Məhkəmə qərarları › İş №2(104)-344/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-344/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-344/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: birdəfəlik ödənilmiş alimentin qaytarılması; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(125)-3143/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-T 194221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin bircə nikahlarından xx.xx.2014-cü ildə X3 anadan olmuşdur; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)-2337/2020 nömrəli mülki iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş:

2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Bayramova Nərmin Nərmayıl qızı arasında Gəncə nikah evində xx.xx.2013-cü il tarixdə 137 akt qeydi ilə bağlanılmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 Bayramova Nərmin Nərmayıl qızının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Bayramova Nərmin Nərmayıl qızına verilməsi qət edilmişdir;

3. Sumqayıt şəhəri 1 saylı notariat ofisində 8İ-8563 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən müəyyən edilmişdir ki, Bayramova Nərmin Nərmayıl qızı xx.xx.2014-cü il tarixində anadan olmuş azyaşlı oğlu X2 dair atası İddiaçı tərəfindən dekabr ayına kimi ödəməli olduğu aliment borcunun tam şəkildə ödənildiyini, İddiaçı ilə barışdıqlarına görə alimentlə bağlı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir;

4. Sumqayıt şəhəri 4 saylı notariat ofisində 8İ-2094 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən müəyyən edilmişdir ki, Bayramova Nərmin Nərmayıl qızı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına kimi təyin olunmuş alimentin tam ödənildiyini, İddiaçı qarşı heç bir şikayəti olmadığını göstərmişdir;

5. Sumqayıt şəhəri üzrə icra idarəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş xx.xx.2020- ci il tarixli ərizənin surətindən müəyyən edilmişdir ki, Bayramova Nərmin Nərmayıl qızı borclu İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın 18 yaşı daxil olmaqla alimenti tam ödədiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir;

6. Bayramova Nərmin Nərmayıl qızı tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə ünvanlanmış ərizədən müəyyən edilmişdir ki, Bayramova Nərmin Nərmayıl qızı ərizəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixində İddiaçı aralarında razılaşmalarına əsasən 40000 (qırx min) manat məbləği birdəfəlik X1 18 yaşı tamam olanadək artıqlaması ilə ödəmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən X1 18 yaşı tamam olanadək ödəniş hər ay 200 manat nəzərdə tutulmaqla 28800 manat təşkil edir. İddiaçı isə razılaşmalarına əsasən gələcəkdə aliment artımının, inflyasiya və digər səbəbləri nəzərə alaraq artıqlaması ilə 40000 manat birdəfəlik xx.xx.2019-cu il tarixdə ödəniş etmiş və artıq ödənilən 11200 manat məbləği heç bir zaman ondan tələb etmək hüququ olmayacaqdır. Buna görə də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2372/2019 nömrəli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir;

7. Sumqayıt şəhəri üzrə icra idarəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir;

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-162/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bayramova Nərmin Nərmayıl qızına qarşı uşağın atasının himayəsinə verilməsi tələbinə dair iddiası təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 atası İddiaçı yanında qalması qət edilmişdir;

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 1018/2023 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-162/2023 nömrəli qətnaməsindən cavabdeh Bayramova Nərmin Nərmayıl qızı tərəfindən verilmiş apellyasiya təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)- 162/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3798/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1018/2023 nömrəli qətnaməsindən cavabdeh Bayramova Nərmin Nərmayıl qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1018/2023 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır;

11. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 saylı icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə icra idarəsində başlanılmış icraat zamanı uşağa yetkinlik yaşına çatanadək ödənilməli olan aliment məbləğinin tamlıqla tələbkarın xeyrinə ödənildiyi, eləcə də tələbkarın müvafiq ərizəsi nəzərə alınmaqla, “İcra Haqqında” Qanunun 20.1.5-ci maddəsinə uyğun olaraq icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından xx.xx.2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün onun tərəfindən ödənilmiş pulun xərclənməmiş 31382 manat pul məbləğini birdəfəlik xx.xx.2014-cü il təvəllüdlü X1 mövcud, yaxud yeni açılacaq bank hesabına ödənilməsini və yaxud da, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək İddiaçı himayəsində olduğu dövrdə hər ay 313,82 manat pul məbləğinin cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Namazova (Bayramova) Nərmin Nərmayıl qızından X1 yetkinlik yaşına çatanadək onun tərəfindən ödənilmiş 40000 manat nəgd pulun xərclənməmiş hissəsi 31382 manat pulun cavabdehdən tutularaq Bağırzadə Elnurun hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə nikahlarını xx.xx.2013-cü il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar, birgə nikahlarından 04 avqust 2014-cü il təvəllüdlü Elnur adlı uşaqları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 2372/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 04 avqust 2014-cü il təvəllüdlü Elnurun anası Namazova (Bayramova) Nərmin Nərmayıl qızının yanında qalması və 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit məbləğində alimentin tutularaq Bayramova Nərmin Nərmayıl qızına verilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Onun tərəfindən övladı 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat hesablanmaqla 28800 manat pul etməsinə baxmayaraq, qarşı tərəf Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə qarşılıqlı razılaşmalarına əsasən gələcəkdə inflyasiyanı nəzərə almaqla 40000 manat pul ödənilmişdir. Buna görə də Sumqayıt şəhəri üzrə icra idarəsi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(043)-2372/2019 saylı icra sənədi üzrə işin icraatına xitam vermişdir. Namazova (Bayramova) Nərmin Nərmayıl qızı 2020-ci ildə yenidən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə onun SOCAR-da işlədiyini və əməkhaqqının yüksək olmasını (2500 manat) əsas gətirərək icra orqanının icra sənədi üzrə icraata xitam qərarının ləğv olunaraq, 04 avqust 2014-cü il təvəllüdlü Elnur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-2337/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bununla belə bildirir ki, Elnur adlı uşaq xx.xx.2023-cü il tarixdən onun himayəsindədir və Sumqayıt şəhərində təhsil alır. Cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızı ilə xx.xx.2019-cu il tarixdə aralarında olan nikah pozulduqda 04 avqust 2014-cü il təvəllüdlü Elnurun 6 yaşı olmuşdur. 04 avqust 2014-cü il təvəllüdlü Elnurun yetkinlik yaşına çatması üçün 12 il, yəni 144 ay üçün hər aya görə 200 manat olmaqıa, cəmi 28800 manat sabit məbləğdə aliment hesablanmışdır. Onun tərəfindən isə Elnurun yetkinlik yaşına çatması üçün cavabdehə 144 ay üçün hər aya görə 278 manat olmaqla, cəmi 40000 manat hər aya 278 manat pul ödənilmişdir. Elnur cavabdeh Namazova (Bayramova) Nərmin Nərmayıl qızının himayəsində 31 ay olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2372/2019 nömrəli qətnaməsində sabit pul məbləğini Elnurun yetkinlik yaşına çatanədək saxlanması üçün nəzərə alaraq qətnamə çıxarmışdır. X3 xx.xx.2023-cü il tarixinədək Cavabdeh himayəsində olmuşdur. Elnurun baxılması üçün aliment xx.xx.2023-cü il tarixinədək 8618 manat təşkil edir .Cavabdehə ödənilmiş 40000 manatdan Elnurun cavabdehin himayəsində olduğu dövrü çıxdıqda 31382 manat qalır.

15. Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(125)-3143/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Cavabdeh 31382 (otuz bir min üç yüz səksən iki) manat pul alınaraq xx.xx.2014-cü il təvəllüdlü X1 bank hesabına ödənilməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icra orqanında qeydə alınmış vidео görüntüdən görünür ki, iddiаçı ilə cаvаbdеh аrаsındа аlimеntin ödənilməsi ilə bаğlı mübаhisə gеdir və əgər həmin аlimеnt borcu iddiаçı tərəfindən ödənilmişdirsə həmin аlimеntin ödənilməsinə dаir qəbz nə icrаçı tərəfindən аlınmаmış nə də ki, nоtаriаt оrqаnı həmin ərizənin cаvаbdеh tərəfindən yаzılmаsı zаmаnı nə nоtаriаt оrqаnının dеpоzitinə qoyulmаmışdır. Məhkəmə iclаsındа dа cаvаbdеh iddiаçının оnlаrın аilə münаsibətləri pоzulduqdаn sоnrа оnunlа bаrışdığını və bаrışıq müddətində cаvаbdеhi bu fоrmаdа inаndırmаqlа ərizə yаzdırdığını və icra orqanı tərəfindənicra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edildikdən sonra onunla ailə münаsibətlərini kəsərək aparıb аtаsı еvinə qаytаrdığını bildirmişdir. İddiаçının bu cür çirkin niyyəti işin hаllаrı ilə öz təsdiqini tаpır. Həmçinin, iddiа tələbi üzrə istinаd еdilən Аilə Məcəlləsinin 109-cu mаddəsində göstərilən əsаslаrın hеç biri hazırkı iş üzrə müəyyən еdilmədiyi təqdirdə məhkəmənin аlimеnti gеri qаytаrmаsı ilə bаğlı gəldiyi nəticə qаnuni əsаsdаn çıхış еtmir və mаddi hüquq nоrmаsındа хərclənməmiş аlimеntin gеri qаytаrılmаsınа dаir əsаs müəyyən еdilməmişdir. О, cümlədən tərəflər аrаsındа оlаn münаsibət dаvаm еdən hüquq münаsibətidir və bu münаsibət ərzində bеlə çıхır ki, uşаq yеnidən аnаyа, sоnrа yеnidən аtаyа vеrildiyi təqdirdə tərəflər hər dəfə məhkəmədə iddiа tələbi оlаrаq məhkəmənin vахtını аlаcаqlаr. Həmçinin, cаvаbdеh tərəfindən uşаğın sахlаnmаsı ilə bаğlı Sumqаyıt Şəhər Məhkəməsinin qərаrdаdı ilə hər аy 200 mаnаt məbləğində аlimеnt tutulur və ödənilir, bахmаyаrаq ki, iddiаçı hər аy hаzırdа 7000 mаnаt əməkhаqqı аlır. İcra orqanının icra sənədi üzrə icraata xitam verilməsi barədə qərаrının mübаhisələndirilməməsi ilə bаğlı qеyd edir ki, həmin qərаrı iddiаçı аldаdаrаq imzа еtdirdiyindən məhkəmə tərəfindən həmin qərаrın mübаhisələndirilməsi üzrə müddətin kеçməsinə münаsibətdə şiкаyət təmin еdilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı apellyasiya şikayətinə etiraz verərək iddia tələbinin faktiki əsaslandırıldığı hallara istinad etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə nikahları pozulsa da, lakin sonradan barışıb ailə münasibətlərini faktiki bərpa etmişlər. Ancaq, yenidən nikaha daxil olmamışlar. İddiaçı tərəfindən ona birdəfəlik 40000 manat aliment ödənilməmişdir. Həmin ərizəni iddiaçının təkidi ilə yazmışdır. Belə ki, iddiaçı ona «işdə mənə problem olur, bu cür ərizə yaz, canım qurtarsın» deyə bildirmişdir. Ona görə də notariat ofisinə guya iddiaçının birdəfəlik 40000 manat aliment ödəməsi barədə formal ərizə vermişdir. İddiaçı onu aldadaraq guya birdəfəlik 40000 manat aliment ödəməsi barədə formal ərizə yazdırmışdır. Heç ağlına da gəlməzdi ki, iddiaçını sonradan onu məhkəməyə müraciət edib həmin məbləği geri tələb edə bilər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ona cəmi 2 ay müddətə aliment ödəmişdir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş 04 avqust 2014-cü il təvəllüdlü Elnur xx.xx.2022-ci il tarixdən iddiaçının himayəsində olmuşdur. Çünki, başqa şəxslə nikaha daxil olaraq ailə qurmuş, ona görə də azyaşlı uşaq atası İddiaçı himayəsində qalmaq istəmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulsa da, lakin sonradan onlar ailə münasibətlərini faktiki bərpa etmişlər. Qanunvericilikdə alimentin birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Ancaq, iddiaçı tərəfindən cavabdehə birdəfəlik 40000 manat aliment ödənilməmişdir. Cavabdeh iddiaçının təkidləri nəticəsində guya iddiaçının ona birdəfəlik 40000 manat aliment ödəməsi barədə notarial qaydada ərizə vermişdir. Həmin vəsaitin cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Halbuki, aliment birdəfəlik ödənildikdə icra məmuru bu barədə zəruri sənədləşdirmə aparır, hazırkı işdə isə isə belə bir sənədləşmə aparılmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, birdəfəlik ödənilmiş 40000 manat vəsait cavabdehə aid deyildir. Həmin vəsait azyaşlı övladlarına məxsusdur. Nə qədər ki, məhkəmə qətnaməsinə əsasən övladları onun himayəsinə verilmişdir. Bir dəfəlik ödənilən 40000 manat pulun uşağın cavabdehin yanında olduğu müddət nəzərə alınaraq çıxılmalı və yerdə qalan məbləğ ona qaytarılmalıdır. Çünki həmin aliment pulunun cavabdehdə qalmasının heç bir hüquqi əsası yoxdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, Elnur adlı uşaq xx.xx.2022-ci il tarixdən onun himayəsindədir. Həmin gün uşaq məktəbdən çıxıb onunla birlikdə evə getmiş və anasının yanına getməyəcəyini söyləmişdir. 04 avqust 2014-cü il təvəllüdlü Elnur hazırda Sumqayıt şəhərində onunla birlikdə yaşayır. 2019-cu ilin avqust ayından başlayaraq ondan cavabdehin xeyrinə aliment tutulmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şilayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

23. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Maddə 111.2. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

28. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından 04 avqust 2014-cü il təvəllüdlü Elnur adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı uşaq ana Cavabdeh himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata İddiaçı hər ay 200 manat sabit məbləğdə aliment tutularaq anaya ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmişdir. İcra sənədi üzrə borclu (ata) İddiaçı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar (ana) Cavabdeh birdəfəlik 40000 manat aliment ödəmişdir. Lakin, ana Cavabdeh başqa şəxslə nikaha daxil olduğuna görə xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı uşaq onunla birlikdə yaşamaq istəməmiş və xx.xx.2022-ci il tarixdən atası İddiaçı yanına qayıtmışdır. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 162/2023 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı uşağın ata İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Ona görə də İddiaçı Elnur adlı uşağın cavabdehin himayəsində olduğu dövr çıxılmaqla ödənilmiş 40000 manatın qalıq hissəsinin ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

42. Məhkəmə kollegiyası işin hallarını nəzərdən keçirirək qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə mülki qnaunvericiliyin əsassız varlanmaya dair müddəaları əsasında hüquqi qiymət verilməlidir.

43. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlanan əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

44. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

45. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur və.s.

46. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı uşaq ana Cavabdeh himayəsinə verilmiş, həmçinin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata İddiaçı hər ay 200 manat sabit məbləğdə aliment tutularaq anaya ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmişdir. İcra sənədi üzrə borclu (ata) İddiaçı azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tələbkar (ana) Cavabdeh birdəfəlik 40000 manat aliment ödəmişdir. Aliment tutulmasına başlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (31 ay) azyaşlı uşaq cavabdeh (ana) Cavabdeh himayəsində olmuşdur. Bundan sonra azyaşlı uşaq xx.xx.2022-ci il tarixdən atası İddiaçı yanına qayıtmışdır. Daha sonra isə məhkəmə qətnaməsi əsasında azyaşlı uşaq ata İddiaçı himayəsinə verilmiş və həmin valideynlə birlikdə yaşamışdır.

47. İşin şərh olunan hallarını ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü Elnur adlı uşağın yetkinlik yaşına çatanadək anası Cavabdeh himayəsində qalacağını güman edərək sonuncuya 40000 manat alimenti birdəfəlik ödəmişdir. Lakin, azyaşlı uşaq xx.xx.2022-ci il tarixdən atası İddiaçı yanında yaşamağa başlamış, daha sonra da məhkəmə qətnaməsinə əsasən atasının himayəsinə verilmişdir. Belə olan təqdirdə, cavabdeh iddiaçı tərəfindən ödənilmiş alimentin artıq qalan məbləğini, yəni uşağın iddiaçının himayəsinə qayıtdığı tarixdən sonrakı dövr üzrə nəzərdə tutulmuş (40000-31 x 200=33800) aliment vəsaitini qaytarmamışdır ki, bununlada cavabdeh hər hansı hüquqi əsas olmadan həmin vəsaiti özündə saxlamaqla iddiaçının hesabına əsassız varlanmışdır.

48. Cavabdeh 40000 manat aliment vəsaitinin iddiaçı tərəfindən birdəfəlik ona ödənilməməsi barədə arqumentlər irəli sürsə də, lakin işdəki sənədlərlə bu hal təkzib edilmişdir.

49. Belə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisində 8İ-8563 reyestr nömrə ilə təsdiq edilmiş ərizə verərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş azyaşlı oğlu X2 dair atası İddiaçı tərəfindən dekabr ayına kimi ödəməli olduğu aliment borcunun tam şəkildə ödənildiyini, İddiaçı ilə barışdıqlarına görə alimentlə bağlı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir.

50. Daha sonra, Cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli 8İ-2094 reyestr nömrə ilə təsdiq edilmiş ərizə verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2372/2019 nömrəli icra vərəqəsinə əsasən İddiaçı tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşına kimi təyin olunmuş alimentin tam ödənildiyini, İddiaçı qarşı heç bir şikayəti olmadığını göstərmişdir. Eyni zamanda, Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə də ərizə verərək, borclu İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın 18 yaşı daxil olmaqla alimenti tam ödədiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2372/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Cavabdeh icra orqanına təqdim etdiyi digər ərizədə isə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə aralarındakı razılaşmaya əsasən sonuncu 40000 (qırx min) manat məbləği birdəfəlik X1 18 yaşı tamam olanadək artıqlaması ilə ödəmişdir. xx.xx.2020-ci il tarixdən X1 18 yaşı tamam olanadək ödəniş hər ay 200 manat nəzərdə tutulmaqla 28800 manat təşkil edir. İddiaçı isə razılaşmalarına əsasən gələcəkdə aliment artımının, inflyasiya və digər səbəbləri nəzərə alaraq artıqlaması ilə 40000 manat birdəfəlik xx.xx.2019-cu il tarixdə ödəniş etmiş və artıq ödənilən 11200 manat məbləği heç bir zaman ondan tələb etmək hüququ olmayacaqdır. Buna görə də Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2372/2019 nömrəli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

51. «40000 manat alimentin birdəfəlik ödənilməsinə dair ərizə verməsinə iddiaçı tərəfindən məcbur edilmişdir» barədə cavabdehin arqumentləri də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə cavabdeh tərəfindən bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, Sumqayıt şəhəri üzrə icra idarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verildikdən sonra icra sənədi üzrə tələbkar Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. O, yenidən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 2337/2020 nömrəli qətnaməsi ilə cavabdehin (hazırkı iddia üzrə İddiaçı) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artıqlaması ilə və vaxtından əvvəl birdəfəlik ödəmə şəklində ödədiyi müəyyən edildiyi üçün iddia təmin edilməmişdir.

52. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 31382 manat vəsait tələb etmişdir. Mülki prosessual qanunvericiliyə görə də, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3). Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Ona görə də tələb həddində cavabdehdən iddiaçının xeyrinə 31382 manat vəsait tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

53. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2024-cü il tarixli 2(125)-3143/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar