Məhkəmə qərarları › İş №2(104)-344/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-344/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-344/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1644/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1 Cavabdeh1 qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, Ağdam rayon Məhkəməsinin 2(013)-1262/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 25 may 2018-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 110 manat alimentin miqdarının artırılmaqla hər ay 193 manat alimentin müəyyən edilməsinə və mediasiya xidməti üçün ödənilmiş 60 manat vəsaitin Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1644/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilmiş, 25 may 2018-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağdam rayon Məhkəməsinin 2(013)-1262/2019 saylı, 18 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 alınaraq İddiaçı1 xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin 2(013)- 1262/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə onun arasıda bağlanmış nikahın pozulması, 25 may 2018-ci təvəllüdlü X1 onun yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 110 manat alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Hazırda həmin məbləğdə aliment uşaqların maddi ehtiyaclarına kifayət etmir. Ona görə də alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 193 manat müəyyən edilməlidir. Mülki iş materiallarında olan: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 186 saylı Arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Zümürxan kəndində yaşayır. AZ-İV № 129127 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nuran Muradsoy xx.xx.2018-ci ildə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçı1dır AZ-İ № 336774 nömrəli Nikahın pozulması haqqında şəhədatnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Ağdam rayon Məhkəməsinin 2(013)-1262/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasıda xx.xx.2017-ci ildə Bərdə Regional “Asan Xidmət” Qeydiyyat Şöbəsində 558 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci təvəllüdlü Nuran adlı uşağın anası İddiaçı1 yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 110 manat alimentin alınaraq cavabdeh İddiaçı1 verilməsi qət olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə onun iştirakı olmadan baxılmış, məhkəmə qətnaməsi ona göndərilməmişdir. Bundan əlavə Ağdam köçkün orta məktəbində müəllim işləyir və 470 manat əmək haqqı alır. Yenidən ailə qurduğundan və anası xəstə olduğundan əmək haqqısı kifayət etmir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 1 uşağı anadan olmuşdur. Həmin uşaq hazırda iddiaçının himayəsindədir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü Nuran adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay uşağa görə 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ azyaşlı Nuranın saxlanılması üçün kifayət etmir və iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün cavabdehdən tutulan 110 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay uşağa 150 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay uşağa 150 manat müəyyən edilməsini əsaslı və qanuni sayır. Apellyatorun “himayəsində xəstə anası olması, yenidən ailə həyatı qurması və maddi vəziyyətinin aşağı olması” barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdeh1 apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasını göstərsə də, kollegiya bu dəlili əsassız sayır. Çünki, iş materiallarından olan xəbərnamədən görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, xx.xx.2022-ci il tarixə saat 09:35-ə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş, xx.xx.2022-ci il tarixə saat 10:40-a təyin edilmiş məhkəmə baxışının iclası barədə bildirişə imza etməklə qəbul etmiş və məhkəmə iclası barədə xəbardar olmuşdur. Həmçinin, apellyator birinci instansiya məhkəməsinə teleqram ünvanlayaraq, tələbə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, maddi vəziyyətinin nəzərə alınıb iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya göstərir ki, Cavabdeh1 göstərdikləri dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və qətnamə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 480 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1644/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar