı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Cavabdeh2 isə həmin torpaq sahəsini Cavabdeh4 satmışdır. Hal-hazırda həmin torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir. O, heç yerə imza etmədiyi və bununla bağlı heç kimə etibarnamə vermədiyi halda paylı mülkiyyətində olan 1,41 ha torpaq sahəsi başqa şəxslərin sahibliyinə, istifadəsinə və mülkiyyətinə verilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Məmmədov Əbülfət Ədil oğlu apellyasiya şikayətini müdafiə etdiyini qeyd edib, əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən onun və digər ailə üzvlərinin mülkiyyətində olan 1,41 ha torpaq sahəsi oğlu İddiaçı1 payı istisna olunmaqla Cavabdeh2 satılmışdır. Həmin vaxt torpağın oğlu Ədilə aid hissəsi satılmamışdır. Lakin, sonradan onlara məlum olmuşdur ki, torpağın oğlu Ədilə aid olan 0,28 ha hissəsi də həmin alqı-satqı zamanı satılıb. Oğlu həmin vaxt “N” saylı hərbi xidmətdə olmuş və oğlu ona öz payının satılması barədə heç bir etibarnamə verməmişdir. Bundan sonra məhkəməyə müraciət etmişlər. Sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısı faktiki olaraq 2004-cü ildə olmuşdur, lakin torpaq sahəsinin sənədləri natamam olduğuna görə alğı-satqı müqaviləsi 2006-cı ildə bağlanmışdır. Atası Cavabdeh2 etibarnamənin saxta və ya qanuni olmasından məlumatı olmamışdır. Həmin vaxt satıcı Əbülfət Məmmədov alqı-satqıya razılıq verib və bu barədə müqavilə bağlanılıb. Alqı-satqı müqaviləsində 1,41 ha torpaq sahəsinin alqı-satqısı göstərilmiş, onlar da bununla razılaşmışlar. Mübahisəli torpaq sahəsi bütövlükdə atasına satılmışdır. Alqı-satqı müqaviləsi qanuvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında nümayəndə X10 vermiş olduğu izahatına əlavəsi olmadığını bildirərək sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 17 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini qeyd edib, əlavə olaraq izahatında bildirdi ki, JN-321 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətəinə veriımiş, Bərdə rayonu, Türkmən kəndində yerləşən 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun ğzünə aid hissəsinin satılmasından narazıdır. Belə ki, onun razılığı olmadan xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən 1,41 ha torpaq sahəsi digər mülkiyyətçilər tərəfindən satılarkən onun payı olan 0,28 ha torpaq sahəsi də satılmışdır. 2006-2007-ci illərdə “N” saylı hərbi xidmətdə olmuşdur. Onun həmin torpaq sahəsinin satılmasından xəbəri olmamışdır. O, hərbi xidmətdə olan zaman torpaq sahəsinin satılması barədə atası İddiaçı1 və digərl şəxlərə onun payının satılması barədə etibarnamə verməmiş və belə bir etibarnaməyə isə imza etməmişdir. Sonradan o, 2020-ci ildə əkinlə məşğul olmaq üçün torpaqla maraqlanan zaman ona məlum olmuşdur ki, alğı-satqı zamanı onun da payı satılmışdır. Ona görə də, işin həqiqi halının müəyyən olunması üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi ilk icraat zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2913/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsini iddianın Cavabdeh2 qarşı xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış və qətnaməni qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kasassiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-383/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın Cavabdeh2 qarşı xx.xx.2006-cı il tarixli, 4Ə-İ- 190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə yenidən baxılması üçün iş apellyasiya instansiyasına göndərilmiş. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin mübahisələndirilən digər hissəsi, yəni alğı-satqı müqaviləsinin əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinin təmin olunmaması ilə bağlı hissəsi artıq yeni apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, kasassiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək öz qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 vicdanlı alıcı hesab olunmalıdır. Belə ki, satıcı və alıcı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan vaxt satıcı həmin torpaq sahəsinin qanuni mülkiyyətiçisi olduğundan və həmin torpaq sahəsinin mülkiyyətində olmasına dair Dövlət Aktı qüvvədə olduğundan, eyni zamanda həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Məhkəmə kollegiyası hazırkı apellyasiya baxışının predmeti olan yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və bu iddia üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdlır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə də deyilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 359-cu maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.3.2-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. 65. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, JN-321 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Məmmədov Əbülfət Ədil oğlu, X7, X6, Məmmədov Əbülfət Ədil oğlu, X7, X6, X4 və İddiaçı1 adlarına Bərdə rayonu, Türkmən kəndində 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 20 noyabr 2006-cı il tarixli, 4-Ə-1-190 saylı Bərdə rayonu 2 saylı Dövlət Notariat konturunda bağlanmış alğısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsi birgə mülkiyyətçilər tərəfindən (İddiaçı1 etibarnamə əsasında digər mülkiyyətçi olan atası Əbülfət Məmmədov təmsil etmişdir) Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsinə dair Cavabdeh2 adına 08 yanvar 2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan sonra isə torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda birgə mülkiyyətçilərdən İddiaçı1 2006-cı ilin aprel ayından 2007-ci ilin noyabr ayına qədər olan müddət ərzində, yəni 20 noyabr 2006-cı il tarixli, 4-Ə-1-190 saylı alqısatqı müqaviləsi bağlananan vaxt Cəlilabad rayonunda sərhəd qoşunlarında hərbi xidmətdə olduğunu, hərbi xidmətdə olduğu vaxt atası Məmmədov Əbülfət Ədil oğluna paylı mülkiyyətlərində olan 1,41 ha torpaq sahəsinə onun əvəzindən sərəncam vermək hüququna dair etibarnamə vermədiyini, həmin torpaq sahəsi ilə bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna getmədiyini, habelə hər hansı alğı-satqı müqaviləsinə imza etmədiyini, paylı mülkiyyətlərində olan torpaq sahəsinin hansı səbəbdən Cavabdeh2, hal-hazırda isə Cavabdeh4 istifadəsində olmasını bilmədiyini, bununla bağlı Bərdə rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdə həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıldığını, sonuncunun da həmin torpaq sahəsini Cavabdeh4 satdığını öyrəndiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı iddia tələbinin 20 noyabr 2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq hazırkı apellyasiya baxışı zamanı Bərdə rayon Hərbi Komissarlığı tərəfindən 20 noyabr 2006-cı il tarixdə təsdiqlənmiş etibarnamədəki imza və imzanın qarşısındakı “İddiaçı1Ə” yazısının İddiaçı1 tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli 4/338 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 4Ə-1-190 nömrəli notariat işinin 6-cı vərəqində (kserosurəti mülki işin 251-ci vərəqində olan) İddiaçı1 adından olan 20 noyabr 2006-cı il tarixli etibarnamədə “İmza:” əlyazması qarşısındakı imza və “/İddiaçı1/” əlyazmaları – İddiaçı1 tərəfidən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Müəyyən olunur ki, həqiqətən də Bərdə rayonu Türkmən kəndində yerləşən 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 20 noyabr 2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsində göstərilmiş Bərdə rayon Hərbi Komissarlığı tərəfindən təsdiqlənmiş etibarnamədəki imza İddiaçı1 tərəfindən icra edilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi bağlanarkən birgə mülkiyyətçi İddiaçı1 nə özü, nə də səlahiyyətli nüməyəndəsi alqı-satqı müqaviləsini imza etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı qeyd edir ki, birinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının 05 noyabr 2020-ci il tarixdə keçirilmiş iclasında İddiaçı1 sədrlik edənin sualına cavab olaraq 2009-2010-cu illərdə atasının ona məxsus torpaq sahəsini satdığını bildirmişdir. Göründüyü kimi İddiaçı1 2009-2010-cu illərdə məlumatlı olmuşdur ki, mübahisəli torpaq sahəsinin ona məxsus hissəsi satılmışdır. Buna baxmayaraq, sonuncu ötən 10 il müddət ərzində alqı-satqını mübahisələndirməmişdir. İşin qeyd olunan halı isə onu deməyə əsas verir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı1 səlahiyyəti olmayan şəxs tərəfindən təmsil edilsə də, o əqdin mövcudluğu barədə məlumatlı olduğu halda onu mübahisələndirməmiş və beləliklə əqdin onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 3 mart 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında da qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya iddiaçının 17 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında izahatında göstərdiyi “sonradan o, 2020-ci ildə əkinlə məşğul olmaq üçün torpaqla maraqlanan zaman ona məlum olmuşdur ki, alğı-satqı zamanı onun da payı satılmışdır.” xüsusatla bağlı qeyd ki, iddiaçının hazırkı müqaviləni mübahisələndirməsi üçün əsas verən halları 2020-ci ildə öyrənmiş olması inandırıcı hesab edilə bilməz. Ona görə ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərdən biridə ondan ibarət olmuşdur ki, “o, neçə illərdir hərbi xidməti başa vurmuş, lakin paylı mülkiyyətlərində olan torpaq sahəsi başqa şəxslərin sahibliyində və istifadəsində olduğundan öz yaşayışını bərpa edə bilmir.” Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi bu dəlili onun, mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasından daha da əvvəldən məlumatlı olmasına dəlalət edir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 həmin müqavilə üzrə vicdanlı tərəf olmaqla onun müqavilənin etibarsızlığına əsas verə biləcək hər hansı davranışı müəyyən edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tələbini təmin etməməkdə haqlı olmuşdur və belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin yoxlanılan hissədə ləğvi üçün hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı1 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(021)-1421/2020 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan yoxlanılan, yəni “iddia tələbinin xx.xx.2006-cı il tarixli, 4Ə-İ-190 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat İddiaçı1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-312/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-312/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver